Məhkəmə qərarları › İş №2(011)-30/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-30/2023

24.02.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-30/2023 24.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi Əhmədova Təranə Rafiq qızının katibliyi İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanında yerləşən rəsmi və faktiki yaşayış yeri olan özbaşına tikilidə istifadə etdiyi mənzilə daxil olmasına, faktiki istifadə etməsinə süni maneələr törədilməsinin cavabdehə qadağan edilməsi və iddiaçının ünvan 1 ünvanında yerləşən sahibliyində olmuş rəsmi və faktiki yaşayış yeri olan özbaşına tikilidə yerləşən mənzilə köçürülməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə 1991-ci ildə faktiki nigaha daxil olmuş. faktiki nigahdan_1992, 1994 və 1996-cı təvəllüdlü 2 qızı və 1 oğlu dünyaya gəlmişdir. Ailə münasibətləri yarandığı ərəfədə cavabdeh 0,3 ha torpaq sahəsi alıb 1992-ci ildən istifadə edir. Orada özünə bir balaca daxma tikib son dövrlərdə yəni, 15 ildən artıq müddətdə mütamadi orada yaşayır. İddiaçı hərdən bir qeydiyyatda olduğu ünvandakı evdə də gəlib yaşayır. Lakin, evləri iddiaçı kirayə verdikdən sonra müvəqqəti olaraq ünvan 2 ünvanında yerləşən X1 məxsus mənzildə müvəqqəti olaraq yaşayır. Bir qızı və bir nəvəsi onun yanında yaşayırlar. Bir aya yaxındır ki, oğlunu da Rusyaya bacısının yanına işləməyə göndərmişdir. Lakin, 15 günə yaxındır ki, cavabdehlə faktiki ailə münasibətləri pozulmuş iddiaçının çox yaxın ailə münasibətində olduğu qadının 19 yaşlı oğlu ilə əxlaqsızlıq hərəkətlər etməyiylə bağlı ehtimallar edərək münaqişələr yaradır. Ona görə bu yaşında iddiaçıya bu adı vurduğuna görə o bu cavabdehlə bütün münasibətlərinə son qoymuş, o isə öz növbəsində NZS-də onun evində saxladığı kirayənişinlərə göstəriş verib ki, pulları ona versinlər. Mənzilin mülkiyyətçisi iddiaçı olmasa da mülkiyyətçinin razılığı əsasında həmin mənzildən istifadə edir. Mənzil yalnız iddiaçının istifadəsinə verilmişdir. Digər şəxslər yalnız onun razılığıyla həmin mənzildən istifadə edə bilərlər. İddiaçı isə öz narazılığını bildirərək cavabdehin hüquqi vəziyyətini diqqətinə çatdırmışdır. Evin giriş qapısının açarlarını dəyişməyinə baxmayaraq qızı "'ürəyi yumşaqlıq edib" atasını mənzilə buraxır. Əslində qızı da bu iş üzrə bu və digər formada cavabdehlik məsuliyyətini daşıyır. Lakin, qızına qarşı hələlik belə bir iddia qaldırmaq niyyəti yoxdur. Nəvəsinin 6 yaşı var, nəvəsinə də ölən qızının qızı digər nəvəsi baxır. Cavabdeh öz qanunsuz hərəkətləri ilə mənzilə daxil olmağına süni maneələr yaradır, eyni zamanda iddiaçı ilə razılaşdırıb mənzilə kirayənişin buraxdığı şəxslərə göstəriş verib ki, pul ödənişləri iddiaçıya edilməsinə qadağa qoyur. Ona görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək ünvan 3 ünvanında yerləşən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2-2114/2005-ci il tarixli qətnaməsi, Apellyasiya Məhkəməsinin 1MK-854/2006 saylı qərardadı, Apellyasiya Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 1MK-1041/2007 saylı qətnaməsində təsvir olunmuş özbaşına tikilidə mənzil kimi istifadə etdiyi yaşayış və torpaq sahəsinə daxil olmağına, faktiki istifadə etməyinə və süni maneələr törətməsinin qadağan edilməsi , iddiaçının Bakı şəhəri, Xətai rayonu, Aşıq Qurban küçəsində 640 kv.m torpaq sahəsində 25/19A ünvanında yerləşən, sahibliyində olmuş rəsmi və faktiki yaşayış yeri olan özbaşına tikilidə yerləşən mənzilə köçürülməyi, Cavabdeh qaz və işıq xətlərinə müdaxilə etməsinin qadağan olunması, yerli baxış zamanı verdiyi izahatların və qapı üzərində həqiqətə uyğun olmayan ünvan məlumatlarının qanunsuz hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddiaya etiraz edərək rədd edilməsini xahiş etmişdir. O, verdiyi ifadəsində bildirmişdir ki, İddiaçı gəlin gələn zaman 16 yaşı var idi, 16 yaşlı qızın onların ata yurdunda 3 yataq otağı, 1 mətbəx, 1 dəhliz tikmə ehtimalı mümkün deyil. İddiaçıya verilən sənədlər saxta sənədlərə əsaslanmışdır. İddiaçının həmin evlərin tikilməsində iştirak etməyib. Çünki iddiaçı cəmi 2 ay kolba sexində, son 1 il isə “Medical Plazada” çalışmışdır, əlavə gəlir yeri olmamışdır. Cavabdeh qeyd edir ki, İddiaçı tərəfindən təqdim edilmiş qətnamələrin əslində Xətai rayonu, Aşıq Qurban küçəsində yerləşən 16,0 kv.m. yaşayış otağı, 18,0 kv.m. yaşayış otağı, 6,25 kv.m. mətbəx, 5,0 kv.m. dəhliz, 16,5 kv.m. yaşayış otağı, və həyətdən ibarət tikili ilə bağlı çıxarıldığını, iddiaçının evlərin heç birinin tikintisidə iştirak etmədəyini bildirmişdir. Məhkəmə tərəflərin izahatını və mülki iş üzrə təqdim edilmiş sübutları araşdıraraq belə qənaətə gəlir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Azəriqaz” İstehsalat Birliyinin abonent saldosundan görünür ki, saldo Bakı şəhəri, ünvan 6 ünvanı üzrə İddiaçı adına olmaqla 2010-cu ildən hazırki, dövrə qədər müddəti əhatə edir. İş materiallarında olan "xxxx" ASC-nin Xətai Rayon Su Kanal İdarəsinin hesab fakturasından görünür ki, abonentin adı İddiaçı, ünvanı-ev 25, müqavilə nömrəsi 15749923, xx.xx.2021-ci ilə qalıq borc 511 manat 22 qəpikdir. İş materiallarında olan "xxxx" ASC-nin abonent kartoçkasının surətindən görünür ki, sayğac İddiaçı adına olmaqla Xətai, NZS A.Qurban,ev (bina) 0025,mənzil 0600 ünvanında xx.xx.2008-ci il tarixdən qeydiyyata alınmışdır, 2008-ci ildən xx.xx.2021-ci ilə qədər dövrü əhatə edir, borc isə 23,58 manat təşkil edir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2-2114/2005-ci il tarixli qətnaməsini surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Aşıq urban küçəsi 25/19 A saylı evə və evin yerləşdiyi 640 kv.m torpaq sahəsinə mülkiyyət hüququ müəyən edilmiş, Bakı şəhəri, Xətai rayonu, Aşıq Qurban küçəsi 25/19 A saylı evə dair İddiaçı adına qeydiyyat vəsiqəsinin verilməsi Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə tapşırılması və Bakı şəhəri, Xətai rayonu, Aşıq urban küçəsi 25/19 A saylı evin yerləşdiyi 640 kv.m torpaq sahəsinə dair İddiaçı adına şəhadətnamə verilməsi vəzifəsinin Azərbaycan Respublikası Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsinə həvalə edilməsi qət edilmişdir. Həmin qətnamədə şahid qismində iştirak etmiş hazırki iş üzrə Cavabdeh verdiyi ifadəsində bildirmişdir ki, İddiaçı 1988-ci ildən məlum hadisələr ilə əlaqədar Ermənistan Respublikasının Quqark rayonu, Arçut kəndindən qaçqın düşərək ünvan 8 ünvanında pasport qeydiyyatında olmağına baxmayaraq faktiki olaraq 1990-cı ildən Bakı şəhəri, Xətai rayonu, Aşıq urban küçəsi 25/19 A saylı saylı özbaşına tikilmiş evdə yaşayır. Həmin qətnamədə müəyyən edilmişdir ki, İddiaçı ünvan 9 saylı 3 yaşayış otağından ibarət evi özbaşına tikmiş və ailə üzvləri ilə yaşayır. İstifadəsində 640 kv.m torpaq sahəsi vardır. ünvan 10in yanında X2 məxsus olan 3 otaqdan ibarət özbaşına tikilmiş 25/19 saylı ev də vardır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 1MK-854/2006 saylı qərardadının surətindən görünür ki, İddiaçı müvafiq sənədləşmə aparmaq üçün aidiyyəti orqana, yəni BŞİH-nin mənzil məsələləri üzrə ictimai komissiyasına deyil, birbaşa məhkəməyə müraciət etdiyi üçün Bak şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2-1778/2006 saylı, 02 noyabr 2006-cı il tarixli qətnaməsindən görünür ki, İddiaçı Bakı şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı Bakı şəhər İcra Hakimiyyətinin 14 iyun 2006-cı il tarixli 159 saylı sərəncamının 2-ci bəndinin etibarsız hesab edilməsi, evə və torpağa mülkiyyət hüququnun tanınması və mülkiyyət hüququnun təsdiq edən sənədlərin verilməsi barədə iddiası rədd edilmişdir. Həmin mülki işdə hazırki iş üzrə Cavabdeh İddiaçı etibarnamə üzrə nümayəndəsi qismində çıxış etmiş və verdiyi izahatında bildirmişdir ki, iddiaçı 1988-ci ildə Ermənistan Respublikası, Quqark rayonu, Arçut kəndindən qaçqın düşdükdən sonra məlum hadisələrlə əlaqədar Bakı şəhərinə gəlmiş və Hövsan qəsəbəsi, ev 4A, mənzil 54də pasport qeydiyyatına düşmüş, lakin orada yaşamayaraq 1990-cı ildən valideynlərinin köməkliyi ilə tikdiyi Xətai rayonu, Aşıq Qurban küçəsi, ev 25/19a-da ailə üzvləri ilə birlikdə yaşayırlar. Həmin ev 3 yaşayış otağından, mətbəxdən və dəhlizdən ibarət olub 640 kv.metr torpaq sahəsində yerləşmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 1MK- 1041/2007 saylı qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2006-ci il tarixli qətnaməsi dəyişdirilməsən saxlanılmış, İddiaçı apellyasiya şikayəti təmin edilməmişdir. Həmin qətnamədə də hazırki iş üzrə iddiaçı Cavabdeh İddiaçı etibarnamə üzrə nümayəndəsi qismində çıxış edərək apellyasiya şikayətində gösərilənlərə uyğun izahat vermişdir. İş materiallarında olan Ali Məhkəmənin xx.xx.2007-ci il tarixli 6k-970/07 saylı qətnaməsinin surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 1MK-1041/2007 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli yerində müayinə protokolundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Aşıq Qurban küçəsi ünvanında 2 ev vardır: “Aşıq Qurban küçəsi 25/19 “a” saylı özbaşına tikilinin planı” adlı planda əks edilmiş 16,0 kv.m. yaşayış otağı, 18,0 kv.m. yaşayış otağı, 6,25 kv.m. mətbəx, 5,0 kv.m. dəhliz, 16,5 kv.m. yaşayış otağı, və həyətdən ibarət tikili və “Aşıq Qurban küçəsi 25/19 “a” saylı özütikmə evin planı” adlı planda əks edilmiş 448,0 kv.metr istixana, 110,0 kv.m. həyət, 1,0 kv.m. tualet, 1,0 kv.m tualet, 2,3 kv.m. hamamdan ibarət tikili, 8,0 kv.m. giriş, 16,0 kv.m. yaşayış otağından ibarət tikili, 6,0 kv.m. giriş, 16,5 kv.m. yaşayış otağından ibarət tikili, 5,0 kv.m. giriş, 6,0 kv.m. mətbəx, 18,0 kv.m. yaşayış otağından ibarət tikili. Həmçinin həyətdə 448 kv.m sahəsi olan istixana vardır. Həmin istixananın bir hissəsi sökülərək ev tikilmişdir. İddiaçının köçürülməyi iddia etdiyi ev 16,0 kv.m. yaşayış otağı, 18,0 kv.m. yaşayış otağı, 6,25 kv.m. mətbəx, 5,0 kv.m. dəhliz, 16,5 kv.m. yaşayış otağı, və həyətdən ibarət tikilidir. İş materiallarında olan xx.xx.2006-ci il tarixli Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2006-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş protokolundan çıxarışdan görünür ki, BŞİH-nə daxil olmuş xx.xx.2006-cı il tarixli, C-79 nömrəli ərizəyə əsasən Ermənistan Respublikasından qaçqın düşmüş İddiaçı Bakı şəhəri, Xətai rayonu, Aşıq urban küçəsi 25/19A saylı özbaşına tikilmiş evə pasport qeydiyyatına alınması və qeydiyyat vəsiqəsinin verilməsinə razılıq verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 412 nömrəli Fərmanı ilə 2001-ci il 22 avqust tarixli “Erməni millətçilərinin apardığ etnik təmizləmə nəticəsində öz tarixi torpaqlarından did\rgin salınmış azərbaycanlıların məskunlaşması probleminin həlli haqqında” 562 nömrəli Fərmanın 7 və 8-ci bəndləri qüvvədən düşdüyündən protokolun icrası mümkün olmamışdır. İş materiallarında olan atalığın müəyyən edilməsi haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Cavabdeh 17 sentyabr 1992-ci il təvəllüdlü Nərgizin, 15 mart 1994-cü il təvəllüdlü Təranənin, 01 may 1996-cı il təvəllüdlü Nizaminin atasıdır. İş materiallarına əlavə edilmiş fotoşəkil və disklər mülki işin mahihiyyəti ilə əlaqəsi olmadığından sübut kimi qəbul edilə bilməz. İş materiallarında olan ünvan 10in planından görünür həmin ev 16.0, 18.0 və 16.5 kv.m olan 3 yaşayış otağından, 6.25 kv.m olan mətbəxdən 5.0 kv.m olan dəhlizdən ibarətdir. Mülki iş üzrə şahid qismində dindirilmiş X5 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, o İlqarın qardaşıdır. ünvan 9 ünvanında yaşayır. İddiaçı ilə qardaşının toyu həmin ünvanda olub. Ondan sonra ikisi həmin ünvanda yaşayıblar, qonşu olmuşlar. Əzizədən əvvəl burda parnik var idi. Parnik 1990-cı ildə tikilib. Parnikin pəncərələri onun evinəə baxır. 2007-ci ildə İlqar orada ev tikib. Artıq 2-3 ildir ki, iddiaçı orada yaşamır. Eşitmişlər ki, Razində ev alıblar. ünvan 10in tikintisi İlqarın vəsaiti hesabına aparılıb. Mülki iş üzrə ekspertiza təyin edilmiş lakin rəy verilməsi mümkün olmadığından mülki iş rəy verilmədən geri qaytarılmışdır. Mülki iş üzrə şahid qismində dindirilmiş X6 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, o İlqarın qardaşıdır. Əzizəni 1991-ci ildən tanıyırlar. Qardaşı onu bura gəlin gətirib. Evləri üzbəüzdür. Toyları onların məhəlləsində olub. Sonra İlqara aid evdə yaşayıblar. 2 ildir ki, orada yaşamırlar. Bakıxanovda aldıqları evdə yaşayırlar. Mülki iş üzrə şahid qismində dindirilmiş X3 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, o tərəflərin qızıdır. İddianın təmin edilməsini, yəni anası İddiaçı həmin qeyd edilən ünvana köçürülməsini istəmir. Onlar əvvəllər ailəlikcə-o, atası, anası, bacısı və qardaşı həmin evdə yaşamışlar. Sonra atası istixananın bir hissəsini öz pulu hesabına tikib və kirayə verib. Pulunu isə yığıb 2020-ci ildə Bakıxanovda ipoteka ilə ev götürmüşlər. Həmin adam anamgilin tanışı idi, atası isə aybaay ödənişləri edib. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Məhkəmə qeyd edir ki, mübahisəli tikili İddiaçı yaşayış yeridir. Cavabdehin İddiaçı qeyd edilən tikilidə yaşamaqdan məhrum etmək səlahiyyətləri yoxdur və iddiaçının hüquqlarına bu cür müdaxilə qanunsuzdur. İddiaçının qanunsuz müdaxilədən müdafiə olunmaq hüququ vardır. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Baxılan iş üzrə iddiaçının yaşadığı sahə özbaşına tikili olduğundan, cavabdehin həmin tikili üzərində hüququnun olduğunu təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən onun iddiaçıya qarşı törətdiyi məhrumetmə (evdə yaşamasına mane olma) qanunsuzdur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qeyd edilən fərdi yaşayış evi özbaşına tikili olsa da, İddiaçı ilə Cavabdeh 1991-ci ildə faktiki nikaha daxil olmaqla, ailə münasibətləri həmin vaxtdan yarandığına görə, sonradan onlar mübahisəli mənzili əldə edərək, həmin evdə yaşayış sahəsinin artırılması ilə bağlı əsaslı tikinti işlərini apardığından Cavabdeh İddiaçı qeyd edilən fərdi yaşayış sahəsindən istifadə və sahiblik etməsinə maneələrin yaradılması üçün hər hansı bir hüququ yoxdur. Odur ki, iddia təmin edilərək cavabdehin İddiaçı ünvan 10 ünvanında yerləşən fərdi evinə və torpaq sahəsinə daxil olmağına, faktiki istifadə etməyinə və süni maneələr törətməsi qadağan edilməli və İddiaçı ünvan 10 ünvanında yerləşən fərdi evə köçürülməlidir. Məhkəmə iddianın Cavabdeh qaz və işıq xətlərinə müdaxilə etməsinin qadağan olunması ilə bağlı hissəsinə qiymət verərək belə qənaətə gəlir ki, iddia həmin hissədə sübuta yetirilmədyindən rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə iddianın cavabdehin yerli baxış zamanı verdiyi izahatların və qapı üzərində həqiqətə uyğun olmayan ünvan məlumatlarının qanunsuz hesab edilməsi barədə hissəsinə qiymət verərək belə qənaətə gəlir ki, bu hissə iddia tələbi olmadığından, yalnız cavabdehin etirazına qarşı irəli sürülmüş dəlillər olduğundan məhkəmə həmin hissəyə iddia tələbi kimi qiymət verə bilməz. Məhkəmə Cavabdeh iddia tələbinə etiraz olaraq irəli sürdüyü dəlillərə qiymət verərək belə qənaətə gəlir ki, cavabdeh tərəfindən həmin dəlilləri təsdiq edəcək hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən, eyni zamanda həmin dəlillər cavabdehin daha öncəki məhkəmə prosesləri zamanı İddiaçı etibarnamə üzrə nümayəndəsi olaraq verdiyi izahatlarıyla təkzib edildiyindən məhkəmə həmin dəlilləri qeyri-səmimi və həqiqətə uyğun olmayan hesab edir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və məhkəmə prosesi zamanı müəyyən edilmiş mülki işin həqiqi hallarına əsaslanaraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi : İddia qismən təmin edilsin. İddiaçı ünvan 9 saylı ünvanda yerləşən evə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar