Məhkəmə qərarları › İş №2(103)-167/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-167/2025

21.05.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-167/2025 21.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-167/2025 (Açar sözlər: qanunsuz maneələrin aradan qaldırılması və pul) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X7 və X5 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, iddiaçının vəkili X6, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “qanunsuz maneələrin aradan qaldırılması və pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2079/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətlərinə 21 may 2025-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh MMC-yə qarşı “qanunsuz maneələrin aradan qaldırılması və pul” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı mülkiyyətində olan mənzilin yerləşdiyi binadakı liftlərdən istifadəyə yaradılan maneələrin qanunsuz hesab edilərək, iddiaçının həmin liftlərdən istifadəsinə şərait yaradılması vəzifəsinin Cavabdeh MMC-nin üzərinə qoyulması, cavabdeh tərəfindən qüsurlu olaraq təhvil verilmiş 31.22 m2 sahənin əvəzi olan 62.440 manat məbləğin Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Sonradan iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı mülkiyyətində olan mənzilin yerləşdiyi binadakı liftlərdən istifadəyə yaradılan maneələrin qanunsuz hesab edilərək, iddiaçının həmin liftlərlən istifadəsinə şərait yaradılması vəzifəsinin Cavabdeh MMC-nin üzərinə qoyulması və cavabdeh tərəfindən qüsurlu olaraq təhvil verilmiş 34.15 m2 sahənin əvəzi olaraq 68.300 manat məbləğin Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm, İ.Qasımov, M.Mirqasımov küçələrinin kəsişməsində yerləşən, tikilməkdə olan binanın A bloku, 1-ci giriş, 5-ci mərtəbəsində yerləşən, ümumi hissəsi 233 m2 olan, 4 otaqdan ibarət, 21 saylı mənzili tikib iddiaçıya təhvil verməli, iddiaçı isə 36 ay müddətinə müqavilə üzrə razılaşdırılmış 279.600 manat məbləği cavabdehə ödəməli idi. İddiaçı tərəfindən müqavilə öhdəlikləri tam olaraq yerinə yetirilmiş, bununla bağlı Cavabdeh MMC təfindən borcun tam olaraq ödənilməsini təsdiq edən xx.xx.2022-ci il tarixli maliyyə arayışı təqdim edilmişdir. İddiaçı mənzilin təmirinə başladıqdan sonra cavabdeh tərəfindən kommunal ödənişlərlə bağlı iddiaçıdan aylıq pul məbləğlərinin ödənilməsi tələb olunmuş, ondan sonra iddiaçı aylıq 50 manat miqdarında kommunal ödənişlər həyata keçirməyə başlamışdır. İddiaçı mənzili təmir edərkən ona müqavilə üzrə təhvil verilməli olan 233 m2 sahənin mövcud vəziyyətdə daha az olmasının fərqinə varmış və dərhal mütəxəssis cəlb edərək ona təhvil verilmiş mənzilin ümumi sahəsini ölçdürmüşdür. Mütəxəssis tərəfindən ölçü işləri aparıldıqdan sonra həmin mənzilin ümumi həsinin 201 m2 olduğu müəyyən olunmuşdur. Daha sonra iddiaçı şifahi olaraq cavabdehə müraciət etmiş və tərəflər arasında bağlanmış müqavilə üzrə ona təhvil verilməli olan mənzilin faktiki sahəsinin 233 m2 yox, 201 m2 olduğu bildirilmişdir. Cavabdeh tərəfindən isə aylıq kommunal haqqının 50 manat miqdarında deyil, bundan sonra 140 manat miqdarında ödəməli olduğunu, həmin kvadrat fərqinə görə isə heç bir ödəniş olunmayacağı iddiaçıya bildirilmişdir. İddiaçı isə həmin mənzilə görə aylıq 140 manat kommunal haqqının çox olmasını, maksimum 60 manat məbləğində kommunal xidmət haqqının ödənilməsinin mümkün olmasını və bunla bağlı tərəflər arasında hər hansı bir müqavilənin olmamasını bildirmişdir. Bundan sonra cavabdeh tərəfindən iddiaçının binaya giriş-çıxışı məhdudlaşdırılmış və onun binanın liftindən istifadəsinə məhdudiyyət qoyulmuşdu. Cavabdeh heç bir əxlaqı normalara əməl etmədən, iddiaçını və onun şəkər xəstəsi olan 76 yaşlı həyat yoldaşını öz mənzillərinə pilləkənlə qalxmağa vadar etmişdir. Bununla da, iddiaçının mülkiyyət hüquqları kobud surətdə pozulmuş, mülkiyyətində olan mənzildən istifadəsinə qanunsuz məhdudiyyət qoyulmuşdur. Odur ki, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir.

4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2079/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsi ilə (hakim Natavan Tağıyeva) iddianın qismən təmin olunması, Cavabdeh MMC-dən İddiaçı xeyrinə 40.980 manat məbləğində pul və 147.86 manat məbləğində dövlət rüsumunun tutulması, Cavabdeh MMC-dən ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir.

5. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 21.1, 21.2, 385.1, 386.1, 390.1, 442, 445, 448.1, 752.1, 1091.1, 1091.2-ci maddələri, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.3-cü maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 106.1, 77.1, 106.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

b) Apellyasiya şikayətinin dəlilləri

6. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və iddianın tam təmin olunmasını xahiş etmişdir,

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əgər mübahisə üzrə hərtərəfli araşdırma aparılsa idi, iddiaçıya təhvil verilməmiş olan – 34.15 m sahənin bazar dəyərinin əsas götürülərək zərər məbləği müəyyən edilməli olmasına dair müvafiq qanun normasının mövcudluğu məhkəməyə məlum olardı. Həmin ərazidə yerləşən mənzilin 1 kv.m-nin hazırki orta bazar dəyəri 2000 manat təşkil edir. Həmin faktı təsdiq edən xx.xx.2023-cü il tarixli arayış məhkəməyə təqdim olunmuşdur. Qeyd etmək zəruridir ki, hazırda iddiaçıya təhvil verilməmiş olan sahənin müqavilədə nəzərdə tutulan 1200 manat məbləğlə kompensasiyası mümkün deyildir. İddiaçı həmin mənzili 2019-cu ildə almış, həmin vaxtdan 4 ildən çox müddət keçdiyi nəzərə alınsa, onun yerləşdiyi ərazidəki mənzillərin bazar dəyəri artıq əhəmiyyətli dərəcədə artmışdır. Bununla da, məhkəmənin gəldiyi nəticənin açıq-aşkar yanlış nəticə olduğu və bu nəticədən çıxış edərək maddi hüquq normasını düzgün tətbiq etmədiyi aşkardır. Cavabdeh MMC tərəfindən aylıq kommunal haqqının 50 manat miqdarında deyil, bundan sonra 140 manat miqdarında ödəməli olduğunu, həmin kvadrat fərqinə görə isə heç bir ödəniş olunmayacağı iddiaçıya bildirilmişdir. İddiaçı isə həmin mənzilə görə aylıq 140 manat kommunal haqqının çox olmasını, maksimum 60 manat məbləğində kommunal xidmət haqqının ödənilməsinin mümkün olmasını və bunla bağlı tərəflər arasında hər hansı bir müqavilənin olmamasını bildirmişdir. Bundan sonra bəhanələrlə iddiaçının binaya giriş-çıxışı məhdudlaşdırılmış və onun binanın liftindən istifadəsinə məhdudiyyət qoyulmuşdur. Cavabdeh heç bir əxlaqi normalara əməl etmədən, iddiaçını və onun şəkər xəstəsi olan 76 yaşlı həyat yoldaşını öz mənzillərinə pilləkənlə qalxmağa vadar etmişdir. Bununla da iddiaçının mülkiyyət hüquqları kobud surətdə pozulmuş və mülkiyyətində olan mənzildən istifadəsi qanunsuz məhdudlaşdırılmışdır.

8. Qətnamədən həmçinin cavabdeh apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin olunan hissəsində ləğv edilməsi və iddianın tam rədd edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə müqavilə bağlandığı dövrdə - 25 iyun 2019-cu ildə mübahisəli mənzilin tikintisi başa çatmamış, layihə sənədlərinə əsasən iddiaçıya təqdim olunmuş 21 saylımənzilin dəyəri 279.600 manat müəyyən olunmaqla iddiaçıya satılmışdır. Müqavilədən də göründüyü kimi, iddiaçıya təqdim olunmuş 21 saylı mənzilin dəyəri hər kvadrat metr üzrə hesablanmamış, ümumilikdə 279.600 manat razılaşdırılmışdır. Nəzərə almaq lazımdır ki, mübahisəli mənzilin dəyəri onun hər kvadrat metrinə uyğun hesablansaydı, onun ümumi dəyəri 279.600 manat müəyyən olunmayacaqdı. Cəmiyyət tərəfindən iddiaçı aldadılmamış, onun vəsaiti hesabına əsassız varlanmamışdır. Tərəflərin razılaşmasına əsasən cavabdeh tərəfindən inşa olunan yaşayış binasının A blokunda, 5-ci mərtəbədə yerləşən 21 saylı mənzil 270.600 manata iddiaçıya satılmışdır. Məhkəmənin hansı əsaslardan çıxış edərək ümumi sahəsi 233 kv.m olan yaşayış sahəsinin müəyyən edilmiş hər bir kv.m-nin qiymətinin 1200 manat olması qənaətinə gəlməsi müəmmalıdır. Müqavilədə belə bir razılaşma yoxdur, mənzil iddiaçıya hər kvadratmetrinin dəyəri müəyyən olunmaqla satılmamışdır. Məhkəmənin sadəcə ekspert rəyinə əsaslanmaqla qətnamə çıxarması qəbul edilən deyil. Ekspert rəyinin mötəbərliyi, obyektivliyi və dəqiqliyi ciddi sual altındadır. Belə ki, məhkəmənin istinad etdiyi Məhkəmə Ekspertiza Mərkəzinin 03 avqust 2023-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqat aparan ekspert iş materiallarını səhv salmış, hazırki işlə əlaqəsi olmayan iş materiallarına istinad etməklə, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 25 iyun 2019-cu il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, 21 saylı evin 126 saylı sahəsi 148,9 kv.m olan mənzilin X1 göstərmişdir. Beləliklə, ekspertin hansı iş materiallarına əsasən tədqiqat aparması, tədqiqatı hansı şəraitdə aparması, hansı “21 saylı” mənzilin sahəsini ölçməsi və qiymətləndirmə aparması, təqdim olunan rəyin, həqiqətən, hazırki işə aid olub-olmaması müəmmalıdır. Ekspert rəyinin mötəbərliyinə inanmalı olsaq, rəydə 21 saylı mənzilin ümumi sahəsinin 204,9 kv.m təşkil etdiyi, “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması” qaydalarının 3.8-ci bəndləri nəzərə alınmaqla sahəsi 198.85 kv.m təşkil etdiyi göstərilmişdir. Məhkəmənin ekspert qarşısında qoyduğu suala cavab olaraq ekspert mənzilin sahəsinin 204,9 kv.m olduğunu göstərsə də, məhkəmə 198,85 kv.m sahəni əsas götürməklə cavabdehdən 34,15 kv.m sahəyə görə pul tutulması qənaətinə gəlmişdir. Məhkəmə nəzərə almamışdır ki, iddiaçı ilə müqavilə bağlanan zaman mübahisəli mənzil inşa edilməkdə və təmirsiz idi, sonradan mənzildə təmir işləri aparılmışdır. Hazırda tədqiqat aparılan mənzil təmirli olduğundan, təmirsiz mənzillə təmirli mənzil arasında mövcud olan sahə fərqlərinin yaranması anlaşılan və qəbul ediləndir. Lakin məhkəmə iş üzrə mühüm halı nəzərə almamış, mənzilin sadəcə təmirli vəziyyətinə əsasən tədqiqat aparmış ekspert rəyinə istinad etməklə cavabdeh tərəfindən iddiaçıya təhvil verilən mənzilin sahəsinin əksik olduğu və cavabdehin əsassız varlandığı mövqeyinə əsaslanmışdır.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

e) Proses iştirakçılarının izahatı

11. Apellyasiya baxışında iştirak edən iddiaçı özlərinin verdiyi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir.

12. Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə özlərinin verdiyi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir.

13. Apellyasiya baxışında iştirak edən iddiaçının vəkili X8 özlərinin verdiyi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir.

14. Apellyasiya baxışında iştirak edən cavabdehin nümayəndəsi və vəkili özlərinin verdiyi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

15. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

16. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

17. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

18. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun;

19. Maddə 762.2. Podratın nəticəsi şərtləndirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləndirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır.

20. Maddə 763.1. Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər;

21. Maddə 765. Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur.

22. Maddə 766. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər.

23. Maddə 773. Əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir.

24. Maddə 776.1. Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər

25. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi

26. Maddə 1. Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edir.

27. Maddə 59.2. Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır;

28. Maddə 59.3. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

32. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

35. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini qətnamənin qanunliyinin və əsaslılığının bütövlükdə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia isə qismən təmin edilməlidir.

37. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, işin halları düzgün aydınlaşdırılmamışdır ki, bu da qətnamənin ləğvinə səbəb olur.

38. Belə ki, iş materiallarına əlavə olunmuş Cavabdeh MMC ilə iddiaçı Həsənova (Məmmədova) Rəsmiyyə Vahid qızı arasında xx.xx.2019-cu il tarixdə bağlanmış müqavilənin surətindən görünür ki, sonuncunun Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm, İ.Qasımov, Mirqasımov küçələrinin kəsişməsində inşa edilməkdə olan A blokunun 5-ci mərtəbəsində ayrılmış 233 m2 -dən ibarət 4 otaqlı mənzilinin Həsənova (Məmmədova) Rəsmiyyə Vahid qızının mülkiyyətinə verilməsi barədə müqavilə bağlanmışdır.

39. Müqavilənin 3-cü bəndinə əsasən mənzilin dəyəri 279.600 (iki yüz yetmiş doqquz min altı yüz) manat təşkil etmişdir.

40. Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Həsənova (Məmmədova) Rəsmiyyə Vahid qızı tərəfindən mənzilin ümumi dəyəri tam olaraq ödənilmişdir.

41. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məkəməsi tərəfindən hazırki mübahisə dair məsələyə baxarkən maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.

42. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

43. Hazırki iddia tələbindən görünür ki, Cavabdeh MMC ilə iddiaçı Həsənova (Məmmədova) Rəsmiyyə Vahid qızı arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, Cavabdeh MMC alıcı X2 Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm, İ.Qasımov, Mirqasımov küçələrinin kəsişməsində yerləşən tikilməkdə olan binada A blokunda 21 saylı mənzil Alıcıya verməyə, Alıcı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürür. Göstərilən mənzil 4 otaqdan ibarətdir, mənzilin ümumi sahəsi 233 kv.m. Mənzilin ümumi dəyəri 279.600 manat təşkil edir. Müqavilə bağlandığı gün alıcı tərəfindən mənzilin dəyərinin 30%-i dəyərində ödənilir, qalan hissə bərabər hissələrlə olmaqla, ümumi dəyərinin 10%-i məbləğində hər ayın 20-30 arasında ödəməyi öhdəsinə götürür. Ödəniş nağd pulla həyata keçirilir. Tərəflərin qarşılıqlı razılaşmasına əsasən ümumi sahəsi 233 kv.metr olan yaşayış sahəsinin müəyyən edilmiş hər bir kv.m-nin qiyməti 1200 manat olmaqla, ümumi dəyəri olan 279.600 manat alıcı tərəfindən Cavabdeh MMC-ya tam ödənilmişdir. İddiaçı hesab edir ki, cavabdeh müqavilə üzrə üzərinə sahəsi 233 m2 olan mənzilin inşa edilərək, ona təhvil verilməsini öhdəsinə götürsə də, faktiki olaraq ona 198,85 m2 sahəsi olan mənzil təhvil verməklə, müqavilə üzrə öhdəliyini tam şəkildə icra etməmişdir.

44. İddianın predmetinə nəzərə yetirdikdə müəyyən olunur ki, iddianın əsasının təşkil edən müqavilə şərtləri podrat münasibətlərini özündə ehtiva edir. Ona görə də kollegiya hesab edir ki, hazırki münasibətə podrat müqaviləsindən irəli gələn qaydalar tətbiq olunmalıdır.

45. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsiə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

46. Belə ki, yuxarıda da qeyd edildiyi kimi Cavabdeh MMC ilə iddiaçı Həsənova (Məmmədova) Rəsmiyyə Vahid qızı arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilənin məzmunundan görünür ki, satıcı Nəsimi rayonu, S.Rüstəm, İ.Qasımov, Mirqasımov küçələrinin kəsişməsində yerləşən tikilməkdə olan binada A blokunda 21 saylı mənzili alıcıya satır, alıcı isə mənzilin dəyərini bu müqavilə ilə müəyyən edilmiş qaydada satıcıya ödəyir. Göstərilən mənzil 4 otaqdan ibarətdir, mənzilin ümumi sahəsi 233 kv.m. Mənzilin ümumi dəyəri 279.600 manat təşkil edir.

47. Hazırkı işdə iddiaçının iddiasının əsası ondan ibarətdir ki, cavabdeh tərəfindən ona müqavilə üzrə müəyyən edilmiş ölçüdən kiçik ölçüdə mənzil təhvil verilmişdir.

48. Birinci instansiya məhkəməsi bu halı müəyyən etmək üçün ekspertiza təyin etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliynin Ekspertiza mərkəzinin xx.xx.2023cü il tarixli 10/3888 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm, İ.Qasımov, M.Mirqasımov küçələrinin kəsişməsində yerləşən, tikilməkdə olan binanın “A" bloku, 1-ci giriş, 5-ci mərtəbəsində yerləşən 21 saylı mənzilin faktiki sahəsi 204,9 m2 və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin ("Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları") 59.2 və 59.3 bəndlərində, eyni zamanda Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2012-ci il tarixli 7 saylı qərarı ilə təsdiq olunmuş, “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması" qaydalarının 3.8. bəndləri nəzərə alınmaqla sahəsi 198,85 m2 təşkil etdiyi müəyyən edilmişdir.

49. Lakin apellyasiya baxışı zamanı sözügedən rəyin tədqiqi zamanı məlum olmuşdur ki, rəy ilkin layihə sənədlərinə istinad olunmadan verilmiş, bundan başqa rəydə başqa bir məhkəmənin icraatında olan iş materiallarında istinad edilmişdir.

50. Qeyd edilənləri nəzərə alaraq hazırki iş üzrə apellyasiya baxışı zamanı əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliynin Ekspertiza mərkəzinin xx.xx.2024-cü il tarixli 10/4342 saylı ekspert rəyindən görünür ki, mülki iş materiallarında müvafiq icra hakimiyyəti orqanları tərəfindən təsdiqlənmiş eskiz-layihə sənədləri olmadığından birinci, üçüncü, dördüncü, beşinci və altıncı suallar üzrə tədqiqat aparılması mümkün olmamışdır. Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm, İ.Qasımov, M.Mirqasımov küçələrinin kəsişməsində yerləşən, tikilməkdə olan binanın “A" bloku, 1-ci giriş, 5-ci mərtəbəsində yerləşən 21 saylı mənzilin faktiki ümumi sahəsinin 204,9 kv.metr, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59cu maddəsinin ("Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları") 59.2 və 59.3 bəndlərində, eyni zamanda Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2012-ci il tarixli 7 saylı qərarı ilə təsdiq olunmuş, “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması" qaydalarının 3.8. bəndləri nəzərə alınmaqla isə 198.85 kv.metr təşkil etdiyi müəyyən edilmişdir.

51. Kollegiya qeyd edir ki, sözügedən rəyin məzmunundan görünür ki, qərardadla ekspert qarşısında qoyulmuş birinci, üçüncü, dördüncü, beşinci və altıncı suallara cavab verilməmiş, buna səbəb olaraq müvafiq icra hakimiyyəti orqanları tərəfindən təsdiqlənmiş eskiz-layihə sənədlərinin olmaması göstərilmiş, lakin ekspert vəsatəti verilən zaman həmin sənədlər tələb olunmamışdır. Bundan əlavə mənzilin balkonu olduğu halda ekspert tərəfindən nəzərə alınmamışdır.

52. Adı çəkilən halların aydınlaşdırılması məqsədilə apellyasiya baxışında yenidən əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliynin Ekspertiza mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/9106 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm, İ.Qasımov, M.Mirqasımov küçələrinin kəsişməsində yerləşən, tikilməkdə olan binanın “A" bloku, 1-ci giriş, 5-ci mərtəbəsində yerləşən 21 saylı 4 otaqlı mənzildə həmin binanın qanunvericiliyin tələblərinə uyğun müvafiq icra hakimiyyəti orqanları tərəfindən təsdiqlənmiş eskiz layihədə sahəsi 6.6 kv.metr göstərilən sanitariya qovşağı tikilisinin sahəsi azaldılaraq faktiki olaraq 1.42 kv.metr olduğunu, sahəsi 5.6 kv.metr olan sanitariya qovşağı tikilisinin sahəsi artırılaraq faktiki olaarq 6.7 kv.metr olduğunu, eləcə də layihədə nəzərdə tutulmayan perimetri 3.6 metr, divaraltı sahəsi 0.36 kv.metr olan arakəsmə divar inşa olunduğunu nəzərə alaraq həmin sanitariya qovşaqlarının və arakəsmə divarın təsdiq olunmuş layihə sənədlərinə uyğun olmadığı müəyyən edilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm, İ.Qasımov, M.Mirqasımov küçələrinin kəsişməsində yerləşən, tikilməkdə olan binanın “A" bloku, 1-ci giriş, 5-ci mərtəbəsində yerləşən 21 saylı 4 otaqlı mənzilin içdən-içə, mənzilin daxilində olan və layihədə nəzərdə tutulan arakəsmələrin divarların, sütunların, şaxta sahələrinin və s. altı nəzərə alınmadan, azalma əmsalları ilə nəzərə alınmadan faktiki olaraq sahəsinin 205.26 (204.9 + 0.36) kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin ("Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları") 59.2 və 59.3 bəndlərində, eyni zamanda Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2012-ci il tarixli 7 saylı qərarı ilə təsdiq olunmuş, “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması" qaydalarının 3.8. bəndləri nəzərə alınmaqla isə 198.85 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm, İ.Qasımov, M.Mirqasımov küçələrinin kəsişməsində yerləşən, tikilməkdə olan binanın “A" bloku, 1-ci giriş, 5-ci mərtəbəsində yerləşən 21 saylı 4 otaqlı mənzil üzrə 2 ədəd balkon olduğu, bunların da ümumi faktiki sahəsinin azaltma əmsalları tətbiq edilmədən 12.1 kv.metr, azaltma əmsalı tətbiq edilməklə isə 6.05 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Həmin mənzilin çöl divarlarının ortasından hesablamaqla mənzilin daxilində olan və layihədə nəzərdə tutulan, yaxud tutulmayan arakəsmələrin, divarların, sütunların, şaxta sahələrinin və s. altı da daxil olmaqla, azalma əmsalları isə nəzərə alınmadan faktiki olaraq sahəsinin 231.3 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Sözügedən mənzildə binanən qanunvericiliyin tələblərinə uyğun müvafiq icra hakimiyyəti orqanları tərəfindən təsdiqlənmiş eskiz layihədə sahəsi 6.6 kv.metr göstərilən sanitariya qovşağı tikilisinin sahəsinin azalalaraq faktiki olaraq 1.42 kv.metr olduğunu, sahəsi 5.6 kv.metr olan sanitariya qovşağı tikilisinin sahəsi artırılaraq faktiki olaarq 6.7 kv.metr olduğunu, eləcə də layihədə nəzərdə tutulmayan perimetri 3.6 metr, divaraltı sahəsi 0.36 kv.metr olan arakəsmə divar inşa olunduğu müəyyən edilmişdir. Layihədə nəzərdə tutulmayan, perimetri 3.6 metr, divaraltı sahəsi isə 0.36 kv.metr olan arakəsmə divarın inşa olunması nəticəsində mənzilin divaraltı sahələr nəzərə alınmadan təşkil edən ümumi sahəsinin 0.36 kv.metr azalmasına səbəb olmuşdur.

53. Kollegiya qeyd edir ki, ekspertin rəyi sübut növlərindən biri kimi məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli hüquq normalarına uyğun şəkildə qiymətləndirilməlidir.

54. Bu zaman xüsusilə nəzərə alınmalıdır ki, təyinatı şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən etmək olan Şəhərsalma və Tikinti Məcəlləsinin, buna müvafiq olaraq, tikinti obyektinin sahəsinin və həcminin hesablanmasına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaların hansı meyarlara görə mülki hüquq sahəsindəki müqavilə münasibətlərinə, konkret halda podrat müqaviləsi üzrə öhdəliklərə şamil edilməli olduğu əsaslandırılmalı, belə əsaslandırma tərəflərin bağladıqları müqavilə şərtləri nəzərə alınmaqla həyata keçirilməlidir.

55. Bu xüsusatla bağlı həmçinin nəzərə alınmalıdır ki, hesablamaların divarların çöl tərəfindən aparılması, habelə divarların altındakı sahələrin nəzərə alınması sifarişçinin mənafeyinə zidd olduğu kimi, mövcud olan balkon, teras və bu kimi digər sahələrin əmsallarla real ölçülərindən az həcmdə hesablanması da podratçının mənafeyinə uyğun deyil. Buna görə də kollegiya hesab edir ki, cavabdehin öhdəliklərini icra edib-etməməsini aydınlaşdırarkən mənzilin faktiki ölçüsü olaraq mənzilin içdən-içə, mənzilin daxilində olan və layihədə nəzərdə tutulan arakəsmələrin divarların, sütunların, şaxta sahələrinin və s. altı nəzərə alınmadan, azalma əmsalları ilə nəzərə alınmadan faktiki olaraq sahəsinin 205.26 kv.metr götürülməsi məqsədə uyğundur.

56. Beləliklə, kollegiya iddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış müqavilənin şərtlərini ekspert rəyləri ilə müəyyən olunan halla birlikdə qiymətləndirməklə belə nəticəyə gəlir ki, cavabdeh MTK iddiaçı qarşısındakı müqavilə öhdəliklərini tam olaraq icra etmiş sayıla bilməz.

57. Mülki Məcəllənin 766-cı maddəsinə əsasən sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər.

58. Bu konteksdən çıxış edən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh MTK müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etmədiyindən mənzilin müqavilə üzrə nəzərədə tutulmuş ölçüyə uyğun təhvil verilməyən hissəsinin dəyəri cavabdehdən tutulub iddiaçıya ödənilməlidir.

59. Mübahisəli mənzilə fiziki baxış keçirilərək tərtib edilmiş ekspert rəyindən də göründüyü kimi cavabdeh MTK tərəfindən iddiaçıya təhvil verilən mənzilin faktiki ümumi sahəsi ilə müqavilədə nəzərdə tutulan sahə arasında 27.74 kv.metr fərq mövcuddur (233 – 205.26 = 27.74). Bu da onu deməyə əsas verir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli və dəymiş zərərin hesablanması zamanı 27.74 kv.metrlik fərq nəzərə alınmalı və iddiaçıya dəymiş zərərin məbləği həmin ölçü üzərindən hesablanmalıdır.

60. Dəymiş zərərin hesablanması mexanizminə münasibətdə isə kollegiya qeyd edir ki, tərəflərin qarşılıqlı razılaşmasına əsasən ümumi sahəsi 233 kv.metr olan yaşayış sahəsi üçün ümumi dəyəri olan 279.600 manat alıcı tərəfindən Cavabdeh MMC-ya tam ödənilmişdir. Kollegiya cavabdehin bu hissədə olan apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, sözügedən müqavilədə ödəniləcək məbləğin təhvil veriləcək mənzilin hər kvadrat metri üçün konkret məbləğ üzrə hesablamanın cəmini təşkil etməsi təsbit olunmasa da, tikinti şirkətləri və alıcılar arasında olan işgüzar adətlərə əsasən əldə ediləcək mənzilin dəyərinin hesablanması məhz bu formada, yəni hər kvadrat metr üçün məbləğ müəyyənləşdirməklə ümumi ödənişin təsbit olunması qaydasında aparılır. Bu isə onu deməyə əsas verir ki, iddiaçının mübahisəli mənzili əldə etməsi üçün ödədiyi 279.600 manat məbləğ müqavilə ilə nəzərdə tutulmuş 233 kv.metr sahə üçün hər kvadrat metrə münasibətdə 1200 AZN hesablanmaqla icra edilmişdir.

61. İddiaçının sözügedən mənzilin hazırki tarixdə hər kvadrat metrinin 2000 manat olmasını nəzərə alaraq dəymiş zərərin məhz həmin məbləğə uyğun hesablanmasına dair şikayətin dəlilərinə münasibətdə isə kollegiya qeyd edir ki, yuxarıda da qeyd edildiyi kimi, Mülki Məcəllənin 766-cı maddəsinə əsasən sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər. Hazırki iş üzrə də müəyyən olunur ki, tərəflər arasında müqavilə bağlanılarkən iddiaçının hər kvadrat metrə görə ödədiyi pul, yəni muzd 1200 manat təşkil etmiş, cavabdeh də qeyd edilən ölçülərdə mənzilin təhvil verilməsini həyata keçirməmişdir. Buna görə də məhkəmə hesab edir ki, hazırda dəymiş zərərin hesablanması da məhz 1200 manata münasibətdə aparılmalıdır.

62. Beləliklə, kollegiya hesab edir ki, 27.74 kv.metr sahə üzrə hər kv.metr üçün 1200 manat hesablamaqla (27.74 x 1200) cəmi 33.288 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə Cavabdeh MMC-dən tutulmalıdır.

63. Məhkəmə iddianın mənzilin yerləşdiyi binadakı liftlərdən istifadəyə yaradılan maneələrin qanunsuz hesab edilməsi hissəsinə qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddianı həmin hissədə təmin etməməklə düzgün nəticəyə gəlməmişdir. Belə ki, məhkəmə öz mövqeyini əsaslandırarkən bildirmişdir ki, İddiaçı “müvəqqəti təminat tədbiri barədə” ərizə ilə məhkəməyə müraciət etmiş və ərizə təmin olunaraq mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək İddiaçı mülkiyyətində olan mənzilin yerləşdiyi binadakı liftlərdən ərizəçi İddiaçı və ailə üzvlərinin istifadəsinə maneələrin yaradılması Cavabdeh MMC-yə və digər şəxslərə qadağan edilmişdi. Tərəflərin məhkəmə iclasında verdikləri izahatlardan məlum olmuşdur ki, həmin qərardad Cavabdeh MMC tərəfindən dərhal icra olunaraq iddiaçının və onun ailə üzvlərinin liftdən istifadəsinə icazə verildiyindən iddianın həmin hissəsi təmin edilməməlidir.

64. Kollegiya məhkəmənin sözügedən mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, qanunun mənasına görə müvəqqəti təminat tədbiri adından da göründüyü kimi müvəqqəti xarakter daşımaqla, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyrimümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. MPM-in 162.3 və 162.4-cü maddəsinə əsasən iddia rədd edildikdə, baxılmamış saxlanıldıqda və ya iş üzrə icraata xitam verildikdə məhkəmənin tətbiq etdiyi müvəqqəti təminat tədbiri məhkəmə aktı qanuni qüvvəyə minənə qədər saxlanılır. İddia təmin edildikdə müvəqqəti təminat tədbirləri məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır.

65. Qanunun mənasından da göründüyü kimi iddianın nəticəsinin necə olmasından asılı olmayaraq müvəqqəti təminat tədbirləri müəyyən müddət ərzində qüvvədə olmaqla həmin müddətin bitmə vaxtından etibarən qüvvədən düşməsi ilə xarakterizə olunur. Hazırki iş üzrə də iddiaçının iddiası qismən təmin olunduğundan, müvəqqəti təminat tədbiri də qismən təmin olunan üzrə iddia tələbinin icrasınadək öz qüvvəsini saxlayacaqdır və bundan sonra cavabdeh tərəfindən yenidən eyni hərəkətlərin törədilməsi heç bir vasitə ilə mühafizə olunmayacaqdır. Buna görə də sözügedən hissədə iddianın məhz müvəqqəti təminat tədbirinin mövcudluğuna əsaslanaraq rədd edilməsi barədə məhkəmənin mövqeyi əsaslı olmamışdır. Həmçinin, kollegiya qeyd edir ki, lift də binanın həyəti və parklanma yeri kimi ümumi mülkiyyət hesab edildiyindən binadakı liftlərdən istifadəyə yaradılan maneələr qanunsuz hesab edilməli, iddiaçının həmin liftlərlən istifadəsinə şərait yaradılması vəzifəsi Cavabdeh MMC-nin üzərinə qoyulmalıdır.

66. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayətləri qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, cavabdeh tərəfindən iddiaçıya təhvil verilmiş mənzilin əskik olan 27.74 kv.metr ölçüyə mütanasib olaraq müqavilə əsasən hər kvadrat metr üçün 1200 manat olmaqla 33.288 manat məbləğində pul Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulmalı, mənzilin yerləşdiyi binadakı liftlərdən istifadəyə yaradılan maneələr qanunsuz hesab edilərək, iddiaçının həmin liftlərlən istifadəsinə şərait yaradılması vəzifəsi Cavabdeh MMCnin üzərinə qoyulmalı, apellyasiya şikayətləri qalan hissədə təmin edilməməlidir.

67. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

68. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

69. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

70. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

71. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

72. Kollegiya hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 294.90 manat məbləğində dövlət rüsumunun iddianın təmin edilən hissəsinə mütənasib olaraq 143.73 manat hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməli, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üçün ödənilmiş dövlət rüsumunun məbləği onun özünə aid olunmalıdır.

73. Cavabdeh tərəfindən ödənilmiş apellyasiya şikayəti üzrə rüsumun tutulması ilə bağlı hissəyə münasibətdə isə kollegiya qeyd edir ki, Mülki Prosessual Məcəllənin 113.1-ci maddəsinə əsasən iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır. Qanunvericiliyin yuxarıda göstərilən normasına əsasən də məhkəmənin bu cür hallarda işin gedişatına əsasən sonradan rüsumun kəsirinin iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq tutmaq səlahiyyəti qeyd edilmişdir.

74. Hazırki işdən göründüyü kimi, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 294.90 manat dövlət rüsumu ödənilmişdir. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə iddia ərizəsinin verilməsi üçün müəyyən edilmiş dövlət rüsumunun 50 faizi ödənilməlidir. Bununla da cavabdeh tərəfindən ödənilməli dövlət rüsumunun məbləği 147.45 manat təşkil etməli olsa da, sonuncu tərəfindən cəmi 74 manat məbləğində ödəniş edilmişdir. Bu halda məhkəmə hesab edir ki, ödənilməli rüsumun kəsr hissəsi kimi 73,45 manat məbləğ cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir.

75. Həmçinin birinci instansiya məhkəməsi və apellyasiya instansiyası məhkəməsi tərəfindən keçirilən ekspertiza tədqiqatlarının dəyəri olan ümumilikdə 300 manat məbləğində pulun 146.21 manat hissəsi cavabdehdən, qalan 153,79 manat olan hissəsi isə iddiaçıdan tutulmalıdır.

76. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı və cavabdehin apellyasiya şikayətləri ayrı-ayrılıqda qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2079/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Cavabdeh MMC tərəfindən iddiaçıya təhvil verilmiş mənzilin əskik olan 27.74 kv.metr ölçüyə mütanasib olaraq müqavilə əsasən hər kvadrat metr üçün 1200 manat olmaqla 33.288 (otuz iki min iki yüz səksən səkkiz) manat məbləğində pul Cavabdeh MMC-dən İddiaçı xeyrinə xeyrinə tutulsun. Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm, İ.Qasımov, Mirqasımov küçələrinin kəsişməsində yerləşən tikilməkdə olan binada A blokunda 21 saylı mənzilin yerləşdiyi binadakı liftlərdən istifadəyə yaradılan maneələr qanunsuz hesab edilərək, iddiaçının həmin liftlərlən istifadəsinə şərait yaradılması vəzifəsi Cavabdeh MMC-nin üzərinə qoyulsun. İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 294.90 manat məbləğində dövlət rüsumunun iddianın təmin edilən hissəsinə mütənasib olaraq 143.73 (yüz qırx üç manat yetmiş üç qəpik) manat hissəsi Cavabdeh MMC-dən tutularaq İddiaçı xeyrinə ödənilsin. Apellyasiya şikayətləri qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üçün ödənilmiş dövlət rüsumunun məbləği onun özünə aid edilsin. Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilməli dövlət rüsumunun qalıq 73,45 (yetmiş üç manat qırx beş qəpik) manat hissəsi Cavabdeh MMCdən alınaraq Dövlət büdcəsinə ödənilsin, ödənilmiş dövlət rüsumunun məbləği isə cavabdehin özünə aid edilsin. Birinci instansiya məhkəməsi və apellyasiya instansiyası məhkəməsi tərəfindən keçirilən ekspertiza tədqiqatlarının dəyəri olan ümumilikdə 300 manat məbləğində pulun 146.21 (yüz qırx altı manat iyirmi bir qəpik) manat hissəsi cavabdehdən, qalan 153,79 (yüz əlli üç manat yetmiş doqquz qəpik) manat olan hissəsi isə iddiaçıdan alınıb Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X3, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. Bik:CTREAZ 22) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar