Məhkəmə qərarları › İş №2(011)-3010/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3010/2021

06.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3010/2021 06.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “qaz sayğacının quraşdırılması tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Mədən 1, Korpus 8 ünvanına qaz sayğacının quraşdırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi rayonu Mədən 1 Korpus 8 ünvanındakı fərdi yaşayış evi ona məxsusdur. Cavabdehin nümayəndələri tərəfindən həmin ünvandan qaz sayğacı çıxarılmış və yerinə quraşdırılmamışdır. Dəfələrlə müraciət etsə də imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 400.1-ci maddəsinə əsasən əgər müqavilə tərəflərindən biri bazarda üstün mövqe tutursa, o, fəaliyyətin bu sahəsində kontragentlə müqavilə bağlamaqdan əsassız imtina etməməli, habelə kontragentə qeyri-bərabər şərtlərini təklif etməməlidir. Cavabdeh təbii qazın istehlakı sahəsində inhisarçı mövqeyə malikdir və bu səbəbdən də o təbii qızın istifadəsi üçün onlara müraciət edən şəxslərlə müqavilə bağlamaqdan əsassız olaraq imtina edə bilməz, yaxud onlara açıq-aşkar əlverişsiz şərtlər təklif edə bilməz. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh İB-nin nümayəndəsi X2 iddia ərizəsini qəbul etməyərək təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunan sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. İş materiallarında olan paylayıcı Cavabdeh İB ilə istehlakçı İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il, AKX-02244xx/xx-2020 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilənin surətindən görünür ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən əqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1.10-cu bəndinə əsasən “Qazdan istifadə qaydaları”nın 4.9-cu bəndinə uyğun olaraq istehlakçının zədələnmiş qaz sayğacını təmir etmək və dövlət yoxlanılmasından keçirmək, habelə həmin qaz sayğacını təmir etmək mümkün olmadıqda dəyişdirmək və quraşdırmaq paylayıcının vəzifələrindən biri kimi təsbit olunmuşdur. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ. hissəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən energetika müqaviləsinə müvafiq olaraq qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını, ötürülməsini və sаtılmаsını təşkil etməlidir. Bu Qanunun 12-ci maddəsinin 1-ci, 2-ci, 4-cü, 5-ci və 6-cı hissələri eyni qaydada qazın paylanmasına da tətbiq edilir. Həmin Qanunun 13.6-cı maddəsinə əsasən istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə qaz paylayıcısı qazın verilməsini dayandıra bilər. Həmin Qanunun 13.9-cu maddəsinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmi Məcəllənin 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, işin araşdırılmış halları ilə İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Mədən 1, Korpus 8 ünvanına quraşdırılmış qaz sayğacının Cavabdehn çıxarılması, iddiaçının müraciətlərinə qaxmayaraq Cavabdeh tərəfindən onun evinə yeni sayğacın quraşdırılmaması, bununla da, istehlakçının Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə nəzərdə tutulmuş hüquqlarının pozulması tam olaraq təsdiq edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının pozulmuş hüquqlarının bərpa edilməsi üçün iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilməli olan dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən də məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Mədən 1, Korpus 8 ünvanına qaz sayğacının quraşdırılması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Cavabdehndən dövlət rüsumuna görə 20 manat dövlət nəfinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar