Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3014/2023 08.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsinin təmin edilməsi, Cavabdeh İB tərəfindən İddiaçı məxsus ünvan 1 ünvanına (abonent hesab nömrəsi: **********10000) hesablanmış 6220,80 manat məbləğində borcun silinməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən iddiaçıya məxsus fərdi yaşayış evinin abonent hesabına 03/2023-cü il tarixində Cavabdeh İB astronomik məbləğdə heç bir normativ hüquqi akta əsaslanmadan 6220,80 manat məbləğində borc yazmışdır. Borcun yaranma əsası ilə bağlı iddiaçı tərəfindən maraqlandıqda ona bildirilmişdir ki, iddiaçıya məxsus fərdi yaşayış evindən bir neçə metr aralıda Cavabdeh İB-nin özü tərəfindən quraşdırılmış Fransa istehsalı olan smart qaz sayğacına Cavabdeh İB-nin işçiləri birtətəfli qaydada iddiaçının iştirakı olmadan və iştirakını təmin etmədən qaz sayğacına baxış keçirdərək qaz sayğacının düzgün işləmədiyinin müəyyən edilməsi əsası ilə 6220,80 manat məbləğində borc yazmışlar. Borcun kimlər tərəfindən və hansı normativ hüquqi akta əsasən hesablanması ilə bağlı iddiaçı tərəfindən maraqlandıqda bu barədə iddiaçıya heç bir dəqiq məlumat və ya rəsmi sənəd (baxış aktı, zərər aktı və s.) təqdim edilməmiş, X1 Sisteminə də bu barədə hər hansı bir faylın yerləşdirilmədiyi bildirilmişdir. Fərdi yaşayış evindən bir neçə metr aralı həyətdə Cavabdeh İB-nin özü tərəfindən quraşdırılmış qaz sayğacına Cavabdeh İB-nin öz işçiləri tərəfindən vizual müdaxiləyə yol verilməklə ünvanına heç bir normativ hüquqi akta əsaslanmadan astronomik şəkildə 6220,80 manat məbləğində borcun yazılması qanunsuz və əsassızdır. İddiaçı ünvan 3 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayır, borcun yazıldığı ünvan isə iddiaçıya məxsus 2-ci ünvandır və iddiaçı həmin ünvana 5-10 günlük müddət üçün gedib-gələrək, qısa müddətdə yaşayır. İddiaçı qaz sayğacına müdaxilə etməmiş və qaz sayğacının işlək vəziyyətində texniki nasazlıq yaranmışdırsa bu iddiaçının təqsiri ucbatından da baş verməmişdir. Qaz sayğacına müdaxilə etmişdirsə və ya texniki vəziyyəti nasaz vəziyyətə gətirilmişdirsə, bu hal küçədən keçən istənilən şəxs tərəfindən və eləcə də qaz sayğacına birtərəfli qaydada baxış keçirən zaman səlahiyyəti təsdiq olunmayan Cavabdeh İB-nın öz əməkdaşları tərəfindən də törədilmiş ola bilər. İddiaçı ona məxsus ünvanın qaz sayğacına yazılmış 6220,80 manat məbləğində borcun qanunsuz və əsassız şəkildə hesablanıb yazıldığını hesab edir. Bu səbəbdən də iddiaçı həmin borc məbləğin silinməli olduğunu hesab edir.. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddianın məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. İşin faktiki halları: Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac xarab olduğu üçün yenisi ilə əvəzlənmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında 11 mart 2023-cü il tarixli ******* saylı aktdan görünür ki, mənzilə baxış keçirilən zaman sayğacın geri çəkilməsi aşkarlanmışdır. Cavabdeh tərəfindən iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə 6.220,80 manat borc tələb edilmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, 2023-cü ilin mart ayına abonentin 6.220,80 manat borcu mövcuddur. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu: 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşə baxan məhkəmənin mövqeyi: Hazırkı mülki işin araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçının ünvanında yerləşən qaz sayğacına iddiaçının nümayəndələri tərəfindən fevral ayında baxış keçirilmiş və sayğacın göstəriciləri götürülərək qeyd edilmiş və sayğacın fotoşəkli çəkilmişdir. Növbəti dəfə mart ayında yoxlama aparılarkən sayğac göstəricilərinin geriyə olduğu müəyyən edilmişdir. İstinad olunanlara əsasən, Cavabdeh İB tərəfindən iddiaçıya cərimə məbləği hesablanmışdır. Məhkəmə hesablanmış cərimə məbləğinə münasibətdə qeyd edir ki, həmin məbləğ əsassızdır. Belə ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, sayğacın yararsız hala düşməsində iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna hesablanmış 6.220,80 manat borcun silinməsi barədə iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, nə qədər ki, sayğac bir aylıq dövrün yoxlanması nəticəsində işlək olmadığı müəyyən edilib, yəni istehlakçının bir ay ərzində sərf etdiyi qazın həcmini qeydə almayıb, istehlakçının keçmiş illərdə abonent saldosuna əsasən həmin aya məxsus sərfiyyatına nəzər yetirməklə ortalama məbləğin tutulması ağlabatandır. Abonent saldosundan görünür ki, 2021-ci ilin mart ayında abonent 30.80 manat məbləğində qaz sərf etmiş, 2022-ci ilin mart ayında isə 25.80 manat məbləğində qaz sərf etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının illər üzrə istifadə etdiyi qazın ortalama məbləği 27 manat təşkil edir. Odur ki, yazılmış cərimə borcunun 27 manatı iddiaçının sərf etdiyi qazın dəyəri olaraq tutulmalı, qalan hissə silinməlidir. Odur ki, məhkəmə yuxarıda sadalananlara əsasən belə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı **********10000 saylı abunə koduna hesablanmış 6.193,80 manat məbləğində borc silinməli, abonentin 27 manat borcu olması müəyyən edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, cavabdehdən 81.94 manat məbləğində rüsum tutulub dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı **********10000 saylı abunə koduna hesablanmış 6.193,80 (altı min yüz doxsan üç manat səksən qəpik) manat məbləğində borc silinsin. Cavabdehndən 81.94 (səksən bir manat doxsan dörd qəpik) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-3014/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3014/2023
08.06.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver