Məhkəmə qərarları › İş №2(011)-3049/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3049/2025

18.03.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3049/2025 18.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi ilə İddiaçı Cavabdehnə qarşı “əmək müqavilələrinə xitam verilməsi və verilməmiş əmək haqqının və mənəvi ziyanının ödənilməsi” barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “AZE BİLİŞİM FİNANS" MMC ilə bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi, məcburi iş buraxmaya görə ona 7200 manat əmək haqqının (maddi ziyan), mənəvi ziyana görə 5500 manat məbləğində pulun, 50 manat mediasiya xidmət haqqının əvəzinin tutulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin azaldılması barədə ərizə təqdim edərək, İddiaçı ilə Cavabdeh MMC ilə bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xitam verilmiş hesab edilməsini, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin müvafiq elektron informasiya sistemində yerləşdirmək vəzifəsinin Maraqlı şəxsnə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC-ə xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əsasən risk analitiki vəzifəsinə işə düzəlmişdir və aylıq əmək haqqısı 900 manat təşkil etmişdir. Sonradan Cavabdeh MMC-nin qanuni təmsilçisi Qanuni nümayəndə barəsində Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsində cinayət təqibi başalamış və ibtidai isitintaq dövründə xx.xx.2024-cü il tarixdə Alı Aksu yaşadığı evdə ölü tapılmışdır. Həmin tarixdən etibarən Cavabdeh MMC faktiki olaraq fəaliyyətini dayandırmış, bütün işçilər işə buraxılmadığından əmək haqqılar verilməmişdir. Həmçinin, o da digər işçilər kimi işə buraxılmamış, əmək müqaviləsi hal-hazıradək qüvvədə olmasına baxmayaraq, habelə cavabdeh təşkilat Cavabdeh MMC-nin işçisi sayılsa da işə buraxılmır və 2024-cü ilin iyul ayından etibarən əmək haqqı almır. Hal-hazıradək ona münasibətdə ödənilməmiş əmək haqqısı ümumilikdə 7200 manat təşkil edir. Hazırkı iddia tələbi ilə bağlı məhkəməyə müraciət etməmişdən öncə eyni məzmunlu ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X1 Xidmətinə müraciət olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X1 Xidmətinin xx.xx.2024-cü ill tarixli məktubunda etdiyi müraciətə cavab olaraq qeyd olunan məsələ ilə bağlı məhkəməyə müraciət etmək hüququ ona izah edilmişdir. Eyni zamanda hazırkı iddia tələbində qeyd olunan əmək mübahisəsinin mediasiya yolu ilə həll olunmasına səy göstərsə də, heç bir müsbət nəticə əldə edə bilməmişdir. Hesab edir ki, Əmək Məcəlləsinin 83-cü maddəsinə görə əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən, istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqqhesabı ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Onun işdən çıxarılmağına dair əmrdə əmək müqaviləsinin ləğv edilməsinə səbəb kimi həmin Məcəllənin 76-cı maddəsinin 1-ci hissəsinə görə işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsində göstərilmişdir ki, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Həmin Məcəllənin 300-cü maddəsinə görə əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Məhkəmədən xahiş etmişdir ki. qətnamə qəbul edilən zaman bu tələb nəzərə alınsın. Həmçinin, cavabdeh tərəfindən faktiki olaraq işdən çıxarılmağı və əmək haqqısının verilməməsi nəticəsində o, mənəvi və psixi sarsıntı keçirmiş və nəticə etibarı ilə cavabdehin qanunsuz hərəkətləri ilə 5500 manat məbləğində mənəvi ziyan vurulmuşdur. Tərəflərin izahatı İddiaçı məhkəməyə iştirakı olmadan baxılması haqqında ərizə ünvanlayaraq məhkəmə iclaslarına iştirakı olmadan baxılmasını və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə bildirişi göndərilmiş, lakin onlar (nümayəndələri) məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Üçüncü şəxsin nümayəndəsinin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: CMS “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş çıxarışdan görünür ki, İddiaçı Cavabdeh MMC-də aylıq əmək haqqı 900 manat təşkil etməklə risklərin idarə olunması üzrə mütəxəssis vəzifəsində işləyir. Maraqlı şəxs tərəfindən verilən xx.xx.2024-cü il tarixli, 3-17-5/1-Ş-69449/2024 nömrəli müraciətə dair məktubdan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsisteminə baxış keçirilərkən İddiaçı ilə Cavabdeh MMC-nin işəgötürəni arasında bağlanılmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin qüvvədə olduğu müəyyən edilmişdir. İş materiallarında olan Bakı 10 saylı Mediasiya təşkilatı tərəfindən verilən xx.xx.2025ci il tarixli, MŞB/10/2025-00056 saylı “İlkin mediasiya sessiyasından iştirak edilməməsi barədə” arayışdan görünür ki, iddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və tərəfindən 50 manat mediasiya xərci ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərinə əsasən, bu məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 5-1-ci maddəsinə əsasən, əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir. Həmin Məcəllənin 42-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmin Məcəllənin 49-cu maddəsinin 1-ci hissəsinə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Qeyd edilən Məcəllənin 68-ci maddəsinin birinci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Yenə həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Göstərilən Məcəllənin 69.1 və 69.2-ci maddəsinə əsasən, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqqhesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 iyun 2014-cü il tarixli, 183 saylı qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumatın forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar” – ın 3.4-cü bəndinə əsasən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsi əsasında sözügedən müəssisədə risklərin idarə olunması üzrə mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı mübahisənin məhkəmədən kənar həlli ilə bağlı mediasiya təklifi göndərmiş, lakin cavabdehin hərəkətsizliyi ucbatından o, əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etməli olmuşdur. Buna görə də əmək müqaviləsinə tərəflərin birinin təşəbbüsü ilə xitam verilməsi mümkün deyildir. Bu səbəbdən iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. İddiaçının əmək müqaviləsinə xitam verilməsinə israrlı olmasına baxmayaraq, cavabdehlərin hərəkətsizliyi üzündən əmək və məşğulluq alt sistemində işçi olaraq qeyd edilməsi onun konstitusion hüquqlarını pozur. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, tərəflər arasında əmək münasibətləri yaranmadığından, iddia təmin edilməli, iddiaçı ilə Cavabdeh MMC arasında olan əmək müqaviləsinə xitam verilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbinin ikinci hissəsi də əsaslıdır və təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı qətnamənin icrası zamanı çətinliklər törədəcəyindən qətnamənin icrasız qalmaması üçün əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin “Əmək və Məşğulluq” altsisteminə daxil edilməsi vəzifəsi X1 Xidmətinə həvalə edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında olan əmək müqaviləsi (əmək münasibətləri) xitam verilmiş hesab edilsin. Əmək müqavilələrinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin müvafiq elektron informasiya sistemində yerləşdirmək vəzifəsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar