Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3088/2024 25.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, məhkəmə iclas katibi İskəndərova Əlvanə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçının tələb və dəlilləri: İddiaçı Cavabdeh İB-nə qarşı iddiaçıya məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni Yaşayış massivi ünvanında yerləşən fərdi yaşayış evinin avtomobil qəzası nəticəsində qəzaya görə qaz sayğacının yararsız vəziyyətə salınmasına görə Cavabdeh İB tərəfindən hesablamış 4112,64 manat borcun silinməsi, qaz sayğacına görə ödədiyi 168,00 manat və cavabdehdən alınaraq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. O, verdiyi izahatında göstərmişdir ki, 2023-cü ilin aprel ayında onun ünvanın avtomobil qəzası baş vermişdir və sayğacı da zədələnmişdir. Sayğac düşmüşdür yerə, o, da sayğacı saxlamışdır evdə. Bu hadisə barədə o, qaz idarəsinin əməkdaşına danışmışdır. Onlar tərəfindən də sayğac verilmiş, o da həmin sayğacı quraşdırmış və təbii qazdan isitfadə etmişdir. Ona bildirilmişdir ki, idarədə sayğac yoxdur. O, məcbur olub ASAN Xidmətdən təzə sayğac almışdır. Cavabdeh İB tərəfindən də həmin sayğac quraşdırımışdır.Təzə sayğac quraşdırılan zamanı o, zədələnmiş sayğacı qaytarmışdır geri. Hadisədən sonra sayğac quraşdırılan tarixinədək təxmini 2 ay keçmişdir. O, hadisədən sonra 2 ay təbii qazdan istifadə etməmişdir. Sonra artıq mümkün olmadığına görə şlanq qoşdu və bunun vasitəsilə təbii qazdan istifadə etmişdir. Cavabdehin etirazının dəlilləri Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumat verilsə də, cavabdeh heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İşin halları İddiaçı barəsində Cavabdeh İB tərəfindən xx.xx.2023-cü il tarixində və xx.xx.2023-cü il tarixində “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* və ******* nömrəli aktlar tərtib edilmişdir. Aktlarda abonent tərəfindən təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edildiyi qeyd edilmişdir. Abonent barəsində 2023-cü ilin may ayında 3525,12 manat, iyun ayında 293,76 və avqust ayında da 293,76 manat məbləğində borc hesablanmışdır. İddiaçı ünvanında sayğac yandığına görə xx.xx.2023-cü il tarixində yeni sayğac quraşdırımışdır. İddiaçı tərəfindən yeni qaz sayğacına görə 168 manat məbləğində ödəniş edilmişdir. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanun Maddə 13 ...8. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir
9. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.[16] 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsi
Maddə 77. Sübütetmə vəzifəsi 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119 Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Məhkəmənin mövqeyi:
Məhkəmə mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, mülki işin məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 2023-cü ilin aprel ayında iddiaçının evinin yerləşdiyi ünvanda avtomobil qəzası baş vermiş və hadisə nəticəsində iddiaçının ünvanında quraşdırılmış qaz sayğacı zədələnmiş və yararsız hala düşmüşdür. Bundan sonra iddiaçının ünvanında yeni sayğac xx.xx.2023-cü il tarixində quraşdırılmışdır. Ünvanda yeni sayğac quraşdırılanadək iddiaçı təbii qazdan kənar xətt vasitəsilə istifadə etmişdir. Bu hal mülki iş materiallarında olan aktlara əlavə edilmiş foto şəkillər, yerində müayinə və iddiaçının verdiyi izahata əsasən öz təsdiqini tapır. Lakin, məhkəmə iddiaçı tərəfindən təbii qazdan sayğacdan kənar istifadə edilməsi nəticəsində Cavabdehnə vurulan ziyanın 4112,64 manat məbləğində hesablanmasını ağlabatan hesab etmir. Belə ki, iddiaçı sayğacsız Cavabdeh İB-nin qaz xəttinə qoşulsa da, Cavabdeh İB-nə dəymiş zərər məbləğinin artmasına səbəb məhz Cavabdeh İB əməkdaşlarının hərəkətsizliyi olmuşdur. Odur ki, dəymiş ziyanı hesablanması məişət abonenti olan iddiaçıya münasibətdə sutkanın on iki saatı, 90 gün hesabat müddəti üzrə hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən Cavabdeh İB-nə vurulmuş zərər, iddiaçının evində quraşdırılmış 3 göz qaz plitəsinin (0,8 m3/saat) və kombinin (2.6 m3/saat) maksimal saatlıq qaz sərfi nəzərə alınmaqla, 90 gün 12 saat hesabat müddətinə görə hesablanaraq (0,8x12x90=864 m3, 2,6x12x90=2808m3, 864+2808=3672m3 3672m3x0,12=440,64 manat) 440,64 manat məbləğində müəyyən edilməlidir. Cavabdeh İB tərəfindən iddiaçıya hesablanmış qalan 3672,00 (4112,64 - 440,64 = 3672,00) borc məbləği əsassız hesab edilərək silinməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə iddiaya qaz sayğacına görə apardığı ödənişin əvəzi olaraq 168,00 manat məbləğində vəsaitin Cavabdeh İB-dən tutularaq iddiaçıya ödənilməsi tələbinə qiymət verərək belə qənaətə gəlir ki, iddia bu hissədə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının evində quraşdırılmış qaz sayğacı avtomobil qəzası nəticəsində zədələnmişdir. Lakin, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması qaz paylayıcısının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilməli olduğu halda, iddiaçı yeni sayğaca görə 168 manat ödəniş etməli olmuşdur. Bu isə qanunvericiliyin tələbinə ziddir. Odur ki, iddia bu hissədə təmin edilərək iddiaçı tərəfindən qaz sayğacına görə ödənilən vəsaitin əvəzi olaraq 168 manat məbləğində vəsait Cavabdeh İB-dən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddiaya əlavə xərclərə görə 1500 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə qiymət verərək, belə qənaətə gəlir ki, iddia cavabdehin hərəkətləri nəticəsində 1500 manat əlavə xərc çəkdiyini iddia etsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Odur ki, iddia bu hissədə sübuta yetirilmədiyinə görə təmin edilməməlidir. Məhkəmə məhkəmə xərclərinin tutulması ilə bağlı məsələyə qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edildiyinə görə məhkəmə xərcinə daxil olan 56,72 manat məbləğində dövlət rüsumu da “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsi və Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə
qət etdi:
İddia qismən təmin edilsin. Cavabdeh İB tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni yaşayış massivində yerləşən fərdi yaşayış evi üzrə abonent İddiaçı (abonent kodu: **********00013) hesablanmış 3672,00 (üç min altı yüz yetmiş iki manat) manat məbləğində borc silinsin. Cavabdeh İB-dən 168 (yüz altmış səkkiz manat) məbləğində vəsait tutularaq İddiaçı ödənilsin. 56,72 (əlli iki manat yetmiş iki qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh İBdən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Əminə Abbasova