Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3102/2023 31.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsinə dair” iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 1 ünvanda yerləşən evinə (kod: **********90000) əsassız olaraq hesablanmış 518,40 manat cərimə borcunun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, iddiaçı ünvan 1 ünvanda ailəsi ilə birlikdə yaşayır, xx.xx.2022ci il tarixdə cavabdehin əməkdaşları tərəfindən istifadəsində olan qaz sayğacı yenisi ilə əvəz edilmişdir, yeni sayğacı qısa müddət istifadə etdikdən sonra iddiaçıya çıxarılmış sayğacın yoxlamadan keçirildiyi, yoxlama zamanı onun korroziyaya uğraması, Alarm-1 rejimində olması müəyyən edildiyi, iddiaçıya müdaxilə etdiyi üçün 518,40 manat borcu ödəməli olduğu bildirilmişdir, lakin iddiaçı istifadə etdiyi qazın dəyərini həmişə ödəmişdir, həmçinin sayğacın çıxarılması haqqında tərtib edilmiş aktdan da görünür ki, qaz sayğacı çıxarılarkən plomblar üzərində olmuşdur, belə olan halda da sayğaca müdaxilə etmək qeyri-mümkündür, iddiaçı istifadə etdiyi qazın dəyərini həmişə artıqlaması ilə ödəmişdir. Sonda iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi R.V.Əliyev izahat verərək bildirdi ki, iddiaçı cavabdeh təşkilata ziyan vurmuşdur, bununla bağlı əməkdaşlar tərəfindən akt tərtib edilmiş, dəymiş ziyan hesabatı hazırlanmışdır, iddiaçı sayğac olmadan qazdan istifadə etdiyinə görə, ona borc yazılmış və iddiaçının abonent koduna əlavə edilmişdir, tərtib olunan akt əsaslıdır, əgər bu həddə borc yazılıbsa, bu o deməkdir ki, qazdan qanunsuz istifadə edilir, iş üzrə abonentin Gasrep sənədi yoxdur. Sonda cavabdehin nümayəndəsi R.V.Əliyev iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin, habelə cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı Aktdan görünür ki, istehlakçı İddiaçı məxsus Sabunçu rayonu Şəhər şossesi ünvanı üzrə İtron tipli, G-4 markalı qaz sayğacı, yeni Zenner tipli G-4 markalı qaz sayğacı ilə əvəz edilmişdir. İş materiallarında olan Cavabdeh İB-nin 31 mart 2022-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”-nin surətindən görünür ki, xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə 4320 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 31 mart 2022-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, İddiaçı məxsus Sabunçu rayonunda yerləşən ünvan üzrə qaz sayğacına dair “sayğacın yivli birləşmələri korroziyaya uğrayıb, sayğaca geriyə axın verdikdə hesablama mexanizmi geriyə işləmir, Alarm-1 rejimi aşkar olunub” nöqsanı qeyd edilmiş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. İş materiallarında olan 18 noyabr 2022-ci il tarixli “Abonent saldosu”ndan görünür ki, İddiaçı ünvan 4 ünvanı üzrə **********90000 nömrəli abonent hesabına “Qalıq və aktlar” əsasında 03/2022 tarixə 518,40 manat təşkil edir, həmçinin 03/2022 tarixi üzrə sərfin məbləği 16,68, 04/2022 tarixi üzrə 37,80 olmuşdur, cihazlar 4 gözlü qaz plitələri (PQ-4), samovar, qızdırıcı radiator peçidir, ünvanda ailə tərkibi 5 nəfərdir, Zenner G4T **********2 saylı qaz sayğacı xx.xx.2022-ci il tarixdə quraşdırılmışdır. Tədqiq edilmiş sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac xx.xx.2022-ci il tarixdə cavabdeh tərəfindən yenisi ilə - Zenner G4 mexaniki tipli **********2 saylı sayğacla əvəz edilmişdir, əvəzləşdirilmiş sayğaca cavabdehin əməkdaşları tərəfindən baxış keçirilmiş, “sayğacın yivli birləşmələri korroziyaya uğrayıb, sayğaca geriyə axın verdikdə hesablama mexanizmi geriyə işləmir, Alarm-1 rejimi aşkar olunub” nöqsanı qeyd edilməklə xx.xx.2022-ci il tarixli ******* saylı akt tərtib edilmişdir, həmin akt əsasında 518,40 manat 03/2022-ci il tarixində borc iddiaçının **********90000 nömrəli abonent hesabına daxil edilmişdir, həmçinin ünvan üzrə 03/2022 tarixdə sərfin məbləği 16,68 manat, 04/2022-ci il tarixdə 37,80 manat olmuşdur, 2022-ci ilin yanvar və fevral ayı üzrə hesablaşma aparılmamışdır, ünvan üzrə qaz cihazları 4 gözlü qaz plitələri (PQ-4), samovar və qızdırıcı radiator peçidir, ailə tərkibi 5 nəfərdir. Bununla bərabər, qaz sayğacının zədələnməsinə səbəb olan hallarla bağlı iddiaçının (istehlakçının) təqsiri məhkəmə tərəfindən müəyyən olunmur. Məhkəmə, itirilmiş təbii qaz sərfiyyatına münasibətdə qeyd edir ki, ünvan üzrə 2022ci ilin yanvar və fevral ayı ərzində təbii qazdan istifadəyə görə hesablaşma aparılmadığından, habelə 2022-ci ilin mart ayı üzrə ziyanın tələb olunan həddə (518.40 manat) hesablanmasına əsas olmuş mötəbər sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyindən, itirilmiş qaz sərfiyyatı qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü (qış ayları), növbəti aylar ərzində ünvan üzrə sərfin orta məbləği (03/2022 tarixdə sərfin məbləği 16,68 manat, 04/2022-ci il tarixdə 37,80 manat), istehlakçının istifadə etdiyi qaz qurğusunun növləri (4 gözlü qaz plitələri (PQ-4), samovar, qızdırıcı radiator peçi) və ailə tərkibi (5 nəfər) nəzərə alınmaqla aparılmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, ümumilikdə itirilmiş qaz sərfiyyatı 81,72 (16,68 + 37,80 = 54,48 / 2 = 27,24 x 3 ay = 81,72) manat həddində müəyyən edilməli və iddiaçının abonent hesabına yazılmış 518,40 manat borcdan 436,68 (518,40- 81,72) manat silinməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Həmin Qanununun 13-cü maddəsinin 8-1-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Həmin Qanunun 11-ci maddəsinin 6-cı hissəsinə əsasən, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 3.1.2-ci bəndinə əsasən, istehlakçını qazın alqı-satqı müqaviləsində göstərilən keyfiyyətdə və həcmdə, habelə dövlət standartlarının tələblərinə uyğun qazla təmin etmək qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısının vəzifəsidir. Həmin Qaydaların 3.1.3-cü bəndinə əsasən, qaz paylayıcısı qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalıdır. Həmin Qaydaların 3.4.1-ci bəndinə əsasən, özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq qadağandır. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3-cü maddəsinə əsasən, istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh tərəfindən iddiaçının hesabına (abonent kodu: **********90000) yazılmış 436,68 manat məbləğində borc silinməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən, iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan və hazırki iddia qismən təmin edildiyindən, dövlət rüsumu cavabdehə aid edilməli, təmin edilmiş iddianın qiyməti 1000 manatadək olduğundan, cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. ünvan 4 ünvanı üzrə **********90000 saylı abonent koduna Cavabdeh tərəfindən hesablanmış 436 (dörd yüz otuz altı) manat 68 (altmış səkkiz) qəpik borc silinsin. İddia tələbi qalan hissədə rədd edilsin. Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-3102/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3102/2023
31.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver