Məhkəmə qərarları › İş №2(011)-3103/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3103/2025

10.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3103/2025 10.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları:

1. İddiaçı Masallı rayonu, Ərkivan qəsəbəsində yerləşən fərdi yaşayış evi üzrə **********00900 saylı abonent kodu ilə qeydiyyata alınmış, tərəflər arasında xx.xx.2015-ci il tarixdə qazın alqı-satqısına dair 1394 saylı müqavilə bağlanmışdır.

2. Abonent saldasona əsasən iddiaçının yaşadığı məzilə sayğac sonuncu dəfə xx.xx.2020-ci il tarixdə quraşdırılmışdır. İddiaçının yaşadığı fərdi yaşayış evinə cavabdeh tərəfindən 2010-cu ilin oktyabr və dekabr aylarında, cəmi 277,62 manat (170,9 və 106,72), 2011-ci ilin yanvar ayında isə 106,72 manat, aprel ayında isə 18 manat olmaqla, ümumilikdə 402,34 manat borc hesablanmış, həmin borclar abonent saldosunun “qalıq və aktlar” bölməsində qeyd edilmişdir.

İddia ərizəsinin və ona etirazın dəlilləri: a) İddia ərizəsinin dəlilləri

3. İddiaçı cavabdeh tərəfindən yazılmış 326,84 manat borcun **********00900 saylı abonent kodundan silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

4. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Masallı rayonu, Ərkivan qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşayır. Ev qaz sayğacı ilə təmin edilmişdir. O, müəyyən edilmiş tarif planına uyğun olaraq təbii qazdan istifadəyə görə ödənişləri edir. Lakin adına olan abonent koduna 2010-cu ilin oktyabr ayında 170,9 manat, dekabr ayında 106,72 manat, 2011-ci ilin yanvar ayında 106,72 manat, aprel ayında 18 manat, ümumilikdə 402,34 manat əsassız borc yazılmışdır. Dəfələrlə cavabdehə müraciət etməsinə baxmayaraq heç bir nəticə olmamış, yalnız 2014-cü ildə 75,5 manat silinmişdir.

Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

5. Cavabdehin nümayəndəsi etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

6. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi.

7. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəllə:

8. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

9. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın:

10. Maddə 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz (xx.xx.2023-cü il tarixədək olan mətn).

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

11. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

12. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

13. Maddə 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

14. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi:

15. Məhkəmə ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır.

16. “Qazdan istifadə Qaydalrı”nın qeyd edilən 5.2-ci bəndində təbii qazdan istifadəyə görə hesablaşmaların hansı qaydada aparılması göstərilmişdir. Həmin müddəadan da görünür ki, qaz paylayıcı mexainiki tipli qaz sayğaclarına görə istehlakçıya verilən qazın dəyər yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablanmalı və hər ay istehlakçıya hesab təqdim etməlidir. İddiaçının adına olan abonent saldosundan görünür ki, iddiaçının yaşadığı fədri yaşayış evinə G-4 markalı mexaniki sayğac quraşdırılmışdır. Bu halda cavabdeh iddiaçının istifadə etdiyi təbii qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tələb edə bilərdi.

17. Lakin abonent saldosundan görünür ki, iddiaçinın silinməsini tələb etdiyi 326,84 manat borc (ümumilikdə 402,34 manat olsa da, 2014-cü ildə 75,5 manat silindiyindən 326,84 manat qalmışdır) saldonun “qalıq və aktlar” bölümündə göstərilmiş, buna baxmayaraq cavabdeh məhkəmə iclası barədə rəsmi qaydada məlumatlandırılsa da, qeyd edilən borcun nəyin əsasında (hansı akt əsasında) hesablanması ilə bağlı sübutlarını məhkəmyə təqdim etməmişdir.

18. Şərh edilənlər əsasında məhkəmə belə qənaətə gəlir ki, mübahisələndirilən borcun hansı əsasla hesablanması ilə bağlı cavabdeh məhkəməyə heç bir sübut təqdim etmədiyindən, habelə istehlak edilən qazın dəyərinin isə yalnız sayğacın göstəricələrinə əsasən tələb edilməsi qanunla müəyyən edildiyindən cavabdehin həmin borcu digər əsasla iddiaçıdan tələb etməsi qanunsuzdur və buna görə iddia təmin edilməlidir.

19. Məhkəmə həmçinin, qeyd edir ki, iddiaçı istehlakçı olduğundan və qanunla dövlət rüsumundan azad olunduğundan, məhkəmədə işə baxılması ilə əlaqədar dövlət rüsumu cavabdehdən tutulmalıdır.

20. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən Masallı rayonu, Ərkivan qəsəbəsində yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********00900) dair hesablnmış 326,84 manat məbləğində borc silinsin. 30 manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”ə yerləşdirildiyi) gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar