Məhkəmə qərarları › İş №2(011)-3126/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3126/2022

19.09.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3126/2022 19.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçı X2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbii qazdan istifadə qaydalarının pozulması haqqında olan 17 fevral 2022-ci il tarixli ******* saylı aktın və həmin akta əsasən abonent hesabına yazılmış ziyanın silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ailəsi ilə birlikdə Saatlı rayonu, Mustafabəyli kəndində yaşayır. Saatlı xidmət sahəsinin əməkdaşları iddiaçının evinə gələn qaz xəttinə baxış keçirdikdən sonra onun barəsində təbii qazdan istifadə qaydalarının pozulması haqqında 17 aprel 2022-ci il tarixli akt tərtib etmişlər. Həmin aktda abonent polietilen küçə xəttindən qeyri-qanuni olaraq şlanklı birləşmə ilə qazdan istifadə etdiyi qeyd edilmişdir. Hər ay Saatlı xidmət sahəsinin əməkdaşları bütün sayğaclara baxış keçirib sərfiyyatı qeyd edərək bu barədə abonentlərə işlətdikləri təbii qaza görə yaranmış borcları barədə bildiriş təqdim edir. İddiaçı hər ay işlətdiyi qaz sərfiyyatının pulunu ödəmişdir. Lakin hazırda X6 İdarəsi iddiaçının hesabına 1.814,40 manat cərimə yazaraq onu da qaz sərfiyyatının üzərinə hesablamışlar. Daha sonra iddiaçı Azərbaycan Respublikasının MPM-nin 54-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək onun əsl iddiaçı X3 ilə əvəz edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən əsassız olaraq tələb olunan 1.814,40 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə ilk öncə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan Cavabdeh İB tərəfindən tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, İddiaçı məxsus evə baxış zamanı abonentin polietilen küçə xəttindən qeyri-qanuni olaraq şlanklı birləşmə ilə qazdan istifadə etdiyi aşkar olunmuşdur. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfin məhkəmə iclasında verdiyi izahatlara əsasən müəyyən olunmuşdur ki, o, oğlu ilə birlikdə sözügedən ünvanda yaşayır. İddiaçı müvəqqəti olaraq başqa rayona getdiyi zaman oğlu qeyri-qanuni xəttdən istifadə etmişdir. Belə ki, oğlu əqli cəhətdən qüsurludur və qanunsuz qoşulma da təxminən 7-10 gün ərzində baş vermişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında 17 fevral 2022-ci il tarixli akta əsasən, həmin mənzildəki sayğaca baxış keçirilən zaman sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olunmuşdur, abonentin saldosuna əsasən həmin ünvana itirilmiş təbii qazın dəyəri olaraq 2022-ci ilə 1.814,40 manat borc yazılmışdır. İddiaçı 1.814,40 manat borcun silinməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında izahat vermiş iddiaçı onlara aid ünvanda qısa müddət ərzində qazdan qeyri-qanuni istifadə edildiyini bildirmişdir. İddiaçı bilmədiyindən bu hal baş vermiş və sərf etdiyi qazın dəyərini ödəməyə etiraz etmədiyini bildirmişdir. Beləliklə, məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, iddiaçıya məxsus evdə quraşdırılan sayğaca baxış keçirilən zaman təbii qazdan qeyri-qanuni istifadə edilməsinin aşkar edilməsi əsası ilə aktlar tərtib edilmiş, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 1.814,40 manat məbləğində borc iddiaçıdan tələb edilmişdir. Məhkəmə iclasında iddiaçı tərəfindən qaz xəttinə qaz sayğacından kənar qeyriqanuni xətlə qoşulması halı öz təsdiqini tapmışdır. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı istehlakçı kimi qanunsuz olaraq qazpaylayıcı şəbəkəyə qoşularaq, qazdan istifadə etdiyindən, bununla da, qazpaylayıcısı olan istehsalçıya zərər vurduğundan, cavabdeh qarşısında məsuliyyət daşıyır və qazpaylayıcısı zərərin ödənilməsini iddiaçıdan tələb etməkdə haqlıdır. Məhkəmə cavabdehin tələb etdiyi cərimə borcuna dair hissəyə qiymət verərək hesab edir ki, iddiaçıdan tələb edilən məbləğ yüksək bir məbləğdir. Belə ki, məhkəmə iş materiallarını araşdırarkən cavabdeh təşkilatın cəriməni hansı hesablama qaydaları ilə apardığına, yəni heç bir hesablama düsturuna rast gəlmədiyindən, ümumiyyətlə belə bir düsturun mövcudluğunu təsdiq edən hər hansı bir sənəd məhkəməyə təqdim olunmadığından, ötən ayların hesabatlarına nəzər yetirərək vətəndaşın qaz xəttinə qanunsuz qoşulması nəticəsində 150 manat məbləğində cərimələnməsini məqsədəmüvafiq hesab edir. Odur ki, iddiaçıya hesablanan 1.814,40 manat cərimə borcundan 150 manat saxlanılmaqla qalan 1.664,40 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı **********03450 saylı abunə koduna hesablanmış 1.814,40 manat məbləğində cərimə borcundan 150 manat saxlanılmaqla qalan 1.664,40 manat məbləğində borc silinməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, cavabdehdən 36.64 manat məbləğində rüsum tutularaq dövlət nəfinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı **********03450 saylı abunə koduna hesablanmış 1.814,40 (bir min səkkiz yüz on dörd manat qırx qəpik) manat məbləğində cərimə borcundan 150 (bir yüz əlli) manat saxlanılmaqla qalan 1.664,40 (bir min altı yüz altmış dörd manat qırx qəpik) manat məbləğində cərimə borcu silinsin. Cavabdehndən 36.64 (otuz altı manat altmış dörd qəpik) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar