Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-3128/2021 28.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi ilə, İddiaçı və onun nümayəndəsi və vəkili X1, Cavabdeh "xxxx" lizinq şirkəti QSC-nin hüquqi varisi "xxxx" MMC-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı "xxxx" lizinq şirkəti QSC-nin hüquqi varisi "xxxx" MMC-yə qarşı “borcun ödənilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" lizinq şirkəti QSC (hazırda "xxxx" MMC) ilə onun arasında 04.09.2014-cü il tarixli, 2506/14/B saylı daxili maliyyə lizinqi müqaviləsi üzrə olan borcun ödənilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahat verərək bildirdi ki, "xxxx" lizinq şirkəti QSC-nin hüquqi varisi "xxxx" MMC ilə bağlanmış müqaviləyə əsasən, bir ədəd “Chevrolet Aveo” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobil onun sahiblik və istifadəsinə verilmiş, avtomobil üçün hesablanmış 14633,52 ABŞ dolları məbləğində borcu illik 18% hesablanmaqla 36 ay müddətində qarşı tərəfə ödəmək barədə öhdəlik götürmüş, müqavilə bağlandığı tarixdə 1165,37 manat ilkin ödəniş etmiş, cədvələ uyğun olaraq hər ay ödənişləri vaxtında ödəmişdir, bununla da 01.02.2016-cı il tarixinədək müqavilə üzrə cəmi 10,147,22 manat ödəniş etmişdir, Nizami rayon Məhkəməsinin qətnaməsi ilə lizinq obyekti olan avtomobil ondan alınaraq "xxxx" lizinq şirkəti QSC-yə qaytarılmışdır, onun dəyəri 8600 manatla qiymətləndirilərək satıldığı üçün İddiaçı həmin avtomobil üçün 18,747,22 manat ödəmişdir, hətta müqavilənin bitməsindən 1 il əvvəl avtomobili təhvil vermişdir, həmin müqavilə üzrə yaranmış borc məbləğinin cavabdehlərdən tutularaq "xxxx" lizinq şirkəti QSC-nin hüquqi varisi "xxxx" MMC-nin hesabına ödənilməsi barədə iddia tələbi Bakı şəhəri Xətai rayon Məhkəməsinin qətnaməsi ilə təmin olunmuşdur və o, bu qətnamədən razı deyil, belə hesab edir ki, borc məbləği doğru hesablanmamışdır, bu səbəbdən qətnamə tamamilə qanunsuz və əsassızdır, tələb olunan məbləği ödəməklə və avtomobili qaytarmaqla öhdəliklərini yerinə yetirmişdir, buna görə hesab edir ki, hazırda onun borcu yoxdur. Sonda İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X2 müdafiə etdiyi şəxsin izahatına uyğun izahat verərək borcun silinmiş hesab edilməsi barədə iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh "xxxx" lizinq şirkəti QSC-nin hüquqi varisi "xxxx" MMC məhkəməyə yazılı etiraz təqdim edərək, həmçinin onun nümayəndəsi R.Əhmədov da etiraza uyğun izahat verərək bildirdi ki, əvvəla, "xxxx" lizinq şirkəti 17.06.2004-cü ildə qeydiyyata alınmışdır, hazırda qurumun hüquqi varisi "xxxx" MMC-dir, digər tərəfdən, iddiaçının borcun ödənilmiş hesab edilməsi barədə tələbi qanunsuz və əsassız olmaqla qərarın icrasına mane olmaq məqsədi daşıyır, belə ki, "xxxx" lizinq şirkəti QSC İddiaçı ilə bağladığı 04.09.2014-cü il tarixli, 2506M/14/B saylı daxili maliyyə lizinqi müqaviləsinə əsasən, onun seçdiyi, təsviri və dəyəri həmin müqavilədə göstərilən, buraxılış ili 2014-cü il olan bir ədəd “Chevrolet Aveo” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobili öz mülkiyyətinə əldə edərək onun müvəqqəti sahibliyinə və istifadəsinə vermiş, İddiaçı isə 14633,52 ABŞ dolları məbləğində borcu illik 18% hesablanmaqla, 36 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür, eyni zamanda müqavilədən irəli gələn öhdəlikərin icrasının təmini üsulu olaraq, "xxxx" lizinq şirkəti QSC ilə X6 ilə zaminlik müqaviləsi bağlanmışdır, lizinq alan lizinq ödənişləri cədvəli üzrə mütəmadi olaraq hər ay ödəniş etməli olduğu halda, müqavilə şərtini pozaraq öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir, Nizami rayon Məhkəməsinin 12.07.2016-cı il tarixli qətnaməsinin icrası nəticəsində, avtomobil "xxxx" lizinq şirkəti QSCyə qaytarılmışdır. Həmçinin, İddiaçı lizinq obyekti təhvil verilən tarixə kimi öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyinə görə 26.10.2016-cı il tarixə 4478,22 ABŞ dolları əsas məbləğdən gecikmə, 1422 ABŞ dolları lizinq mükafatı, 30 ABŞ dolları dəbbə pulu və 19,25 ABŞ dolları servis borcu yaranmışdır, bu səbəbdən mübahisəli məsələ ilə bağlı "xxxx" lizinq şirkəti QSC “daxili maliyyə lizinq müqaviləsi üzrə hesablanmış borcun ödənilməsi” tələbi ilə Xətai rayon Məhkəməsinə müraciət etmiş, məhkəmə 25.01.2019-cu il tarixində İddiaçı və Q.Qurbanlıdan müştərək qaydada həmin müqavilə üzrə 4478,22 ABŞ dolları əsas məbləğdən gecikmə, 1422 ABŞ dolları lizinq mükafatı, 30 ABŞ dolları dəbbə pulu, 19,25 ABŞ dolları servis borcu olmaqla, cəmi 5949,47 ABŞ dolları məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq, "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul etmişdir, lakin İddiaçı həmin qətnamə ilə razılaşmayaraq apelyasiya və kassasiya şikayəti vermiş, şikayət təmin olunmamışdır, hazırkı iş üzrə tərəflər arasında bağlanmış müqavilə üzrə mübahisə edilən borc Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının qanuni qüvvəyə minmiş qərarı ilə artıq sübut olunmuş fakt kimi öz təsdiqini tapmışdır, bu səbəbdən borcun ödənilmiş hesab edilməsinə dair iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş edir. Məhkəmə, tərəflərin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)- 3643/2016 saylı, 12.07.2016-cı il tarixli qətnaməsinin nəticə hissəsindən görünür ki, iddia tələbi təmin edilərək, Lizinq obyekti sayılan, “Chevrolet Aveo” markalı **-AE-*** dövlət qeydiyyat nişanlı, 2014-cü il buraxılışlı, KL1TA69FJEB682720 ban nömrəli minik avtomobilinin cavabdehlər İddiaçı və X3 alınaraq "xxxx" lizinq şirkəti QSC-yə ödənilməsi qət edilmişdir. İş materiallarında olan qanuni qüvvəyə minmiş məhkəmə aktlarından görünür ki, "xxxx" lizinq şirkəti QSC-nin hüquqi varisi "xxxx" MMC cavabdehlər İddiaçı və X5 qarşı daxili maliyyə lizinqi müqaviləsi üzrə hesablanmış borcun ödənilməsi tələbi ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər İddiaçı və X3 müştərək qaydada 04.09.2014-cü il tarixli, 2506M/14/B saylı daxili maliyyə lizinqi müqaviləsi üzrə 4478,22 ABŞ dolları əsas məbləğdən gecikmənin, 1422 ABŞ dolları lizinq mükafatının, 30 ABŞ dolları dəbbə pulunun, 19,25 ABŞ dolları servis borcunun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" lizinq şirkəti QSC-nin hüquqi varisi "xxxx" MMC-yə ödənilməsini xahiş etmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1905/2019 saylı, 25.01.2019-cu il tarixli qətnaməsi ilə həmin iddia tələbi təmin edilərək İddiaçı və X3 müştərək qaydada 04.09.2014-cü il tarixli, 2506M/14/B saylı daxili maliyyə lizinqi müqaviləsi üzrə 4478,22 ABŞ dolları əsas məbləğdən gecikmə, 1422 ABŞ dolları lizinq mükafatı, 30 ABŞ dolları dəbbə pulu, 19,25 ABŞ dolları servis borcu olmaqla, cəmi 5949,47 ABŞ dolları məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq, "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(013)-8874/2019 saylı, 04.07.2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhər Xətai rayon Məhkəməsinin 25.01.2019-cu il tarixli, 2(011)-1905/2019 saylı qətnaməsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-7685/2019 saylı, 02.12.2019-cu il tarixli qərarı ilə isə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(013)-8874/2019 saylı, 04.07.2019-cu il tarixli qətnaməsi dəyişiklik edilmədən qüvvədə saxlanılmışdır. Göründüyü kimi, hazırkı mülki iş üzrə tərəflər olan İddiaçı və X6 arasında Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1905/2019 saylı işi üzrə eyni predmet və eyni əsaslar üzrə mübahisəyə baxılmış və mahiyyəti üzrə məhkəmə qətnaməsi çıxarılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi çıxarıldığından hazırkı mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Müllki Prosessual Məcəlləsinin 261.0.2, 262-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı "xxxx" lizinq şirkəti QSC-nin hüquqi varisi "xxxx" MMC-yə qarşı “borcun ödənilmiş hesab edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-3128/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-3128/2021
28.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver