Məhkəmə qərarları › İş №2(011)-3142/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3142/2022

11.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3142/2022 11.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin vəkili və nümayəndəsi X6 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı mənzilin təhvil verilməsi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlə aralarında xx.xx.2019-cü il tarixdə bağlanmış “mənzil tikintisinə və satışına dair” müqaviləyə əsasən 136.000 manat məbləğində dəyəri tam ödənilmiş Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə 2020-ci ilin axırında tikintisi başa çatdırılmalı olan yüksək mərtəbəli binanın “D" blokunun 6-cı mərtəbəsində, ümumi sahəsi 98.5 kv.metr olan 2 saylı və həmin blokun 9-cu mərtəbəsində ümumi sahəsi 90.9 kv.metr olan 5 saylı mənzilərin ona təhvil verilməsi, iddia ərizəsini məhkəməyə verən zaman ödədiyi 426 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulub ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki halları ondan ibarətdir ki, iddiaçı ilə "xxxx" MTK arasında xx.xx.2011-ci il tarixdə müqavilə bağlanmışdır. Müqavilənin predmetinə görə "xxxx" MTK Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanda inşa edilən yaşayış binasının tikinti sahəsi 135 kv.m-dən ibarət 3 otaqlı, mənzili alıcıya təhvil verməyi öhdəsinə götürmüş, mənzilin dəyəri – 136 000 manat pul iddiaçı (yeni payçı) tərəfindən həmin tarixdə ödənilmişdir. Cavabdeh tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş maliyyə arayışına əsasən Mənzilin pay dəyəri iddiaçı tərəfindən tam ödənilib və onun cavabdehə borcu yoxdur. xx.xx.2018-ci il tarixdə "xxxx" MTK-nın qanuni təmsilçisi, cavabdehin qanuni təmsilçisi və X2 arasında müqavilə bağlanmış, müqaviləyə əsasən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında inşa edilən binaların başqa şəxslərə təkrar satılması nəticəsində zərərçəkmiş şəxslərin Cavabdeh MMC-yə ayrılmış Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti,1181-ci məhəllədə tikilməkdə olan digər bloklardakı sahələrə köçürülməsi, köçürülmənin sənədləşdirilməsi barədə razılıq əldə olunmuşdur. Daha sonra, iddiaçı ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixdə müqavilə bağlanmışdır. Müqaviləyə əsasən "xxxx" MTK tərəfindən iddiaçıya verilən A1 blokunun 19-cu mərtəbəsində 136,1 kv.m olan yaşayış sahəsinə dair xx.xx.2011-ci il tarixli müqavilənin ləğv edilir, buna əsasən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 1181-ci məhəllədə yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin binanın “D” blokunun 6-cı mərtəbəsində ümumi sahəsi 98.5 kv.m olan və 6-cı mərətəbədə ümumi sahəsi 90.9 kv.m olan yaşayış sahəsini (Bundan sonra - Mənzillər) tikərək iddiaçıya verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.2-ci maddəsinə əsasən "xxxx" MTK tərəfindən verilmiş maliyyə arayışına əsasən mənzilin pay dəyəri tam ödənilib. Mənzillər hal-hazıradək cavabdeh tərəfindən tikilərək iddiaçıya təhvil verilməmişdir. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində qeyd etmişdir ki, o, xx.xx.2011-ci ildə "xxxx" MTK-nın sədri Hikmət Yigitdöllə mənzil alqı-satqısına dair müqavilə bağlamış, müqaviləni bir tərəfdən o, digər tərəfdən MTK-nın sədri Hikmət Yigitdöl imzalamışdır. Aralarında bağlanmış müqavilənin 1.3-cü bəndinə əsasən Bakı şəhər İcra Hakimiyyətinin 267 saylı, xx.xx.2005-ci il tarixli sərəncamına əsasən "xxxx" MTK Bakı şəhəri Xocalı prospekti 32 ünvanında MTK üzvlərinin (payçıların) vəsaiti və imkanları hesabına yüksək mərtəbəli bina inşa etməli, tikiləcək yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin binanın A1 blokunun 19-cu mərtəbəsində yerləşən ümumi sahəsi 136 kv.metr təşkil edən 3 otaqlı mənzili ona təhvil verilməsi barədə "xxxx" MTK sədri Hikmət Yigitdölün şəxsində üzərinə öhdəlik götürmüşdü. Müqavilənin 2.1-ci bəndinə əsasən A1 blokunun 19-cu mərtəbəsində yerləşən ümumi sahəsi 136 kv.m təşkil edən 3 otaqlı mənzili ona təhvil verməsi barədə öhdəlik götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə görə tərəflərin razılığı ilə ona təhvil veriləcək 3 otaqlı 136 saylı mənzilin 1 kv.m-nin 1000 manat olmaqla, ümumi dəyəri 136.000 manat məbləğində pulu xx.xx.2011-ci il tarixdə “Hom-Paş Prestij MTK-nın sədri Hikmət Yigitdölə nağd şəkildə bir dəfəyə ödəmişdir. Bu faktın təsdiqi kimi ona Hikmət Yigitdölün imzası və MTK-nın möhürü ilə təsdiqlənmiş xx.xx.2011-ci il tarixli maliyyə arayışı da verilmişdi. Lakin müqavilə bağlanandan sonra "xxxx" MTK üzərinə götürdüyü öhdəliklərə riayət etməmiş, binanı və mənzilləri vaxtında tikib təhvil verməmişdir. Tikilmiş və ona verilməli olan A1 blokunun 19-cu mərtəbədə yerləşən 136 kv.metrdən ibarət 3 otaqlı 71 saylı mənzilini isə “Hom-Paş Prestij’' MTK-nın sədri və qanuni təmsilçisi X1 şəriki və Cavabdeh MMC-nin təsisçisi və qanuni təmsilçisi X9 Hİkmət Yigitdölün xəbəri və məlumatı olmadan öz şəxsi maraqları üzündən tam qanunsuz olaraq xx.xx.2016-cı ildə tanışı X10 (telefon nömrəsi ***-***-**-** olan) 80.000 manata satmış və onu mənzilsiz qoymuşdur. Bununla bağlı şikayətləri əsasında Azərbaycan Respublikası Baş Prokuroru vanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırmalar aparılmağa başlanmış, yaranmış problemlərin həlli ilə bağlı X2 A.A.X4, "xxxx"MTK-nın qanuni təmsilçisi və təsisçisi (sədri) X5, onun şəriki ”İnter” MMC-nin təsisçisi və qanuni təmsilçisi (direktoru) X9 və "xxxx" MTK-nın təsisçiləri X12 və X13 və tərcüməçi X3 iştirakı ilə xx.xx.2018-ci il tarixində müqavilə bağlanmışdır. Müqavilənin 2-ci bəndində göstərilmişdir ki, müxtəlif vaxtlarda tərtib olunmuş müqavilələrə əsasən "xxxx" MTK-nın təsisçisi və qanuni təmsilçisi X1 şəriki Cavabdeh MMC-nin təsisçisi və qanuni təmsilçisi X9 "xxxx" MTK-nın təsisçisi və qanuni təmsilçisi X5 tərəfindən ayrı-ayrı şəxslərə təkrar satılmış və Audit rəyində öz əksini tapacaq həcmlərdə zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi öhdəliyinin Cavabdeh MMC-yə keçməsini C blokunun tikintisini 2019-cu ilin axırına başa çatdırmağı digər blokların tikintisini 2020-ci ilin axırına başa çatdırmağı və s. öhdəliklərin icrasını öz üzərinə götürür. xx.xx.2018-ci il tarixli müqavilə bağlanandan və qüvvəyə minəndən sonra onunla Cavabdeh MMC-nin direktoru X9 arasında 01 mart 2019-cu ildə müqavilə bağlanmışdır. Həmin müqavilədə "xxxx" MTK tərəfindən ona verilmiş xx.xx.2011-ci il tarixli müqaviləyə əsasən A1 blokunun 19-cu mərtəbəsində 136.1 kv.metr olan yaşayış sahəsi ləğv edilməsi əvəzinə Buna əsasən Bakı şəhəri Xətai rayonu Xocalı prospekti 1181-ci məhəllədə yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin binanın “D” blokunun 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 98.5 kv.metr 2 saylı və 9-cu mərtəbəsində yerləşən 90.9 kv.metr təşkil edən 5 saylı yaşayış sahəsini cavabdeh ona verilməsini öhdəsinə götürmüşdür. Müqavilənin 3-cü bəndi tərəflər arasında hesablaşmaları nəzərdə tutmuşdur. Orada qeyd olunmuşdur ki, təhvil veriləcək ümumi sahənin ölçüsü 98.5 + 90.9 =189.4 kv metr təşkil edir. Müqavilənin 3.2-ci bəndində isə göstərilmişdir ki, "xxxx" MTK tərəfindən verilmiş maliyyə arayışlarına əsasən məbləğ ödənilib və həmin maliyyə arayışları öz quvvəsindədir. Lakin indiyə kimi cavabdeh öhdəsinə götürdüyü öhdəliyin tələblərini ciddi və kobud şəkildə pozmuş, ”D” blokunu və həmin blokda tikilməsi nəzərdə tutululan ona veriləcək mənzilləri tikməmiş və ona təhvil verməmişdir. Cavabdeh tərəfindən Bakı şəhəri Xətai rayonu Xocalı prospekti 1181-ci məhəllədə tikilən yüksək mərtəbəli yaşayış binasının A1 və C1 bloklarında tikilmiş və hazır olan boş mənzillərin olmasına baxmayaraq cavabdehin qanuni təmsilçisi Qabil Əliyev razı olduğuna baxmayaraq həmin bloklardan ona mənzillərin əvəzinə mənzil vermir, ödədiyi 136.000 manat pulunu da ona qaytarmır və bundan boyun qaçırır. Həmin MMC-nın və qanuni təmsilçisi Qabil Əliyevin qanunsuz hərəkətləri və mənzillərini müqavilədə nəzərdə tutulduğu vaxtda tikib təhvil verilməməsi üzündən ona külli miqdarda maddi və mənəvi ziyan dəymiş və dəyməkdə davam edir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdilər. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə baxışı zamanı iddia tələbini qəbul edərək bildirdi ki, sözügedən müqavilə əsasında cavabdeh iddiaçıya Mənzil tikib təhvil verməyi öhdəsinə götürüb, lakin “D” blokunun tikintisinə şəhərdə yaranan sıxlığa görə icazə verilməmişdir. Ona görə də sözügedən yaşayış sahələrini iddiaçıya təhvil verə bilməyiblər. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Belə ki, işin mübahisəsiz hallarından da göründüyü kimi, iddiaçı ilə cavabdeh mənzilin yeri, ölçüsü, qiyməti və digər mühüm şərtləri barədə razılığa gəlməklə, podrat müqaviləsi bağlamışlar. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır (Mülki Məcəllənin 405-ci maddəsinin birinci cümləsi). Müqavilənin qiyməti də iddiaçı tərəfindən tam şəkildə ödənilmişdir. Tərəflər arasında müqavilənin bağlanmasının baş tutmaması ilə bağlı cavabdeh tərəfindən məhkəməyə hər hansı sübutlar təqdim edilməmiş, habelə cavabdehin vəkili və nümayəndəsi məhkəmə iclasında iştirak edərkən də bu halı mübahisələndirməmişdir. Bu halda, cavabdeh bağladığı müqavilə üzrə mənzilləri satıcıya təhvil verilməsi öhdəliyini daşıyır. Bu öhdəlik onun şəxsi öhdəliyidir və hər bir öhdəliyi üçün məsuliyyət daşıyır. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilə üzrə iddiaçı öhdəliyini icra edərək mənzillərin müqavilədə nəzərdə tutulmuş dəyərini tam şəkildə ödəsə də, cavabdeh həmin mənzilləri iddiaçıya təhvil verməməklə müqavilə öhdəlikləri yerinə yetirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 452.1-ci maddəsinə əsasən, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Mənzillər otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət olan fərdi müəyyən edilən əşya olduğundan, bununla da bağlanmış müqavilə əsasında Mənzillər yalnız iddiaçıya məxsus olduğundan, iddiaçı mənzillərin ona təhvil verilməsini tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 178.1-ci maddəsində də göstərilir ki, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Həmin Məcəllənin 178.2-ci maddəsinə əsasən, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə əsasən, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehlə aralarında bağlanmış müqavilə üzrə müəyyən edilmiş məbləği tam şəkildə ödəməklə Mənzillərə sahiblik və istifadə hüququ əldə etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə inşa edilən yaşayış binasının “D” blokunun 6-cı mərtəbəsində yerləşən tikinti sahəsi 98.5 kv.m-dən ibarət 2 saylı və tikinti sahəsi 90.9 kv.m-dən ibarət 5 saylı mənzillər İddiaçı oğluna təhvil verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar