Məhkəmə qərarları › İş №2(011)-3152/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3152/2023

10.08.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3152/2023 10.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin vəkili və nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları:

1. İddiaçı Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsi, 13 nömrəli yataqxanadakı 51 nömrəli yaşayış yeri üzrə **********04510 saylı abonent kodu ilə qeydiyyata alınmışdır.

2. İddiaçının adına olan abonent saldosunun “ayın sonuna borc” bölməsində 2023-cü ilin fevral ayında ümumilikdə onun 2914,47 manat məbləğində borcunun olması qeyd olunmuşdur.

İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri

3. İddiaçı ona məxsus mənzilə quraşdırılmış qaz sayğacı (abonent kodu: **********04510) ilə bağlı cavabdeh tərəfindən 2010-cu il üçün 83,12 manat, 2011-ci il üçün 230,88 manat, 2012-ci il üçün 212,90 manat, 2013-cü il üçün 343,96 manat, 2014-cü il üçün 134,43 manat, 2015-ci il üçün 110,49 manat, 2016-cı il üçün 230,46 manat, 2017-ci il üçün 63,02 manat, 2018-ci il üçün 313,49 manat, 2019-cu il üçün 477,26 manat, 2020-ci il üçün 26,71 manat, 2021-ci il üçün 773,57 manat, 2022-ci il üçün 853,18 manat, 2023-cü il üçün isə 133,58 manat olmaqla, cəmi 3960,92 manar məbləğində əsassız hesablanmış borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

4. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, yuxarıda qeyd edilən ünvanda yerləşən yaşayış sahəsi ona məxsusdur. O, uzun müddətdir ki, həmin ünvanda yaşamır. Həmin ünvanda quraşdırılmış qaz sayğacı onun adına rəsmiləşdirilmişdir. Cavabdehin əməkdaşları onun məlumatı olmadan sözügedən ünvana gəlmiş ayrı-ayrı vaxtlarda ona müxtəlif məbləğlərdə əsassız borc yazılmışdır. O, ona məxsus ünvana borcun yazılması üçün əsas olan sənədləri cavabdehdən tələb etsə də, cavabdeh tərəfindən yalnız ona “abonent saldosu” verilmişdir. Həmin saldoda qalıq və aktlar bölməsində yuxarıda qeyd etdiyi borc məbləğləri göstərilsə də, həmin borcun yaranması üçün yazılmış aktlar və digər sənədlər mövcud deyildir. Ona görə də hazırkı iddia ərizəsinə yalnız abonent saldosundan başqa digər sənəd əlavə edə bilməmişdir.

Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

5. Cavabdehin nümayəndəsi etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında verilən izahatlar:

6. İddiaçının nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi.

7. Cavabdehin nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə etiraz edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirdi ki, iddiaçıdan tələb olunan borc 2016-cı il tarixdən sonrakı yaranmış borcdur, ondan əvvəlki qeyd olunmuş məbləğlər isə borc kimi nəzərə alınmır.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Məcəllə:

8. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

9. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

10. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

11. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

12. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

13. Maddə 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

14. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”

15. Maddə 4.6. Qaz sayğaclarının üzərində AİBNDA-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.

16. Maddə 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.

17. Maddə 4.8. fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

İşə baxan məhkəmənin mövqeyi:

18. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.

19. Məhkəmə qeyd edir ki, cavabdeh iddiaçının adına olan abonent saldosunun “qalıq və aktlar” bölməsində qeyd edilən borcun nəyin əsasında hesablanması barədə sübutları məhkəməyə təqdim edə bilməmişdir.

20. Məhkəmə belə qənaətə gəlir ki, borcun hansı əsasla hesablanması sübut olunmadığından və fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı özü daşığından cavabdehin hesabladığı borcu iddiaçıdan tələb etməsi əsassızdır.

21. Lakin, məhkəmə qeyd edir ki, iddiaçı 3960,92 manat məbləğində borcun silinməsini tələb etsə də, yuxarda şərh edilənlərdən və işin hallarından da görünür ki, iddiaçının adına olan abonent saldosunun “ayın sonuna borc” bölməsində borc kimi yalnız 2023-cü ilin fevral ayı üzrə 2914,47 manat göstərilmişdir. İddiaçı isə qalan borcun silinməsinə əsas ola biləcək sübutlarını məhkəməyə təqdim etməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi yalnız 2914,47 manat borcun silinməsi hissəsində təmin edilməlidir.

22. Məhkəmə həmçinin, qeyd edir ki, iddiaçı istehlakçı olduğundan və qanunla dövlət rüsumundan azad olunduğundan, məhkəmədə işə baxılması ilə əlaqədar dövlət rüsumu cavabdehdən tutulmalıdır.

23. Göstərilən qanuni əsaslar “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci (iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur) və 9.1.5-ci maddəsində (istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar) nəzərdə tutulmuşdur. Odur ki, məhkəmə hesab edir ki, 49,14 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

24. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsi, 13 nömrəli yataqxanadakı 51 nömrəli otağa (abonent kodu: **********04510) dair İddiaçı hesablanmış 2914,47 manat məbləğində borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. 49,14 manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar