Məhkəmə qərarları › İş №2(011)-3164/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3164/2023

04.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3164/2023 04.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynli Mehriban Qalib qızının katibliyi İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏNETDİ: İddia ərizəsində qeyd edilən işin halları:

1. xx.xx.2018-ci il tarixində Cavabdeh nümayəndələri tərəfindən İddiaçı məxsus fərdi yaşayış evindən bir neçə metr aralıda həyətdə quraşdırılmış Smart G4 markalı İtron tipli qaz sayğacını yeni qaz sayğacı ilə əvəz edilmiş, “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli akt akt tərtib olunmuşdur. İddiaçı aktı adi qaz sayğacının dəyişikliyinə dair olduğundan imzalamış, aktı imzalamayacağı təqdirdə fərdi yaşayış evinə qazın verilişinin dayandırılacağı bildirilmişdir.

2. Daha sonra İddiaçı məlum olmuşdur ki, xx.xx.2018-ci il tarixində çıxarılmış qaz sayğacı dövlət yoxlamasına göndərilmiş, dövlət yoxlamasında da qaz sayğacının çıxış plastmas borusunun deşilmiş olması barədə rəy verilmişdir. Sözügedən rəy əsasında BRQSD-nin rəisi tərəfindən xx.xx.2018-ci il tarixində “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akt və daha sonra isə həmin akt əsasında xx.xx.2018-ci il tarixində Qərar qəbul edilmişdir. Qəbul edilmiş qərarda 9720 m3 qaz itkisinin yaranması səbəbindən abonent hesabına 1944 manat məbləğində cərimə borcu qeyd edilmişdir.

3. xx.xx.2020-ci il tarixində Cavabdeh nümayəndələri tərəfindən İddiaçı məxsus fərdi yaşayış evindən bir neçə metr aralıda həyətdə quraşdırılmış Smart G4 markalı İtron tipli qaz sayğacını yeni qaz sayğacı ilə əvəz edilmiş, “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli akt akt tərtib olunmuşdur. İddiaçı aktı adi qaz sayğacının dəyişikliyinə dair olduğundan imzalamış, aktı imzalamayacağı təqdirdə fərdi yaşayış evinə qazın verilişinin dayandırılacağı bildirilmişdir.

4. Daha sonra iddiaçıya məlum olmuşdur ki, xx.xx.2020-ci il tarixində çıxarılmış qaz sayğacı dövlət yoxlamasına göndərilmiş, dövlət yoxlamasında da qaz sayğacının yivli birləşmələrinin korroziyaya uğramış olması və çıxış plastmas borusnun deşilmiş olması barədə rəy verilmişdir. Sözügedən rəy əsasında BRQSD-nin rəisi tərəfindən xx.xx.2020-ci il tarixində “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akt və daha sonra isə həmin akt əsasında xx.xx.2020-ci il tarixində Qərar qəbul edilmişdir. Qəbul edilmiş qərarda 2160 m3 qaz itkisinin yaranması səbəbindən abonent hesabına 216 manat məbləğində cərimə borcu qeyd edilmişdir.

5. İddiaçının qaz sayğaclarının dövlət yoxlamasında iştirakı təmin olunmamış, eləcə də aktların tərtib olunmasından xəbərdar edilməmiş və ona həmin aktları imzalamaq təklif olunmamışdır.

İddiaçının tələbi:

6. Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli ******* nömrəli və xx.xx.2020-ci il tarixli ******* nömrəli aktlar üzrə ünvan 1 ünvanına (abonent kodu: **********00000) əsassız olaraq ümumilikdə hesablanmış 2160 manat məbləğ dəyərində cərimə borcundan geridə qalan 1015.20 manat məbləğində borcun silinməsi, borcun hesablandığı gündən etibarən 03/2023-cü il tarixinə kimi qanunsuz olaraq **********00000 nömrəli abonent hesabından borca tutulmuş 1144.80 manat məbləğində pul vəsaitinin geri qaytarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

7. xx.xx.2023-cü il tarixində İddiaçı tərəfindən iddia tələbinin dəqiqiləşdirilməsi barədə ərizə verilərək məhkəmədən Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli ******* nömrəli və xx.xx.2020-ci il tarixli ******* nömrəli aktlar üzrə ünvan 1 ünvanına (abonent kodu: **********00000) əsassız olaraq ümumilikdə hesablanmış 2160 manat məbləğ dəyərində cərimə borcundan geridə qalan 1015.20 manat məbləğində borcun silinməsi, borcun hesablandığı gündən etibarən 03/2023-cü il tarixinə kimi qanunsuz olaraq **********00000 nömrəli abonent hesabından borca tutulmuş 1144.80 manat məbləğində pul vəsaitinin geri qaytarılması, iddiaçı tərəfindən hüquqi yardıma çəkilən xərcin əvəzi olaraq Bakı şəhəri 07 saylı vəkil bürosunun hesabına ödənilmiş 150 manat məbləğində pul və etibarnamə üçün notariusa ödənilmiş 17.25 manat məbləğində pul vəsaitinin İddiaçı qaytarılmasını xahiş etmişdir.

Cavabdeh şəxsin etirazı:

8. Cavabdeh tərəfindən ərizəçinin tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır.

İşdə iştirak edən şəxslərin izahatları:

9. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil öz çıxışında iddia ərizəsinə uyğun izahat vermiş, iddiaçının hüquqi yardım göstərilməsi ilə əlaqədar çəkdiyi xərclərin də cavabdehdən tutulmasını xahiş etmişdir.

10. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab edir.

İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:

11. Qaz sayğacının çıxarılması, quraşırılması və istismara qəbulu haqqında xx.xx.2018-ci il tarixli ******* nömrəli Akta əsasən İtron G4 markalı 1502AZ**********17 nömrəli qaz sayğacı çıxarılmış və əvəzinə İtron G4 markalı 1702AZ**********49 nömrəli qaz sayğacı quraşdırılmışdır;

12. Qaz sayğacının yoxlanılması barədə MSK 29/1710-00112-1 saylı Aktda qeyd olunur ki, Fransa istehsalı G4 və G6 markalı smart-kart tipli qaz sayğacları xx.xx.2018-ci il tarixində dövlət yoxlaması nəicəsində yararsız hesab olunmuş, 1502AZ**********17 saylı sayğacın çıxış plastmas borusunda deşik, hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan sağ metrologiya plomb yuvasının ətrafında zədə aşkar edilmişdir;

13. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2018-ci il tarixli ******* №-li akta qeyd olunur ki, Cavabdeh İB-nin xx.xx.2018-i il tarixli dövlət yoxlaması əsasında sayğacın çıxış plastmas borusunun deşildiyi aşkar edilmişdir;

14. xx.xx.2018-ci il tarixdə tərtib olunmuş ******* saylı aktın əsasında dəymiş ziyanın həcmi 9720 m3 hesablanmışdır;

15. Qaz sayğacının çıxarılması, quraşırılması və istismara qəbulu haqqında xx.xx.2018-ci il tarixli ******* nömrəli Akta əsasən, İtron G4 markalı 1702AZ**********49 nömrəli qaz sayğacı çıxarılmış və əvəzinə İtron G4 markalı yeni qaz sayğacı quraşdırılmışdır;

16. Qaz sayğacının yoxlanılması barədə MSK 29/1710-00323-1 saylı Aktda qeyd olunur ki, Fransa istehsalı G4 markalı smart-kart tipli qaz sayğacları xx.xx.2020-ci il tarixində dövlət yoxlaması nəicəsində yararsız hesab olunmuş, 1702AZ**********49 saylı sayğacın yivli birləşmələrinin deformasiyaya və korroziyaya uğradığı, çıxış plastmas borusunun deşildiyi aşkar edilmişdir;

17. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2020-ci il tarixli ******* №-li akta qeyd olunur ki, 29/1700-00323-1 nömrəli aktın rəyinə əsasən 1702AZ**********49 saylı sayğacın çıxış plastmas borusu deşilmişdir;

18. xx.xx.2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən Qaz sayğacının yoxlanılması barədə xx.xx.2020-ci il tarixli 29/1710-00323-1 nömrəli akta əsasən G-4 markalı 1702AZ**********49 saylı sayğacın çıxış plastmas borusunun deşildiyi aşkar olunmuş və xx.xx.2020-ci il tarixdə tərtib olunmuş ******* saylı aktın əsasında dəymiş ziyanın həcmi 2160 m3 hesablanmışdır;

19. Abonentin saldosundan görünür ki, 2023-cü ilin mart ayında abonentin qalıq və aktlar üzrə 1015.20 manat borcu mövcuddur;

20. xx.xx.2023 tarixli 122268 saylı eManat terminalında ödənilmiş qəbzdən görünür ki, hüquqi yardım xidmətinə görə Bakı şəhəri 7 saylı Vəkil bürosunun hesabına 150 manat pul ödənilmişdir.

21. AR-İİİ№015712 saylı etibarnamədən görünür ki, etibarnamənin qeydiyyatı üçün 17.25 manat haqq tutulub.

Tətbiq edilən hüquq:

22. Azərbaycan Respublkasının Mülki Məcəlləsi: 614.3. Fiziki şəxs olan alıcının iştirakı ilə pərakəndə alğı-satqı müqaviləsi ilə əlaqədar bu Məcəllə ilə tənzimlənməyən münasibətlərə istehlakçıların hüquqlarının qorunması haqqında qanun və ona uyğun qəbul edilmiş digər normativ hüquqi aktlar tətbiq edilir. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

23. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu

3. (İstehlakçılar) öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. 18.0. İstehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədilə özündə aşağıdakı tələbləri ehtiva edir: 18.0.1. istehlak bazarında satılan malların (xidmətlərin, işlərin), o cümlədən dərman vasitələrinin qablaşdırılmasının, daşınmasının, saxlanmasının və satış şəraitinin sanitargigiyenik, ekoloji, texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına, qida məhsullarının isə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara uyğun olmasına dövlət nəzarətini...

26. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçının tələblərini yerinə yetirməklə yanaşı, məhkəmə həmçinin ona dəymiş mənəvi (qeyri-əmlak) zərərin də ödənilməsini həll edir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər.

24. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu 11.6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. 13.8. ... qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. 13.9. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.6 Qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 31 may tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”: 5.1. Əgər istehlakçı ilə qazın verilməsi haqqında bağlanmış müqavilədə fasilə nəzərdə tutulmayıbsa, qazın verilməsi fasiləsiz həyata keçirilir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz.

27. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır;

28. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. 9.1.5. İstehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar.

Məhkəmənin mövqeyi:

29. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir.

30. Belə ki, məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, iddiaçının yaşadığı ünvanda yoxlama keçirilmiş, təbii qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib edilmiş və itirilmiş qazın bərpası üçün hesablanmış məbləğ iddiaçıdan tələb edilmişdir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018-ci il tarixli ******* №-li aktda “sayğacın çıxış plastmas borusunun deşilmişdir”, xx.xx.2020-ci il tarixli ******* №-li aktda isə “29/1700-00323-1 nömrəli aktın rəyinə əsasən 1702AZ**********49 saylı sayğacın çıxış plastmas borusu deşilmişdir” qeyd edilmiş, lakin hər iki aktda qaz qurğusunda qüsurun istehlakçının qəsdi və ya səhlənkarlığı nəticəsində baş verməsini sübut edən hər hansı bir dəlil göstərilməmişdir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və iddiaçıya itirilmiş qazın bərpası üçün hesablanmış borc məbləği (cavabdeh tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyəri) silinməlidir.

31. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, xətaların normadan artıq olmasının iddiaçının təqsiri ucbatından olması sübuta yetirilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna hesablanmış cərimə silinməsi barədə iddia tələbi təmin edilməlidir.

32. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən belə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh tərəfindən iddiaçının **********00000 saylı abunə koduna hesablanmış 1015.20 manat məbləğində borc silinməli, borca görə tutulmuş 1144.80 məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə xərcləri:

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.2-ci maddəsinə görə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddiaçı istehlakçıların hüquqlarının pozulması ilə bağlı dövlət rüsumunu ödəməkdən azad olduğundan iddianın qiymətinə mütənasib olaraq, yəni 41.60 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. İddiaçı tərəfindən hüquqi yardım üçün çəkilən xərcin əvəzi olaraq 150 manat və notariusa ödənilmiş 17.25 manat Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir.

34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏT ETDİ:

1. İddia tələbi təmin edilsin.

2. Cavabdeh tərəfindən İddiaçı **********00000 saylı abunə koduna hesablanmış 1015.20 (bir min on beş manat iyirmi qəpik) manat məbləğində borc silinsin.

3. Cavabdeh borca görə tutulmuş 1144.80 (bir min yüz qırx dörd manat səksən qəpik) məbləğində pul vəsaiti İddiaçı geri qaytarılsın.

4. İddiaçı tərəfindən hüquqi yardım üçün çəkilən xərcin əvəzi olaraq 150 (bir yüz əlli) manat və notariusa ödənilmiş 17.25 (on yeddi manat iyirmi beş qəpik) manat Cavabdeh tutularaq iddiaçıya ödənilsin.

5. Cavabdeh 41.60 (qırx bir manat altmış qəpik) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin.

6. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar