Məhkəmə qərarları › İş №2(011)-317/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-317/2025

08.08.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-317/2025 08.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Novruzova Gülsanə Emin qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 Babalı oğlunun, cavabdehin nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə hüququna kompensasiya ödənilməklə xitam verilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələbi İddiaçı Cavabdeh qarşı Cavabdeh 10000 (on min) manat kompensasiya ödəməklə Bakı şəhəri, Sabunçu rayonu, 2-ci Zabrat qəsəbəsi, Tramvay küçəsi ünvanında yerləşən, 17 saylı evin 4 saylı mənzilinə köçürülmə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın dəlilləri: İddianın dəlilləri ondan ibarət olmuşdur ki, cavabdehlə Cavabdeh ilə 2009-cu il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2012-ci il təvəllüdlü X3 adında bir qız övladı olmuşdur. Nikahları ailə münasibətləri davam etmədiyi üçün məhkəmə qaydasında pozulmuşdur. Hazırda mübahisəli mənzil olan ünvan 1 ünvanında yerləşən, 17 saylı evin 4 saylı mənzilini 2014-cü ildə atası Rüstəmov Müzəffər ilə birlikdə tikmişlər. Mənzilin torpaq sahəsi isə Bakı şəhəri Sabunçu rayonu XDS-nin 14 yanvar 1991ci il tarixli, 1/46 saylı qərarına əsasən X6 verilmiş 1200 kv.s olmuşdur ki, ondan da 200 kv.m sahəsini xx.xx.2010-cu ildə verilmiş 30 illik etibarnamə əsasında iddiaçıya satmış və istifadəsinə vermişdir. Cavabdehin iddiaçıya qarşı “Mənzilə Köçürmə tələbinə dair” iddiası olmuş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4222/2015 nömrəli, 13 iyul 2015-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş və Cavabdeh ilə birlikdə mübahisəli mənzilə köçürülmüşdür. Bir müddət mübahisə olduğundan cavabdeh iddiaçını mənzilə buraxmadı, dava saldı və maneələr yaratdı. Daha sonra mübahisəli mənzili cavabdeh iddiaçıdan xəbərsiz olaraq kirayə verdi. İddiaçı isə bundan xəbərdar olaraq ona qarşı “Mənzilə köçürmə tələbinə dair” iddia qaldırdı. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-3805/2023 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş və icra olunaraq mənzilə köçürülmüşdür. Hazırda cavabdeh mənzildə yaşamadığından, onun daimi yaşayış yeri olduğundan və iddiaçının daimi yaşayış yeri olmadığından cavabdehin mənzilə köçürülmə hüququna kompensasiya verilməsi yolu ilə xitam verilməlidir. Belə ki, məhkəmə qətnaməsindən də aydın olur ki, torpaq sahəsi Bakı şəhəri Sabunçu rayonu XDS-nin 14 yanvar 1991-ci il tarixli, 1/46 saylı qərarına əsasən X6 verilmiş 1200 kv.m torpaq sahəsindən 200 kv.m sahəsini xx.xx.2010-cu ildə verilmiş 30 illik etibarnamə əsasında iddiaçıya satmış və istifadəsinə vermişdir. Belə olan halda da, həmin torpaq sahəsinə və üzərində tikilmiş mənzilə gələcəkdə mülkiyyət hüququ əldə etmək gözləntisi vardır. Cavabdehin də hazırda istifadəsində olan mənzildə formal “Mənzilə köçürülmə” qətnaməsi olması və faktiki yaşamaması iddiaçının hüquqlarını pozur və mülkiyyətindən sərbəst istifadəsinə maneə yaradır. İddiaçı tərəf olaraq iddiaçının mübahisəli evə sahiblik və istifadə hüququna, eləcə də mülkiyyət hüququ əldə etmək barədə əsaslı “gözləntiyə" malikdir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iddiaya etiraz edərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilmişdir. İşin halları: İddiaçı və Cavabdeh 2009-cu ildə nikaha daxil olmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 oktyabr 2014-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. ünvan 2 ünvanında yerləşən yerləşdiyi torpaq sahəsi keçmiş Lenin rayon XDS İcraiyyə Komitəsinin 14 yanvar 1991-ci il tarixli, 1/46 saylı qərarına əsasən fərdi yaşayış evinin tikintisi üçün X6 ayrılmış və sonuncu 16 sentyabr 2010-cu il tarixdə həmin torpaq sahəsinə dair 30 il müddətinə İddiaçı adına etibarnamə vermişdir. Həmin torpaq sahəsində 2014-cü il tarixdə fərdi yaşayış evi inşa edilmiş, lakin həmin evə dair tərəflərin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınmamış, həmin əmlak üzərində hər hansı şəxsin mülkiyyət hüququ tanınmamışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 iyul 2015-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiası təmin edilərək, onun qızı ilə birlikdə mübahisəli evə köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 may 2019-cu il tarixli qətnaməsi ilə iddiaçılar X4 və X7 iddiasının qismən təmin edilməsi, cavabdehlər İddiaçı və X1 30000 manat pulun müştərək qaydada tutularaq iddiaçılar X5 və X8 ödənilməsi, Cavabdeh 12940 manat pulun tutularaq iddiaçılar X5 və X8 ödənilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 avqust 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı Bakı şəhəri Sabunçu rayonu, 2-ci Zabrat qəsəbəsi, Tramvay küçəsində yerləşən 17 saylı evin, 4 saylı mənzilinə köçürülməsi qət edilmişdir. Həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 05 fevral 2024cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasinin Konstitusiyasi Maddə 43. Mənzil hüququ İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. İİ. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Mülki Məcəlləsi 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında t Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Məhkəmənin mövqeyi:

Məhkəmə tərəflərin izahatlarını və mülki iş materillarnın araşdıraraq belə qənaətə gəlir ki, iddia əsassızdır və təmin edilməmilidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarına əsasən mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər 2009-cu ildə rəsmi nikaha daxil olmuşlar, 2014-cü ildə isə həmin nikah pozulmuşdur. Mübahisəli yaşayış sahəsinin tərəflərin birgə nikahları dövründə inşa edilməsi, habelə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamaqla, özbaşına tikili statusunda olması işin mübahisəsiz halıdır. Mübahisəli ev özbaşına tikili olduğundan tərəflər həmin ev üzərində mülkiyyət hüququ əldə etmirlər, yalnız orada yaşamaq və istifadə etmək kimi hüquqlarına malikdirlər Həmin ev 2014-cü ildə, yəni birgə nikah dövründə hər iki tərəfin vəsaiti hesabına (bu fakt Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)- 3805/2023 nömrəli qətnaməsi ilə təsdiq olunmuşdur) tikilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(103)-4222/2015 nömrəli qətnaməsi ilə Cavabdeh, xx.xx.2023-cü il tarixli 2(103)-3805/2023 nömrəli qətnaməsi ilə isə İddiaçı mübahisəli evə köçürülmələri qət edilmişdir. Məhkəmə ilkin olaraq qeyd edir ki, əmlakın mülkiyyətçisi tərəfindən ona məxsus mənzildə yaşayan digər şəxslərin istifadə hüququna kompensasiya ödənilməsi ilə istifadə hüquqlarına xitam verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş mexanizm mənzilin mülkiyyətçisi əmlak üzərində orada yaşayan digər şəxslərdən daha geniş hüquqlara malik olduğundan, evin mülkiyyətçisi və evə dair istifadə hüququ olan digər şəxslərin maraqları arasında “ədalətli balans” prinsipinin gözlənilməsi ilə onların arasında mövcud olan mübahisənin həll olunmasına gətirib çıxarır. Hazırki mülki işin həqiqi halları əsas götürülərək müəyyən olunmuşdur ki, nə iddiaçının, nə də cavabdehin ev üzərində mülkiyyət hüquqları yoxdur. Belə olan halda, hazırki mülki iş üzrə İddiaçı mübahisəli ev üzərində Cavabdeh daha üstün və geniş hüquqlara deyildir . Mübahisəli evdə Cavabdeh yaşamaq hüququ vardır və həmin hüququn məhdudlaşdırılması üçün heç bir qanuni əsas müəyyən edilmir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” 12 mart 2024-cü il tarixli, 1/2024 nömrəli qərarına istinadən qeyd edir ki, hüquqi müdafiə üsulu olaraq bu statusda olan şəxslərin əgər obyektiv səbəblərdən özbaşına tikintinin faydalı xassələrindən istifadə etmək imkanlarından məhrum olma faktı mövcuddursa, həmin şəxsin iddiası əsasında onların ümumi əmlakı hesabına inşa edilməsinə və ya faktiki əldə olunmasına sərf olunmuş ümumi vəsaitin əmlakdakı payına mütənasib olan hissəsini tələb etmək hüququ vardır. Bu zaman da tərəfin digər tərəfə qarşı tikintiyə sərf olunmuş ümumi vəsaitin əmlakdakı payına mütənasib olan hissəsini ödəməklə yaşayış sahəsindən çıxarmaq və ya hüquqa xitam vermək kimi iddia qaldırmağa subyektiv hüququ yoxdur, bu hüquq özbaşına tikintinin faydalı xassələrindən istifadə etmək imkanlarından məhrum olmuş şəxsə məxsusdur. Məhkəmə yuxarıda istinad olan halları əsas götürərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı Cavabdeh 10000 (on min) manat kompensasiya ödəməklə Bakı şəhəri, Sabunçu rayonu, 2-ci Zabrat qəsəbəsi, Tramvay küçəsi ünvanında yerləşən, 17 saylı evin 4 saylı mənzilinə köçürülmə hüququna xitam verilməsinə dair iddia tələbinin irəli sürülməsinə subyektiv hüququ mövcud deyildir. Odur ki hazırki iş üzrə subyektiv hüquq anlayışının birinci elementi və buna müvafiq olaraq ikinci və üçüncü elementləri mövcud olmadığından, yəni iddiaçının başqa şəxslərdən tələb etmək və müdafiə hüququ yaranmadığından, İddiaçı Cavabdeh qarşı Cavabdeh 10000 (on min) manat kompensasiya ödəməklə Bakı şəhəri, Sabunçu rayonu, 2-ci Zabrat qəsəbəsi, Tramvay küçəsi ünvanında yerləşən, 17 saylı evin 4 saylı mənzilinə köçürülmə hüququna xitam verilməsi tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır və iddia təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddiaçı Cavabdeh qarşı Cavabdeh 10000 (on min) manat kompensasiya ödəməklə Bakı şəhəri, Sabunçu rayonu, 2-ci Zabrat qəsəbəsi, Tramvay küçəsi ünvanında yerləşən, 17 saylı evin 4 saylı mənzilinə köçürülmə hüququna xitam verilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbasova Əminə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar