Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3187/2021 27.05.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus olan ünvan 1-dən istifadə hüququna onun tərəfindən 10000 manat kompensasiya verilməklə xitam verilməsi, həmin evin boşaldılması və ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını məkmədən xahiş etmişdir. 27.05.2021-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək ünvan 1-dən istifadə hüququna onun tərəfindən 14000 manat kompensasiya verilməklə xitam verilməsi, həmin evin boşaldılması və iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Bakı şəhəri, Xətai rayonu Neapol küçəsi, ev 24A, 104 nömrəli mənzil hazırda iddiaçının mülkiyyətindədir, qeyd olunan mənzil nikahdan əvvəl alqı-satqı müqaviləsi əsasında iddiaçının adına tam mülkiyyət hüququ əsasında 13.04.2007-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmiş və bu barədə Çıxarış verilmişdir, tərəflər isə nikaha 01.12.2007-ci il tarixdə daxil olmuşlar və cavabdeh həmin tarixdən sonra iddiaçıya mülkiyyət hüququ ilə məxsus olan həmin mübahisəli mənzilə köçmüşdür, onların bigə nikahdan iki uşaqları doğulmuşdur, cavabdeh mübahisəli mənzildə pasport qeydiyyatına alınmışdır və orada yaşayır, ondan başqa da həmin mənzildə 3 nəfər qeydiyyatdadır və orada yaşayırlar, tərəflər arasında nikah 10.12.2020-ci il tarixdə pozulmuşdur, lakin cavabdeh nikah pozulduqdan sonra da həmin mənzili tərk etməmiş və orada yaşamasını davam etdirir. Vəkil1 həmçinin izahatında bildirdi ki, tərəflər arasında hüquq münasibəti 2007-ci ildə yarandığından və o dövr üçün qüvvədə olan qanunvericiliyə əsasən, cavabdehin hazırkı mənzilə istifadə hüququ yaranmışdır və bu hüququn itirilməsi müvafiq kompensasiyanın verilməsi ilə mümkündür, belə olan halda hesab etmək olar ki, 14000 manat məbləğ bu məqsədlə yetərlidir, çünki cavabdeh həmin məbləğlə hazırkı yaşayış şəraitinə alternativ olan digər yaşayış sahələrindən 3-4 il müddətində istifadə edə bilər, belə ki, məhkəməyə təqdim edilən sübutlardan da görünür ki, mübahisə dövründə mənzilin yerləşdiyi binada və ona yaxın ərazidə yerləşən binalarda yaşayış sahəsi 38.6 kv.m olan, 3 otaqlı yaşayış üçün yararlı olan mənzillərin bazar qiyməti 65000-70000 manat arasında dəyişir, mənzillərin kirayə haqqı isə 200-300 manat həddindədir, cavabdehin mənzilin təmiri üçün və götürülmüş pul məbləği barədə dəlilləri də əsassızdır və bu dəlillər istifadə hüququ ilə heç bir əlaqəsi yoxdur. Sonda İddiaçı iddia tələbinin təmin olunmasını, Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzilə istifadə hüququna İddiaçı tərəfindən 14000 (on dörd min) manat kompensasiya verilməklə xitam verilməsini, onun həmin mənzildən çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək vəkili və nümayəndəsi Vəkil1 izahatına uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, tərəflər 14 il əvvəl, yəni 01.12.2007-ci il tarixdə nikaha daxil olmuşlar, cavabdeh həmin vaxtdan mübahisəli mənzilə köçmüş, ümumi təsərrüfat aparmaqla ailə üzvü olmuş və mənzilə qeydiyyata alınmışdır, mənzil tərəflər nikaha girməzdən 8 ay əvvəl alınmışdır, alınan zaman tam təmirsiz olmuşdur, birgə nikah dövründə ailənin ümumi vəsaiti hesabına təmir olunaraq yaşamaq üçün yararlı vəziyyətə salınmışdır, sonrakı təmirləri də nəzərə alınmaqla, ümumilikdə mənzilin təmirinə 35-40 min manat vəsait sərf olunmuşdur və hazırda mənzil tam təmirlidir, birgə nikahdan 26.01.2010cu il tarixdə X2 və 10.02.2015-ci il tarixdə X3 anadan olmuşdur, hər iki uşaq hazırda həmin mənzildə qeydiyyatdadırlar, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10.12.2020-ci il tarixli qətnaməsi ilə tərəflər arasında nikah rəsmi olaraq pozulmuş, məhkəmə qətnaməsi ilə nikah pozulduqdan sonra hər iki uşağın ananın yanında qalması müəyyən olunmuşdur, iddiaçı nikah pozulmamışdan əvvəl hər şeyi planlaşdırmış, həyatında başqa qadın var deyərək özünə məxsus bəzi əşyaları və birgə nikah dövründə toplanılan 2000 manat, 1 ay sonra isə 8000 manat pulu da evdən götürərək həmin qadınla birlikdə yaşamaq üçün kirayə tutduğu mənzilə köçmüşdür, o, nikah pozularkən məhkəmədə nikahın pozulmasına razı olduğunu bildirməklə bərabər məhkəmədən uşaqlarla bağlı tələb qaldırmamışdır və məhkəməyə ərizə verərək, nikah pozulduqdan sonra hər iki uşağın ananın yanında qalmasına razı olduğunu bildirmişdir, bu da onu göstərir ki, iddiaçını uşaqlar maraqlandırmır, kompensasiya verilməklə mənzildən yalnız cavabdehin çıxarılmasını istəməsi, bilərəkdən 3 nəfərə verilməli olan kompensasiyanı süni surətdə aşağı salmaq məqsədinə xidmət edir. Həmçinin Vəkil2 izahatında bildirdi ki, iddiaçı üç otaqlı təmirli mənzilin qiymətinin 65-70 min arası olması barədə heç bir məsuliyyət daşımayan MMC tərəfindən verilmiş arayışı məhkəməyə təqdim edərək, mənzilin qiymətinə dair yanlış fikir formalaşdırmağa çalışır, halbuki Neapol dairəsində və həmin ərazidə üç otaqlı təmirli mənzilin qiyməti 100.000 manatdan artıqdır, alındığı 2007-ci ildə qiyməti 10.000 manat həcmində idi, təmirlərlə əlaqədar hazırda mənzilin qiyməti 100.000 manatdan artıqdır, həmçinin mənzilin təmir dövrləri iddiaçı "toza qarşı alergiyası olduğunu bəhanə gətirək" mənzilə gəlməmişdir, mənzilin təmiri ilə bağlı əziyyətləri 2 azyaşlı uşağı ilə birlikdə cavabdeh çəkmişdir, ona görə də hesab edir ki, cavabdehin istifadə hüququnun itirilməsi müqabilində kompensasiya məbləği təqribən 35.000 manat civarında müəyyən olunmalıdır. Sonda Vəkil2 iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* saylı çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 24A nömrəli, 9 mərtəbəli binada, ümumi sahəsi 38.6 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 104 nömrəli mənzil 13.04.2007-ci il tarixdə tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 383 nömrəli reyestr kitabının 35729 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan “Asan 2 Xidmət Mərkəzi” tərəfindən verilmiş Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı, 05.02.2021-ci il tarixli arayışdan görünür ki, qeydiyyatda olan şəxslər İddiaçı Ramiln oğlu, X2, X3 və Cavabdehdır. İş materiallarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 6582/2020 saylı, 10.12.2020-ci il tarixli qətnaməsinə əsasən, Cavabdeh və İddiaçı arasında olan nikah pozulması, boşanmadan sonra 26.01.2010-cu il təvəllüdlü X2, 10.02.2015-ci il təvəllüdlü X1 ananın himayəsində saxlanılması və onların yetkinlik yaşına çatanadək saxlanmaları üçün İddiaçı hər ay qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment alınması qət edilmişdir. Həmin qətnamə ilə işin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında nikah 01.12.2007-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Qeydiyyat Şöbəsində bağlanmış və 1791 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarında olan nikahın pozulması haqqında Şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan nikaha 02.02.2021-ci il tarixdə xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi tərəfindən verilmiş 04/1-13 saylı məktuba əsasən, qiymət müşahidəsi aparılmış mebelsiz bir otaqlı mənzillərin kirayə haqqı Bakı şəhəri üzrə 2021-ci il yanvar ayında 261.86 manat təşkil etmişdir. İş materiallarında olan “Lex Fori” Hüquq və Qiymətləndirmə şirkəti tərəfindən verilən 11 nömrəli arayışa əsasən, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi 24a saylı və ona yaxın ərazidə yerləşən binalarda yaşayış sahəsi 38.6 kv.m olan 3 otaqlı yaşayış üçün yararlı mənzillərin bazar qiyməti 65000 manat-70000 manat arasında dəyişir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, mübahisəli mənzil tam mülkiyyət hüququ əsasında İddiaçı nikahdan əvvəl 13.04.2007-ci il tarixdə tam mülkiyyət hüququ üzrə qeydiyyatda alınmışdır, tərəflər nikaha 01.12.2007-cu il tarixdə daxil olmuşlar, cavabdeh nikaha daxil olduqdan sonra həmin ildə mübahisəli mənzilə köçmüşdür, onların bigə nikahdan iki uşaqları doğulmuşdur, mübahisəli mənzildə istifadə hüququ əsasında cavabdeh də daxil olmaqla 4 nəfər pasport qeydiyyatındadır, tərəflər arasında nikah 2020-ci ildə pozulmuşdur, cavabdeh mübahisəli mənzildə uşaqları ilə birlikdə yaşayır, istifadə hüququnun itirilməsi məqsədilə təklif edilən kompensasiya məbləği 14000 manatdır. Bununla belə, cavabdehin kompensasiya verilməklə mübahisəli mənzildən istifadə hüququna xitam verilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, hazırkı iş üzrə tərəflər arasındakı mənzilə dair hüquq münasibəti cavabdehin mənzilə köçdüyü 2007-ci ildə yarandığından həmin dövrdə qüvvədə olan qanunvericilik normaları əsas götürülməli, buna müvafiq olaraq mübahisə Azərbaycan Respubliasının Mülki Məcəlləsinin 228-ci maddəsinin normaları baxımından həll olunmalı, o dövrdə qüvvədə olan həmin Məcəllənin 228.2 və 228.5-ci maddələrinin tələbləri baxımından, cavabdehin mübahisəli mənzilə istifadə hüququ olduğundan bu hüquqa kompensasiya verilməklə xitam verilməlidir. Məhkəmə kompensasiya məbləğinə münasibətdə qeyd edir ki, bu məbləğ müəyyən olunarkən, mənzilin dəyəri, həmin ərazidə olan yaşayış sahələrinin kirayə haqlarının məbləği, mənzil mülkiyyyətçisinin ailə üzvləri də daxil olmaqla onların hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığının qorunması, mülkiyyətçinin mülkiyyət hüququna dair mühüm təminatlar nəzərə alınmalı, bu məqsədlə də təklif edilən 14000 manat məbləğdə kompensasiya məbləği ağlabatan həddə hesab edilməlidir. Məhkəmə, cavabdehin “kompensasiya müəyyən olunarkən birgə nikah dövründə çəkilmiş təmir xərclərinin və iddiaçı tərəfindən onlara məxsus pulun götürülməsi hallarının nəzərə alınması” barədə dəlillərinə münasibətdə hesab edir ki, qeyd edilənlər müstəqil iddia predmetini təşkil etməklə, mənzildən istifadə hüququna xitam verilməsi üçün kompensasiya məbləğinin həddinə təsir edən hallar kimi məhkəmə tərəfindən nəzərə alına bilməz. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyanın 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16.12.2014-cü il tarixli qərarında formalaşdırılan hüquqi mövqeyə görə, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir.Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur.Beləliklə, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cümaddələrinin şərh edilməsinə dair 08.10.2013-cü il tarixli Plenum Qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli qərarda təsbit olunmuş hüquqi mövqeyə görə Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin tətbiq edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır Avropa İnsan Hüquqları Məhkəməsinin “Axverdiyev Azərbaycana qarşı” işi üzrə 29.01.2015-ci tarixli qərarında təsbit olunmuş hüquqi mövqeyə görə “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub, maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatından asılı deyil. Maddi əşyalar kimi əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. Mülkiyyət anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda qanunidir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehin ünvan 1 ünvanında yerləşən mənzilə istifadə hüququna iddiaçı tərəfindən 14000 manat kompensasiya verilməklə xitam verilməli, onun mənzildən çıxarılması kompensasiyanın ödənilməsi ilə eyni vaxtda icra olunmaldır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzilə istifadə hüququna İddiaçı tərəfindən 14000 (on dörd min) manat kompensasiya verilməklə xitam verilsin. Cavabdeh öz əşyaları ilə birlikdə ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılması kompensasiyanın verilməsi ilə eyni vaxtda icra olunsun. İddia tələbi qalan hissədə rədd edilsin. Dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-3187/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3187/2021
27.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver