Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-319/2022 07.01.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, Cavabdeh Bank "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “müqavilənin etibarsız hesab edilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, "xxxx" ASC-yə və 14 saylı Notariat Ofisinə qarşı – Bakı şəhəri, Nizami rayonu, Qara Qaravev prospekti, ev 58-də yerləşən 53 saylı mənzilə dair “Zaminbank" ASC-nin Gənclik filialının müdiri X5, Cavabdeh1 və X6 arasında 14 saylı Notariat Ofisində bağlanmış xx.xx.2011-ci il tarixli, 40/161 reyestr nömrəli alğı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Gənclik filialının müdiri X5, Cavabdeh1 və X6 arasında bağlanmış və 14 saylı Notariat Ofisinin xüsusi notariusu X7 tərəfindən təsdiq edilmiş yaşayış sahəsinin alğı-satqı və ipoteka müqaviləsinə görə iddiaçının X8 ilə birgə nikahda olduğu dövrdə əldə olunmuş, hazırda pasport qeydiyyatında olmaqla yaşadığı Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 58-də yerləşən 53 saylı mənzil iddiaçının məlumatı olmadan Cavabdeh1 satılmışdır. Qeyd olunan mənzil “Zaminbank" ASC-nin Gənclik filialında ipoteka ilə yüklü edilərək həmin mənzilin alınmasına Cavabdeh1 illik 8% olmaqla 300 ay müddətinə 50000 manat məbləğində ipoteka krediti ayrılmışdır. Əmlakın iddiaçı ilə cavabdeh X8 ilə birgə nikah dövründə əldə olunmasına və iddiaçının öz ailə üzvləri ilə birlikdə həmin mənzildə pasport qeydiyyatında olmaqla yaşamağına baxmayaraq, əmlak satılan zaman iddiaçının məlumatı olmamış, əmlak satılan vaxt iddiaçının razılığı alınmamışdır. Əmlakın satılması və ipoteka ilə yüklü edilməsi ilə bağlı məlumatı yalnız icra məmuru tərəfindən evə göndərilən icraata başlamaq haqqında qərarı aldıqdan sonra almışdır. Müqavilə bağlanan zaman mülki qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılsa da, lakin o, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Bank "xxxx" ASC-nin nümayəndəsi X3 məhkəmə iclasında iddiaya etiraz edərək, məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Cavabdehlər 14 saylı Notariat ofisi və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmaqla məhkəməyə çağırılsalar da, lakin onlar və ya onların nümayəndələri məhkəmə iclasında iştirak etməmişdir. 14 saylı Notariat ofisi ərizə ilə müraciət edərək, mülki işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qaravev prospekti, ev 58-də yerləşən 53 saylı mənzil üzərində Cavabdeh1 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2011-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə İddiaçı arasında xx.xx.1996-cı il tarixdə nikah bağlanmışdır. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-170/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 343/ZBGF saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehdən həmin kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixinə olan 4428,38 manat əsas borc, 3948,75 manat faiz borcu, ümumilikdə 48236,16 manat məbləğində borc, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqı, həmçinin 30 manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş rüsumun iddiaçı Bank "xxxx" ASC-nin xeyrinə tutulması, Tutma ipoteka predmeti olan, tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 59.6 m2 olan mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satılması, ipoteka predmetinin açıq hərracdan satışından əldə edilmiş pul vəsaiti hesabına Cavabdeh1 borcunun ödənilməsi, əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin Cavabdeh1 tutulması, mənzilin satışından 1 ay sonra həmin mənzildə qeydiyyatda olan Cavabdeh1, İddiaçı, X2 mənzildən istifadə hüquqlarına xitam verilməsi və mənzilin boşaldılması qət edilmişdir. Həmin qətnamədən görünür ki, xx.xx.2016-cı il tarixdə Maliyyə Bazarlarına Nəzarət Palatasının müvafiq qərarına əsasən "xxxx" ASC-nin bank fəaliyyətinə dair lisenziyası ləğv edilmişdir. Azərbaycan İpoteka Fondu ASC ilə Bank "xxxx" ASC arasında imzalanmış xx.xx.2011-ci il tarixli, 31 saylı xidmət müqaviləsinə əlavə olaraq xx.xx.2016cı il tarixli, 31-2507/16 saylı ipoteka kreditlərinin reyestrinə əsasən xidmət olunması üçün "xxxx" ASC-nin Azərbaycan İpoteka Fondu ASC xətti ilə verilmiş bütün ipoteka kreditləri Bank "xxxx" ASC-yə təhkim edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri 14 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktuba əlavə olunan 4Ə-161 nömrəli notariat işinin surətindən görünür ki, satıcı X6, ipoteka saxlayan "xxxx" ASC ilə alıcı-ipoteka qoyan Cavabdeh1 arasında xx.xx.2011-ci il tarixdə bağlanmış alğı-satqı və ipoteka müqaviləsinin surətindən görünür ki, satıcı Bakı şəhəri, Nizami rayonu, Qara Qaravev prospekti, ev 58-də yerləşən 53 saylı mənzilini alıcının mülkiyyətinə verməyi, alıcı isə mənzili ipoteka ilə yüklü etməyi öhdəsinə götürmüşdürlər. Həmçinin notariat işinə əlavə edilən sənədlərdən görünür ki, İddiaçı X4 onun bütün əmlakını idarə etməyə və üzərində sərəncam verməyə və s. dair xx.xx.2021-ci il tarixdə xx.xx.2031-ci il tarixədək qüvvədə olan etibarnamə vermiş, həmin etibarnamə əsasında Ramin Hüseynov tərəfindən imzalanmış və notariat kontoruna ünvanlanmış ərizədən də görünür ki, İddiaçı Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ünvanında yerləşən 58 saylı evin 53 nömrəli mənzilinin satılmasına və ipoteka qoyulmasına etiraz etmir. İddia tələbindən göründüyü kimi, iddiaçı tələbini mübahisələndirilən alğı-satqı və ipoteka müqaviləsi bağlanarkən onun razılığının almadığı ilə əsaslandırır. Halbuki, iş materialları ilə həmin halın əksi, yəni alğı-satqı və ipoteka müqaviləsi bağlanan zaman onun razılığı olduğu təsdiq edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.6-cı maddəsinə əsasən, ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Mülki qanunvericiliyin məzmununa görə əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş, birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdin etibarlı olması üçün qanunda nəzərdə tutlmuş formaya riayət edilməsi zəruridir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu əqd bağlandığı andan etibarsızdır. Göründüyü kimi əqdin etibarsız hesab edilməsi həmin əqdin şərtlərinin pozulmuş olması mütləqdir. Həmin şərtlərə əməl edilməməsi əqdin etibarlılığını şübhə altına alır. Hazırkı mübahisə üzrə isə bağlanmış alğı-satqı və ipoteka müqaviləsinin etibarlılığını şübhə altına alan belə bir hal müəyyən edilməmiş və iddiaçının tələbini əsaslandığı hallar məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmamışdır. Bundan əlavə, əqdin etibarlılığı üçün onun bağlanmasında iştirak edən şəxslərin səlahiyyətli olması, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. İşin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisə predmeti olan müqavilə bağlanarkən tərəflər səlahiyyətli olmuş, onların iradə ifadəsi və onun bildirilməsinin vahidliyi mövcud olmuş, əqdin forma və məzmunu qanunvericiliyin tələblərinə müvafiq olmuşdur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ipoteka müqaviləsi tərtib edilərkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Buna görə də qeyd edilən müqavilə etibarsız hesab edilə bilməz. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yenə həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1, "xxxx" ASC-nə və 14 saylı Notariat Ofisinə qarşı – Bakı şəhəri, Nizami rayonu, Qara Qaravev prospekti, ev 58-də yerləşən 53 saylı mənzilə dair “Zaminbank" ASC-nin Gənclik filialının müdiri X5, Cavabdeh1 və X6 arasında 14 saylı Notariat Ofisində bağlanmış xx.xx.2011-ci il tarixli, 40/161 reyestr nömrəli alğı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli
Məhkəmə qərarları › İş №2(011)-319/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-319/2022
07.01.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver