Məhkəmə qərarları › İş №2(011)-3194/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3194/2023

13.06.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3194/2023 13.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynli Mehriban Qalib qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində qeyd edilən işin halları: İddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən qaz sayğacı Cavabdeh əməkdaşları tərəfindən dəyişdirilmiş, Smart kart tipli sayğac quraşdırılmışdır. Cavabdeh əməkdaşları tərəfindən köhnə qaz sayğacı aparıldıqdan sonra iddiaçıya bildirilmişdir ki, sayğacda problem var və buna görə o cərimə ödəməlidir. İddiaçı bildirmişdir ki, həmin evdə təbii qazdan istifadəyə görə yaranmış borclar gecikdirilmədən ödənilmiş, indiyə qədər bu məsələ ilə bağlı hər-hansı bir mübahisə yaranmamışdır. İddiaçının tələbi: Cavabdeh tərəfindən ünvan 2 ünvanında yerləşən evə hesablanmış 2073.60 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh şəxsin etirazı: Cavabdeh tərəfindən ərizəçinin tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında (xx.xx.2023-cü il tarixli) iştirak edən iddiaçı qeyd etmişdir ki, ona yazılmış cərimə məbləğindən şikayətçidir. Belə ki, o bəhs olunan evi 29 aprel 2022-ci il tarixində almışdır və 1 ildən çox müddət keçdikdən sonra iddiaçı qaz sayğacına yüklənmiş məbləğdən silinmələr olduğunu müşahidə etmişdir. İddiaçı öz izahatında bildirmişdir ki, o evi aldığı zaman köhnə qaz sayğacı yenisi ilə əvəz olunaraq onun istifadəsinə verilmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab edir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: - xx.xx.2022-ci il tarixli yaşayış sahəsinin alqı-satqı və ipoteka müqaviləsi; - xx.xx.2022-ci il Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə №AKX-04206xx/xx-2022 saylı Müqavilə; - “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* №-li akta əsasən sayğacın hesablama mexanizmi keçən qazı qeyd etmir, infomasiya oxunmur; - Qaz sayğacının çıxarılması, quraşırılması və istismara qəbulu haqqında xx.xx.2022ci il tarixli ******* nömrəli Akt; - xx.xx.2022-ci il tarixli Qaz sayğacının yoxlanılması barədə MSK 29/1710-01884-1 saylı Aktda qeyd olunur ki, G4 markalı İtron tipli qaz sayğacları xx.xx.2022-ci il tarixində dövlət yoxlaması nəticəsində yararsız hesab olunmuşdur; - xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən G-4 markalı 1302AZ**********62 nömrəli sayğaca müvəqqəti element və LCD ekran quraşdırılmış, daxildə əsas çap və kartriderin çap vərəqləri dəyişdirilərək 2015-2016-cı illərə məxsus çap vərəqləri quraşdırılıb və xx.xx.2022-ci il tarixdə tərtib olunmuş ******* saylı aktın əsasında dəymiş ziyanın həcmi 17280 m3 hesablanmışdır; - xx.xx.2022-ci il tarixli qaz paylayıcısı və istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədi barədə Akt; - Abonentin saldosundan görünür ki, 2022-ci il iyun ayı üçün abonentin qalıq və aktlar üzrə 2073.60 manat borcu mövcuddur. Tətbiq edilən hüquq: Azərbaycan Respublkasının Mülki Məcəlləsi: 572.1. Alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. 614.3. Fiziki şəxs olan alıcının iştirakı ilə pərakəndə alğı-satqı müqaviləsi ilə əlaqədar bu Məcəllə ilə tənzimlənməyən münasibətlərə istehlakçıların hüquqlarının qorunması haqqında qanun və ona uyğun qəbul edilmiş digər normativ hüquqi aktlar tətbiq edilir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu

3. (İstehlakçılar) öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. 18.0. İstehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədilə özündə aşağıdakı tələbləri ehtiva edir: 18.0.1. istehlak bazarında satılan malların (xidmətlərin, işlərin), o cümlədən dərman vasitələrinin qablaşdırılmasının, daşınmasının, saxlanmasının və satış şəraitinin sanitargigiyenik, ekoloji, texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına, qida məhsullarının isə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara uyğun olmasına dövlət nəzarətini...

26. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçının tələblərini yerinə yetirməklə yanaşı, məhkəmə həmçinin ona dəymiş mənəvi (qeyri-əmlak) zərərin də ödənilməsini həll edir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər.

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu 11.6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. 13.8. ... qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. 13.9. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.6 Qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 31 may tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”: 5.1. Əgər istehlakçı ilə qazın verilməsi haqqında bağlanmış müqavilədə fasilə nəzərdə tutulmayıbsa, qazın verilməsi fasiləsiz həyata keçirilir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır;

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.2. İddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilir. 9.1.5. İstehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar.

Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli yaşayış sahəsinin alqı-satqı və ipoteka müqaviləsindən və xx.xx.2022-ci il Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə №AKX-04206xx/xx-2022 saylı Müqavilədən görünür ki, iddiaçı daşınmaz əmlakın yeni mülkiyyətçisi, o cümlədən Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi üzrə yeni tərəfdir. Cavabdeh tərəfindən İddiaçı **********22970 saylı abunə koduna yazılmış borc əsassızdır. Belə ki, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya, abunə kodu, qaz sayğacı və sairə verməyə borcludur. Qaz sayğacının çıxarılması, quraşırılması və istismara qəbulu haqqında xx.xx.2022-ci il tarixli ******* nömrəli Aktdan da görünür ki, istehlakçı X1r, çıxarılan 1302AZ**********62 nömrəli sayğacdır. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* №-li akta əsasən nöqsan 1302AZ**********62 nömrəli sayğacda aşkarlanmışdır. Aktda istehlakçı kimi İddiaçı qeyd edilmiş olsa da sayğac başqa istehlakçının istisamarında omlmuşdur. İddiaçının abunə koduna hesablanmış 2073.60 manat borcun iddiaçıya heç bir aidyyatı yoxdur. Qeyd edilənlərdən əlavə məhkəmə hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna hesablanmış 2073.60 manat borcun silinməsi barədə iddia tələbi təmin edilməlidir. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən belə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh tərəfindən iddiaçının **********22970 saylı abunə koduna hesablanmış 2073.60 manat məbləğində borc silinməlidir.

Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.2-ci maddəsinə görə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddiaçı istehlakçıların hüquqlarının pozulması ilə bağlı dövlət rüsumunu ödəməkdən azad olduğundan iddianın qiymətinə mütənasib olaraq, yəni 40.73 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ:

İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı **********22970 saylı abunə koduna hesablanmış 2073.60 (iki min yetmiş üç manat altmış qəpik) manat məbləğində borc silinsin. Cavabdehdən 40.73 (qırx manat yetmiş üç qəpik) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar