Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3199/2025 23.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, məhkəmə iclas katibi Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələb: İddiaçı Cavabdeh İB-nə qarşı cavabdeh tərəfindən hesablanmış 2592 manat məbləğində borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın dəlilləri: İddiaçı bildirmişdir ki, o daimi olaraq Qəbələ rayonu, Məmmədəli kəndində qeydiyyatda olduğu ünvanda yaşayır. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Cəlal Qurbanov küçəsində yerləşən 20 saylı ev ona məxsus olsa da, orada yaşamır. Həmin evi 2017-ci ildə özəlləşdirmişdir. Qeyd olunan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Həmin vaxtdan orada qaz sayğacı qqraşdırılsa da, yaşayış olmadığı üçün istifadə edilməmişdir. 2023-cü ilin əvvəllərində Cavabdeh əməkdaşları tərəfindən qapıya gələrək bildirilmişdir ki, sayğac istifadə edilmədiyi üçün həmin sayğacı söküb aparmalıdırlar. O həyətdə yaşayan oğlu sayğacın aparılmasına etiraz edib ki, bizim sayğacdı, gələcəkdə ola bilsin istifadə ediləcək. Bundan sonra 14 aprel 2023-cü il tarixində həmin sayğacın giriş və çıxış hissələrini sökərək sayğacı müvəqqəti həyətə qoymuşdular. Sonra isə 29 aprel 2023-cü ildə yenidən 2 nəfər çilingər gəlib sayğacı aparmalı olduqları barədə onlara tapşırıq verilməsini söyləmişdir. Beləliklə Cavabdeh əməkdaşları sayğacı aparmışdırlar. Sayğac ilk dəfə sökülən zaman heç bir zədə olmadan plomb üzərində olmuşdur. Onun geri qaytarılması üçün müraciət olmadı. Çünki, həmin evdə onsuz da yaşayış yox idi, yəni qazdan istifadəyə ehtiyac yox idi. Sonradan 2025-ci ilin yanvar ayında qərar vermişlər ki, həmin evdə bundan sonra nəvəsi yaşayacaq. Belə olan halda Azəriqaza müraciət olunmuşdur ki, artıq həmin evdə nəvəsi yaşamaq istəyir və qaz verilməsinə ehtiyac var. Həmin vaxt Asan Kommunala gedəndə onlara bildirmişlər ki, 2592 manat borcları var, cərimə yazılıb. Bundan sonra xx.xx.2025-ci il tarixində rəsmi ərizə ilə cavabdehə müraciət etmişlər və əlaqəli sənədlərin onlara verilməsini tələb etmişlər. Sənədləri aldıqda məlum olmuşdur ki, xx.xx.2023-cü il tarixində ******* nömrəli akt və xx.xx.2023-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamə tərtib edilmişdir. Qeyd edilən sayğac kart ilə işlədiyi üçün kart da heç vaxt götürülməmişdir, belə olan halda sayğacdan necə istifadə etmək olar. Halbuki, tələbnamədə qeyd edilir ki, həmin evdə qaz qurğularından istifadə olunub və 90 gün üçün 2592.0 manat sərfiyyat olunub. Bu absurddur və həqiqətə uyğun deyil. Lakin cavavdeh qurumun əməkdaşları dəfələrlə Asan kommunala getsələr də, onlara qulaq asmaq istəmir. Mübahisənin yalnız məhkəmə qaydasında həll ediləcəyini başa düşdükdə, məcbur qalıb həmin 2592.0 manat əsassız hesablanmış borc məbləğinin silinməsi üçün məhkəməyə müraciət etmişdirlər. İddiaçı hesab edir ki, ona hesablanmış borc qanunsuz və əsassızdır, buna görə də silinməlidir. Belə ki, sayğacın zədələnməsi ilə bağlı cavabdeh qurum heç sübut təqdim etməmişdir. Sayğacın zədələnməsi öz təsdiqini tapsa belə bununla bağlı o heç bir məsuliyyət daşımır. Ona görə ki, qaz sayğacı onun evindən kənarda yerləşdiyi üçün sayğacı qorumaq mümkün deyildir, sayğacı yoldan keçən istənilən şəxs zədələyə bilər. Buna görə ondan hər hansı vəsaitin tələb olunması heç bir halda qanuni və ədalətli ola bilməz. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, o heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasını cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İşin halları İstehlakçı İddiaçı barəsində xx.xx.2023-cü il tarixində “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akt tərtib edilmişdir. Aktda sayğacın metrologiya plomblarına müdaxilə olunmsı qeyd edilmişdir. xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən 2592 manat məbləğində borc hesablanmışdır. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanun (01 may 2022-ci il tarixli 486-VİQD nömrəli Qanunu ilə təsdiq edilmiş redaksiyasında) Maddə 13 ...8. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsi Maddə 77. Sübütetmə vəzifəsi 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119 Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatları və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən sayğaca müdaxilə aşkar edildikdə bu barədə akt tərtib etməli, aktın bur nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməli idilər. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə cavabdeh təşkilat tərəfindən vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb edilə bilərdi. Lakin hazırkı mülki işin məhkəmə araşdırması zamanı Cavabdeh İB əməkdaşları tərəfindən müvafiq akt tərtib edilsə də, istehlakçının təqsirinin müəyyən edilməsi və qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi istiqamətində hər hansı tədbirlərin görüldüyü müəyyən edilməmişdir. Cavabdeh təşkilatın əməkdaşları tərəfindən, qanunsuz olaraq, istehlakçının təqsiri qanunvericiliklə müəyyən edilmiş qaydada sübuta yetirilmədən dəymiş zərər istehlakçıdan tələb edilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən hesablanmış 2592 manat məbləğində borc silinməlidir. Məhkəmə məhkəmə xərclərinin tutulması ilə bağlı məsələyə qiymət verərək belə qənaətə gəlir ki, iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq məhkəmə xərcinə daxil olan 45,92 manat məbləğində dövlət rüsumu da “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsi və Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh İB tərəfindən ünvan 3 ünvanı üzrə abonent İddiaçı (abonent kodu: **********00201) xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən hesablanmış 2592 (iki min beş yüz doxsan iki) manat məbləğində borc silinsin. Cavabdeh İB-dən 45,92 (qırx beş manat doxsan iki qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh İB-dən tutularaq, dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-3199/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3199/2025
23.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver