Məhkəmə qərarları › İş №2(011)-3208/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3208/2024

30.05.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3208/2024 30.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi Hüseynli Mehriban Qalib qızının katibliyi ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "borcun silinməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddia ərizəsində qeyd edilən işin halları:

1. İddiaçıya məxsus ünvan 1 ünvanında əvvəllər yaşamış və elektrik istehlakçısı olmuş məcburi köçkün X1 2017-ci ilədək sərf olunan elektrik enerjisinə görə 472,90 manat borc hesablanmış və bu barədə istehlakçıya əvvəllər məlumat verilməmişdir.

2. İddiaçıya həmin borc ödənilmədən abonent kodu verilməyəcəyini bildirmişdirlər.

İddiaçının tələbi:

3. Cavabdeh "xxxx" ASC tərəfindən sahibi olduğu ünvan 1 ünvanında 2017-ci ilin yanvar ayına kimi hesablanmış 472,90 mnat borcun silinməsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Cavabdehin iddiaya münasibəti:

4. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış yazılı etiraz, o cümlədən, hər hansı sənəd daxil olmamışdır.

İşdə iştirak edən şəxslərin izahatları:

5. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 öz izahatında bildirmişdiur ki, "xxxx" ASC tərəfindən qeyd edilən ünvana 472,90 manat məbləğində borc hesablanmışdır. Borc həmin ünvanda yaşamış məcburi köçkün Novruzov Təhmasibin 2017-ci ilədək yazılan borcudur. Bununla bağlı bütün zəruri sənədləri məhkəməyə təqdim etmişdir. Məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir.

6. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:

7. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur.

8. xx.xx.2023-cü il tarixli AN-İ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, satıcı X3 ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzili tam mülkiyyət üzrə alıcı İddiaçı mülkiyyətinə vermişdir. Alıcı İddiaçı mənzili 60000 manat qiymətinə almışdır.

9. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 13-13/2-2/18-B-4150-5/2024 nömrəli müraciətin araşdırılmasına dair məlumata əsasən, **********80078 nömrəli abunə kodu ilə qeydiyyatda olan mənzilin elektrik enerji hesabatı dövriyyəsi təhlil olunarkən xx.xx.2002-ci il tarixdən xx.xx.2006-cı il tarixədək 472,90 manat dəyərində borcun olduğu müəyyənləşdirilmişdir.

10. "xxxx" ASC tərəfindən verilmiş Abunə haqqında **********80078 nömrəli (Təhmasib Novruzov) çıxarışa əsasən, istifadəçinin 472,90 manat məbləğində borcu vardır.

Tətbiq edilən hüquq:

11. Azərbaycan Respublkasının Mülki Məcəlləsi (AR MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 551.1. Əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. 551.2. Aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir: 551.2.1. kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər; 572.1. Alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. 614.3. Fiziki şəxs olan alıcının iştirakı ilə pərakəndə alğı-satqı müqaviləsi ilə əlaqədar bu Məcəllə ilə tənzimlənməyən münasibətlərə istehlakçıların hüquqlarının qorunması haqqında qanun və ona uyğun qəbul edilmiş digər normativ hüquqi aktlar tətbiq edilir. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

12. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanunu. 13-cü maddənin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaqüçün şərait yaradır. 17-ci maddənin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası NazirlərKabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır.

13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə qaydaları». 4.1. Enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. 6.1. Azərbaycan Respublikasının ərazisində tabeliyindən, mülkiyyət formasından və maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, istehlakçılar, o cümlədən hüquqi və fiziki şəxslər tərəfindən elektrik enerjisinin istehsalı, saxlanılması, ötürülməsi, paylanması, satışı, istehlakı və enerji effektivliyi sahəsində, elektrik qurğularının layihələndirilməsində, tikintisində, yenidən qurulmasında, təmirində, həmçinin onların təhlükəsiz, qəzasız və etibarlı istismarında Azərbaycan Respublikasının qanunlarına, müvafiq qaydalara, təlimatlara və digər texniki normativ hüquqi aktlara əməl olunmasına dövlət nəzarətini Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərini Tənzimləmə Agentliyi həyata keçirir. 8.1. Dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır.

14. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi (AR MPM): 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır;

15. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. 9.1.5. İstehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar.

Məhkəmənin mövqeyi:

16. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir.

17. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.

18. İddiaçı qeyd edir ki, o xx.xx.2023-cü il tarixli AN-İ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, satıcı X3 ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzili tam mülkiyyət üzrə almışdır. (§8) Mənzili aldıqdan sonra həmin ünvan üzrə **********80078 saylı abonent koduna xx.xx.2002-ci il tarixdən xx.xx.2006-cı il tarixədək 472,90 manat dəyərində borcun olduğunu müəyyənləşdirilmişdir.(§9) O elektrik enerjisindən istifadəyə görə yaranmış borcun cavabdeh tərəfindən silinməsini məhkəmədən xahiş edir.

19. Məhkəmə qeyd edir ki, öhdəliyin yaranması əsasları və ümumi şəkildə dairəsi MMnin yuxarıda qeyd edilən müddəalarında müəyyən edilmişdir. Adı çəkilən müddəaların məzmunundan göründüyü kimi, öhdəliyin yaranması üçün lik növbədə onun iştirakçıları (tərəfləri) arasında hüquq münasibətləri yaranmalı və bu münasibətlər qanunla müəyyən edilmiş qeyd edilən əsaslara söykənməlidir. Yaranma formasına görə öhdəliklər müqavilədən əmələ gələn, müqavilədən kənar öhdəliklər (deliktlər) və qanundan irəli gələn öhdəliklərə (əsassız varlanma) bölünür.

20. Öhdəliklərin ən geniş yayılmış forması isə müqavilə öhdəlikləridir. Qanun müəyyən edir ki, müqavilədən əmələ gələn öhdəliklərin yaranması üçün tərəflər arasında müqavilə bağlanmalı və tərəflər özlərinin əmlak mənafeləri ilə yanaşı, hüquq və vəzifələrini də müəyyən etməlidirlər.

21. Eyni zamanda, “Elektrik enerjisindən istifadə” Qaydalarının yuxarıda qeyd edilən müddəalarından da göstərilir ki, istehlakçılara elektrik enerjisi verilməsi üçün enerjitəchizatı müəssisəsi, yəni, cavabdeh ilə istehlakçı arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmalıdır. Yalnız bu müqavilə bağlandıqdan sonra istehlakçılara elektrik enerjisinin verilməsi təmin edilir, abonent müqavilədə qeyd olunmş həddə elektrik enerjisindən istifadə edir və hər iki tərəf müqavilə üzrə üzərlərinə öhdəlik götürürlər.

22. Lakin tərəflər arasında elektrik enerjisinin verilməsinə dair hər hansı müqavilə bağlanmamış, cavabdeh bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Qanun isə tələb edir ki, istehlakçı (hazırki iş üzrə mülkiyyətində olan mənzil üzrə borclu) yalnız üzərinə götürdüyü öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır.

23. Məhkəmə hesba edir ki, cavabdeh istehlakçıya üçüncü şəxslərin hüquqlarından azad abonə kodu verməyə borcludur və əvvəlki istehlakçının borcunu hazırki mülkiyyətçidən tələb edə bilməz. Eyni zamanda MM-nin tələbinə əsasən vaxtaşırı ödənişlər haqqında tələblər beş il müddətində tələb edilə bilər. Mülki iş materiallarından da göründüyü kimi iddiaçının ünvanı üzrə abonent koduna hesblanmış bpr 2002-2006-cı illərə aiddir. (§9)

24. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı məxsus ünvan 1 ünvanı üzrə **********80078 saylı abonent koduna hesablanmış 472,90 (dörd yüz yetmiş iki manat doxsan qəpik) manat borcun silinməsi cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə həvalə edilməlidir. Məhkəmə xərcləri:

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

26. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə və iddia tələbi təmin edildiyinə görə ödənilməli olan 30 manat dövlət rüsumu cavabdehdən tutulub Dövlət büdcəsinə ödənilməlidir.

27. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

1. İddia tələbi təmin edilsin.

2. İddiaçı məxsus ünvan 1 ünvanı üzrə **********80078 saylı abonent koduna hesablanmış 472,90 (dörd yüz yetmiş iki manat doxsan qəpik) manat borcun silinməsi cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə həvalə edilsin.

3. "xxxx" Açıq Səhmdar Cəmiyyətindən dövlət rüsumuna görə 30 (otuz) manat dövlət nəfinə tutulsun.

4. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar