Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-324/2025 15.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tələbini onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında yaşayır. Qeyd olunan fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir. Mənzilin kommunal xərcləri, xüsusilə də elektrik xərcləri tərəfindən hər zaman vaxtlı-vaxtında ödənilir. 2024-cü ilin may ayında mənzilin sayğacı "xxxx" ASC-nin əməkdaşları tərəfindən dəyişdirilmişdir. 2024-cü ilin may-iyun aylarında iddiaçı tərəfindən istehlak olunan elektrik enerjisinin sərfiyyatına görə müvafiq ödənişlər edilmişdir. xx.xx.2024-ci il tarixdə iddiaçı Beyləqan rayonunda olarkən cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən bildiriş göndərilərək xx.xx.2024-ci il tarixli 335931 saylı aktada qeyd edilmişdir ki, guya yuxarıda qeyd olunan mənzilə aid **********70037 abunə kodlu işıq sayğacımın dövlət möhürü pozulmuş, sayğacın daxilinə baxış zamanı sayğacın yük blokuna qaynaq vasitəsi ilə müdaxilə olunduğu aşkar olunmuşdur. Sayğacın dispileyi yanıb sönür, sayğac qeyri stabil işləyir. Xəta faizlərini yoxlamaq mümkün deyildir. Sayğac istismara yararsızdır. Yəni sayğaca müdaxilə olunmuşdur. İddiaçı hesab etmişdir ki, xx.xx.2024-cü il tarixli 335931 saylı Akt tamamilə əsassızdır və qanunsuz olduğundan etibarsız hesab edilməlidir. Belə ki, birincisi iddiaçıya məxsus mənzilin sayğacına iddiaçı tərəfindən hər hansı bir müdaxilə edilməmişdir və bunu əks etdirən hər hansı bir foto və ya video görüntü yoxdur. Bundan başqa iddiaçı hal-hazırda səhhətilə əlaqədar olaraq Beyləqan rayonununa tez-tez gedir. Əgər həmin sayğaca hər hansı bir müdaxilə edilibsə də, iddiaçı buna cavabdehlik daşımamalıdır. Çünki sayğac mənzilində deyil, mənzilindən çöldə yerləşir. Hər kəs üçün nəzərdə tutulan ümumi istifadədə olan yerdə quraşdırılmışdır. İddiaçıya pislik etmək niyyəti olan və ya pislik etmək istəyən istənilən şəxs sayğacına rahat şəkildə müdaxilə edə bilər. Bundan əlavə, cavabdeh təşkilatın işçiləri tərəfindən hər ay iddiaçının yaşadığı ünvandakı elektrik sayğacı yoxlanılmış və orada heç bir qüsur aşkar edilməmişdir. Beləliklə, bütün bunlara görə, yəni etmədiyi əmələ görə iddiaçının məsuliyyət daşımağı absurd və gülüncdür. Digər tərəfdən cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli, 335931 saylı akt qanunvericiliyin tələblərinin pozulması ilə tərtib edilmişdir. Belə ki, həmin aktda göstərildiyi kimi aktı "xxxx" ASC-nin əməkdaşları tərtib edərək imzalamışlar. Halbuki, qanunvericiliyin tələblərinə görə akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və 2 nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Aktdan göründüyü kimi onu nəinki 2 nəfər, hətta 1 nəfə belə hal şahidi imzalamamışdır. Bundan başqa həmin akt ümumiyyətlə iddiaçıdan xəbərsiz, iştirakı təmin edilmədən tərtib olunmuşdur ki, iddiaçı bir məişət abonenti kimi izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək hüququndan da məhrum olunmuşdur. Bu hallar isə cavabdehin əməkdaşlarının iddiaçıya qarşı qərəzli olmalarını bir daha sübut etmiş olur. Eyni zamanda iddiaçı cavabdeh təşkilata aktın etibarsızlığı və borcun əsassız hesablanması ilə bağlı müraciətlər etsə də, müraciətləri cavabsız qalmış, cavabdehin nümayəndələri isə dəfələrlə gəlib iddiaçının işığını kəsəcəkləri ilə hədələmişlər. Buna görə də iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı göstərilənləri nəzərə alaraq, "xxxx" ASC tərəfindən **********70037 abunə kodlu, 52557989M250 saylı işıq sayğacına guya kənar müdaxilə etdiyini əsas götürüb barəsində qanunsuz tərtib olunmuş xx.xx.2024-cü il tarixli 335931 saylı aktın etibarsız hesab olunması, qanunsuz olaraq işıq sərfinə görə hesablanmış 1261,57 manat borcun və akta əsasən hesablanmış cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddia tələbinin məzmununa uyğun izahat verərək məhkəmədən iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası barədə cavabdehə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin çıxışını dinləyib, iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 27 ünvanında yerləşən ümumi sahəsi 47.6 kv/m olan 37 saylı nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X2 adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəli reyestr nömrəsi ilə 02 noyabr 2013-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş bildirişdən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 27 ünvanında X3 (abunə kodu:**********70037) 2017-ci il üzrə borcu yoxdur. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş bildirişdən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 27 ünvanında X3 (abunə kodu:**********70037) 2024-cü il üçün borcu 1261,57 manat təşkil edir. İş materiallarında olan "xxxx" ASC tərəfindən təqdim olunan abunə haqqında çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 27 ünvanında X3 (abunə kodu:**********70037) 2024-cü il üçün borcu 1261,57 manat təşkil edir. İş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş 13 mart 2024-cü il tarixli, 335931 nömrəli aktın surətindən görünür ki, X3 (abunə kodu:**********70037) ünvan 1 ünvanında yoxlama zamanı məlum olmuşdur ki, elektrik sayğacının proqramı təminatı pozulub, ekranda göstərici oxunmur. İş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş Məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında 27 mart 2024-cü il tarixli 739590 nömrəli protokolun surətindən görünür ki, X3 (abunə kodu:**********70037) ünvan 1 ünvanında sayğacın oxunma ekranının yanıb söndüyü müəyyən edilmiş, yeni sayğac quraşdırılmışdır. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X4 Qaydalarının” 8.4-cü bəndinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin qaydaların 8.33-cü bəndinə əsasən, məişət abonenti tərəfindən X4də pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi, onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. “X4 Qaydalarının” 7.11-ci bəndinə görə yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 551.2.1-ci maddəsinin tələbinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" ASC tərəfindən tərtib edilmiş 13 mart 2024-cü il tarixli, 335931 nömrəli aktın surətində “elektrik sayğacının proqramı təminatı pozulub, ekranda göstərici oxunmur” kimi qeydlər aparılsa da, cavabdeh həmin qüsurun iddiaçının təqsiri üzündən yaranması, eyni zamanda iddiaçının yaşadığı evinə dair hesablanmış iddiaçının silinməsini tələb etdiyi 1261,57 manat məbləğində borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçının silinməsini tələb etdiyi Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 27 ünvanında yerləşən 37 saylı mənzilə (abunə kodu:**********70037) dair hesablanmış 1261,57 manat məbləğində borc silinməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumundan azad olunduğundan, eyni zamanda iddia tələbi təmin edildiyindən dövlət rüsumunun əvəzi olaraq 32.62 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq, dövlət büdcəsinə ödənilməlidir. . Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 27 ünvanında yerləşən 37 saylı mənzilə hesablanmış 1261,57 manat məbləğini silmək vəzifəsi cavabdeh "xxxx" ASC-yə həvalə edilsin. Cavabdeh “"xxxx" ASC-dən 32.62 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-324/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-324/2025
15.01.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver