Məhkəmə qərarları › İş №2(011)-3245/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3245/2021

08.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3245/2021 08.05.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 35.000 ABŞ dolları məbləğində pulun həmin dövrün 0.78 aze kursuna uyğun 27.300 manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının əvvəldən tanıdığı Cavabdeh 2010-cu ilin aprel ayında iddiaçıya məxsus Nərimanov rayonu ərazisində yerləşən qeyriyaşayış sahəsini (mağaza) təmir edərək baha qiymətə satmasını təklif etmişdir. Cavabdeh Vaqif adlı tanışının vasitəsilə mağaza təmir olunaraq iddiaçı ilə Vaqif arasında həmin mağazanı 50.000 manata satmaq müqabilində Nərimanov rayonu ərazisində notariat qaydada alğı-satqı müqaviləsi bağlanmışdır. Alğı-satqı zamanı Cavabdeh Vaqifə borcu olduğu və mağazanın təmirinə xərclənən puldan 50.000 manatın çıxılacağı və qalan hissəsinin iddiaçıya veriləcəyi bildirilmişdir. İddiaçı Cavabdeh etibar etdiyi üçün bütün hesablamanı Hikmət aparmışdır və yekun olaraq Hikmətin iddiaçıya 40.000 ABŞ dolları borcu qalmışdır və o pulu hissə-hissə ödəyəcəyi barədə söz vermişdir. Bir müddət sonra Hikmət iddiaçıya 5000 ABŞ dolları (o dövrün kursuna uyğun) 3900 manat verərək qalan qalan pulu da ara ara ödəyəciyini bildirmişdir. O, hər dəfə görüşərkən iddiaçıdan vaxt istəmiş, iddiaçı ona əlavə vaxt vermişdir. İddiaçı 2019-cu ildə rəsmi ərizə ilə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etmişdir. Onun şikayət ərizəsinə cavab olaraq məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək məhkəmədən onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində çıxış edən X3 öz izahatında bildirdi ki, o, Sürəyya xanımın köhnə evində usta işləmişdir. O, həmin evdə işləyərkən Cavabdeh iddiaçının evinə gəlmiş, onlar arasında mağaza ilə bağlı mübahisə yaranmışdır. Onlar mağazanın satış qiymətini 80.000 ABŞ dolları məbləğində müəyyən etmişlər. İddiaçının cavabdehə 40.000 manat məbləğində borcu olmuşdur. Həmin puldan iddiaçı 40.000 ABŞ dolları borcunu cavabdehə ödəməli, qalan hissəsi isə iddiaçıya geri qaytarılmalı idi. Məhkəmə iclasında şahid qismində çıxış edən X1 öz izahatında bildirdi ki, onların iddiaçı ilə uşaqlıqları bir yerdə keçmişdir. Sürəyya xanımın cavabdehə borcu olmuşdur. Mağazanı Hikmət 80.000 dollara satmış, iddiaçının pulunu isə qaytarmamışdır. Məhkəmə iddiaçının izahatlarını və şahidlərin ifadələrini dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia rədd olunmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbinin əsası kimi cavabdehə 40.000 ABŞ dolları məbləğində borcunun olmasına, ona məxsus mağazanı satılması üçün cavabdehə verməsinə, mağazanın satış qiymətinin 80.000 ABŞ dolları məbləğində müəyyən edilməsinə, həmin puldan iddiaçının borcu olan 40.000 ABŞ dollarının cavabdeh tərəfindən götürülməsinə, qalan hissəsinin isə cavabdeh tərəfindən iddiaçıya geri qaytarılmalı olmasına istinad etmiş, cavabdeh tərəfindən pulun 5.000 ABŞ dollarını verdiyini, qalan 35.000 dolları isə qaytarmadığını bildirmişdir və cavabdehdən mağazanın satılması ilə bağlı ona çatmalı olan məbləğin ödənilməsini tələb etmişdir. İddiaçı eyni zamanda istinad etdiyi halların cavabdeh tərəfindən DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində verilmiş izahatlarla da təsdiq edildiyini bildirmişdir. Məhkəmə tərəfindən müvafiq sorğular göndərilərək həmin hallar araşdırılmış, lakin iddiaçının istinad etdiyi halın mövcudluğu aşkarlanmamışdır. Məhkəmə belə hesab edir ki, iddiaçı cavabdehin onun qarşısında 35.000 ABŞ dolları (27.300 manat) məbləğində pul öhdəliyinin olması barədə mötəbər sübut təqdim edə bilməmiş, bu hallar məhkəmə iclasında işin hər hansı halı ilə sübuta yetirilməmişdir. İddiaçı məhkəməyə şahidləri gətirmiş, şahidlərin ifadələri dinlənilmişdir. Lakin məhkəmə şahid ifadələrini mötəbər sübut qismində qəbul etmir. Məhkəmə iş materiallarına qiymət verərək hesab edir ki, iddiaçı iddia tələbində istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını, mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına əsasən, məhkəmə qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki-Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçının tələbi sübutlarla təsdiq edilmədiyindən rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddiaçı tələbi rədd olunduğundan 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı cavabdehdən 35.000 ABŞ dolları məbləğində pulun həmin dövrün manata aid məzənnəsinə uyğun 27.300 manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə tələbi rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar