Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3263/2024 14.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “kommunal xərclər ilə bağlı mübahisələr” barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən əsassız hesablanmış 3110,40 manat məbləğin İddiaçı hesabından (abonent kodu: **********00190) silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, abonenet koduna əsassız olaraq yazılmış 2875,4 manat borcun silinməsi və ödədiyi puldan borc kimi tutulmuş cəmi 235 manat pulun geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə, ünvan 1 ünvanında quraşdırılmış STS **********7 №-li, İTRON tipli qaz sayğacının hesablama mexanizmi keçən qazın həcmini qeyd etmədiyi üçün ZENNER G4T SMART tipli, **********171 №-li qaz sayğacı quraşdırılmış, 12605672 №-li plomb vurulmuş, “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* №-li AKT tərtib olunmuşdur, xx.xx.2023-cü il tarixdə İTRON tipli, STS **********7 №-li qaz sayğacı dövlət yoxlanılması üçün laboratoriyaya göndərilmişdir. xx.xx.2023-cü il tarixdə dövlət yoxlamasının nəticəsi məlum olmuşdur. Metrologiya Departamentinin rəyində sayğacın hesablama mexanizminin keçən qazın həcminin qeyd etməməsi və element qapağının ətrafında kənar təsir izlərinin mövcud olması səbəbindən sayğac istismara yararsız hesab edilmişdir. İTRON tipli, STS **********7 №-li qaz saylı xx.xx.2019-cu il tarixdə, abonentin iştirakı olmadan quraşdırılmış və abonent. sayğacını istismara qəbul edilməsi barədə heç bir sənəd imzalamamışdır. xx.xx.2023-cü il tarixdə Metrologiya Departamentinin xx.xx.2023cü il tarixli rəyi əsasan abonentin iştirakı olmadan ******* №-li AKT tərtib edilmiş, lakin aktın bir nüsxəsi abonentə verilməmişdir. Bakı Regional Qazın Satışı Departamentinin xx.xx.2023-cü il tarixli “X1”na dair tələbnaməsinə əsasən “dəymiş ziyan həcminin hesablanması” məqsədilə 25920 m3 dəymiş ziyanın həcmi hesablanmış və abonentin hesab koduna 3110,40 man, borc yazılmışdır. Abonent tərəfindən sayğaca heç bir müdaxilə edilməmişdir, Sayğac mənzildən kənarda yerləşdiyindən sayğaca edilmiş müdaxilə (belə halın həqiqət, mövcud olduğu sübuta yetirilibsə) abonent tərəfindən edilməsi aşkarlanmamışdır. Əraziyə nəzarət edən Cavabdeh İB-nin əməkdaşları tərəfindən, təlimata əsasən qaz sayğaclarına hər ay baxış keçirilir və sayğaclarda elektron tablodakı göstəricilər Cavabdeh İB-nin bazası ötürülür. Keçirilmiş baxış zamanı nəzarətçinin gözündən yayınmış “müdaxilə” inandırıcı deyildir. Ən azından sayğacın daxilinə müdaxilə etmək üçün Cavabdeh İB-nin vurduğı plomb qırılmalı idi. Lakin, plombun qırılması barədə heç bir qeydiyyat yoxdur. Mənzildə kənarda quraşdırılmış qaz sayğacına abonent nəzarət etmir və sayğacın işlək vəziyyətdi olmasına abonent cavabdeh deyildir. “Azəriqaz" İB-nin tərtib etdiyi - ******* №-li Akta əsasən guya birliyə külli miqdardı ziyan dəymişdir. "Azəriqaz" İB-nin iddia etdiyi həcmdə abonentin qazdan artıq istifadə etməsi barədə heç bir mütəxəssis araşdırılması aparılmadan şişirdilmiş rəqəm yazılmışdır. Cavabdeh İB qaz sayğacına məhz abonent tərəfindən müdaxilə edilməsini təsdiq edən sübutları təqdim edə bilmir. Abonentin imzası olmayan həmin AKT isə qaz sayğacına müdaxilənin məhz abonent tərəfindən edildiyini təsdiq etmir. Hazırkı halda iddiaçı, cavabdehdən qaz sayğacına abonent tərəfindən müdaxilə olunmanı sübut edən faktları tələb edir. Məhkəməyə təqdim olunmuş AKT birtərəfli qaydada tərtib edilmiş və iddiaçı həmin Aktı imzalamamışdır. Abonent tərəfindən imzalanmamış həmin AKT əhəmiyyətli sübut sayıla bilməz və bu halda iddia tələbi təmin edilməlidir. Bundan əlavə abonent sərfiyyata uyğun olaraq hər ay ödənişlər etmişdir. xx.xx.2012-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər 62666,30 m3 qaz sərfiyatına görə 7077,00 manat ödənişlər olmuşdur. Göründüyü kimi, abonent 11 il ərzində 7077,00 manatlıq qaz sərfiyyatı etmiş, lakin cavabdeh bir AKT ilə onun hesab koduna 3110,40 manat borc hesablamışdır. Həmin borcdan 235 manat ödəniş edilmişdir, 2875,40 manat isə qalmışdır, hesab edir ki, əsassız olaraq yazılmış 2875,40 manat silinməli, eyni zamanda əsassız borca görə ödədiyi 235 manat geri qaytarılmalıdır. Sonda İddiaçı iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı aktın surətindən görünür ki, **********00190 abonent kodu üzrə qaz sayğacı xx.xx.2023-cü il tarixdə yenisi ilə əvəz edilmişdir. İş materiallarında olan xx.xx.2023-ci il tarixli ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətindən görünür ki, “...sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir, element qapağının altında kənar təsir izləri mövcuddur” barədə nöqsanı qeyd edilmiş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli “X1na dair” tələbnamənin surətindən görünür ki, **********00190 saylı abonent koduna xx.xx.2023-cü il tarixli akta əsasən itirilmiş qazın bərpası üzrə 25920 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “Abonent Saldosu”ndan görünür ki, İddiaçı məxsus ünvan 2 ünvanı üzrə **********00190 saylı abonent hesabına 04/2023-cü il tarixə 3110,40 manat borc hesablanmış, 10/2023 tarixində 17,50 manat, 11/2023 tarixində 47,50 manat, 12/2023 tarixində isə 115 manat, 01/2024 tarixində 55 manat olmaqla, ümumilikdə 235 manat ödəniş olmuş, 01/2024 tarixinə Ay sonuna borc 2875,40 manat olmuşdur. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, ünvan 2 ünvanında yerləşən yaşayış evinə quraşdırılmış **********00190 abonent kodlu qaz sayğacı İddiaçı adınadır, o həmin ünvanda yaşayır və təbii qazdan qaz sayğacı vasitəsilə istifadə edir, onun yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğaca cavabdehin əməkdaşları tərəfindən baxış keçirilmiş, yoxlama zamanı mənzildə “...sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir, element qapağının altında kənar təsir izləri mövcuddur” əsası ilə aktlar tərtib olunmuş və həmin aktlar nəticəsində abonentin - iddiaçının **********00190 saylı abonent hesabına “Qalıq və aktlar” qrafasında 04/2023-cü il tarixə 3110,40 manat borc hesablanmış, 10/2023 tarixində 17,50 manat, 11/2023 tarixində 47,50 manat, 12/2023 tarixində isə 115 manat, 01/2024 tarixində 55 manat olmaqla, ümumilikdə 235 manat ödəniş olmuş, 01/2024 tarixinə Ay sonuna borc 2875,40 manat təşkil edir, hazırda qalıq borc məbləği iddiaçıdan tələb edilir. Bununla belə, Akt əsasında 04/2023 tarixə yazılmış 3110,40 manat borc məbləği ilə bağlı iddiaçı tərəfindən sayğaca müdaxilə olunmasına, təbii qazdan sayğacsız istifadə edilməsinə dair hallar, sayğacda yaranmış nasazlıqla bağlı iddiaçının təqsirini sübut edən hallar iş materiallarından görünmür və bu hallara dair cavabdeh tərəfindən də hər hansı sübut təqdim edilməmiş, belə hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir Məhkəmə qeyd edir ki, əvvəla, AKT əsasında “Qalıq və aktlar” qrafasında 04/2023cü il tarixi üzrə 3110,40 manat borc məbləği ilə bağlı iddiaçı tərəfindən sayğaca müdaxilə olunmasına dair hallar, sayğacda yaranmış nasazlıqla bağlı iddiaçının təqsirini sübut edən hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir, ikincisi, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni Cavabdeh İB daşıyır, üçüncüsü, qanunvericiliyə uyğun olaraq, istehlakçının qazın talanmasında təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyətinə malik olan orqan (qurum), cinayət təqibi orqanı və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb edə bilər. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı əsassız olaraq hesablanmış 2875,40 manat borcun hesabdan silinməsi və əsassız olaraq yazılmış borca görə ödədiyi 235 manatın geri qaytarılması barədə iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3.5.2-ci maddəsinə əsasən, istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qanunun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3-cü maddəsinə əsasən, istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafıəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafıəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Beləliklə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, o cümlədən, sayğaca müdaxiləyə dair iddiaçının təqsiri müəyyən edilmədiyindən, iddia tələbi təmin edilməli, cavabdeh tərəfindən iddiaçının hesabına (abonent kodu **********00190) itirilmiş qazın bərpası məqsədilə yazılmış 2875,40 manat məbləğində borcdan ödənilmiş 235 manat geri qaytarılmalı və qalan 2875,40 manat məbləğində borc silinməlidir. Məhkəmə, dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan, dövlət rüsumu cavabdehə aid edilməli, iddianın qiyməti (3110,40) nəzərə alınmaqla, cavabdehdən dövlət mədaxilinə 51,11 manat məbləğində dövlət rüsumu alınmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı **********00190 saylı abonent koduna Cavabdeh tərəfindən itirilmiş qazın bərpası üzrə hesablanmış 2875 (iki min səkkiz yüz yetmiş beş) manat 40 (qırx) qəpik məbləğində borc silinsin. İddiaçı **********00190 saylı abonent kodu üzrə ödənilmiş 235 (iki yüz otuz beş) manat məbləğində pul vəsaiti geri qaytarılsın. Cavabdehndən 51 (əlli bir) manat 11 (on bir) qəpik dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-3263/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3263/2024
14.06.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver