Məhkəmə qərarları › İş №2(011)-3301/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3301/2023

24.06.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3301/2023 24.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynli Mehriban Qalib qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində qeyd edilən işin halları: İddiaçıya məxsus Bakı şəhəri, Qədirli küçəsi, ev 21/15 nömrəli mənzilə gələn qazın hesablanması üçün binanın girişinə Smart tipli G-4 markalı, AZ0664902 nömrəli sayğac qoyulmuşdur. 31.08.202-ci il tarixdə yenə Cavabdeh nümaəndəsi tərəfindən sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik cızıq izləri olduğu üçün həmin sayğacı Zenner G4T Smart tipli G-4 markalı, AZ**********075 nömrəli sayğacla dəyişdirmişdirlər.Sayğacın qurulması və dəyişdirilməsi proesində iddiaçı ə ailə üzvləri iştirak etməmiş, yalnızca 29/1710-02656-1 saylı akt tərtib olunduqdan sonra iddiaçının yaşadığı ünvana təqdim olunmuşdur. İddiaçının tələbi: Cavabdeh xx.xx.2022-ci il tarixli, 29/1710-02656-1 saylı aktının ləğv edilməsi və 1535.20 manat məbləğində hesablanmış cərimənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh şəxsin etirazı: Cavabdeh tərəfindən ərizəçinin tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı qeyd etmişdir ki, Cavabdeh əməkdaşları tərəfindən onun yanında sayğac açılmış və heç bir problemin olmadığı deyilmiş, sonradan isə sayğacı söküb aparmışdırlar. Daha sonra onun abonent koduna cərimə yazıldığını öyrənmişdir. O sayğaca heç bir müdaxilə etməmişdir. O həmçinin bildirmişdir ki, imkanı yoxdur, buna görə də yazılan cərimə məbləğini ödəyə bilmir. İddiaçı məhkəmədən borcun silinməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 qeyd etmişdir ki, iddia ərizəsindəki məbləğ 1555 manatdan qalan qalıq borcudur və cəriməyə görə yazılmışdır. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: - Qaz sayğacının çıxarılması, quraşırılması və istismara qəbulu haqqında xx.xx.2022ci il tarixli ******* nömrəli Akt; - Qaz sayğacının yoxlanılması barədə MSK 29/1710-02656-1 saylı Aktda qeyd olunur ki, diafraqma tipli qaz sayğaclarına xx.xx.2022-ci il tarixində Metrologiya Departamenti tərəfindən baxış keçirildi; - Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barıdı xx.xx.2022-ci il tarixli AKX-04400xx/xx-2022 saylı müqavilə; - “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* №-li akta əsasən ******* nömrəli sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilmiş və daxili qulaqcıqlarında əzik-cızıq izləri aşkar olunmuşdur; - xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən G-4 markalı ******* nömrəli sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilmiş və daxili qulaqcıqlarında əzik-cızıq izləri aşkar olunmuş və xx.xx.2022-ci il tarixdə tərtib olunmuş ******* saylı aktın əsasında dəymiş ziyanın həcmi 8640 m3 hesablanmışdır; - Abonentin saldosundan görünür ki, 2022-ci ildin sentyabr ayında abonentin qalıq və aktlar üzrə 1555.20 manat borcu mövcuddur. Tətbiq edilən hüquq: Azərbaycan Respublkasının Mülki Məcəlləsi: 614.3. Fiziki şəxs olan alıcının iştirakı ilə pərakəndə alğı-satqı müqaviləsi ilə əlaqədar bu Məcəllə ilə tənzimlənməyən münasibətlərə istehlakçıların hüquqlarının qorunması haqqında qanun və ona uyğun qəbul edilmiş digər normativ hüquqi aktlar tətbiq edilir. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu

3. (İstehlakçılar) öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. 18.0. İstehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədilə özündə aşağıdakı tələbləri ehtiva edir: 18.0.1. istehlak bazarında satılan malların (xidmətlərin, işlərin), o cümlədən dərman vasitələrinin qablaşdırılmasının, daşınmasının, saxlanmasının və satış şəraitinin sanitargigiyenik, ekoloji, texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına, qida məhsullarının isə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara uyğun olmasına dövlət nəzarətini...

26. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçının tələblərini yerinə yetirməklə yanaşı, məhkəmə həmçinin ona dəymiş mənəvi (qeyri-əmlak) zərərin də ödənilməsini həll edir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər.

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu 11.6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. 13.8. ... qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. 13.9. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.6 Qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 31 may tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”: 5.1. Əgər istehlakçı ilə qazın verilməsi haqqında bağlanmış müqavilədə fasilə nəzərdə tutulmayıbsa, qazın verilməsi fasiləsiz həyata keçirilir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır;

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.2. İddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilir. 9.1.5. İstehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar.

Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, iddiaçının yaşadığı ünvanda yoxlama keçirilmiş, təbii qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib edilmiş və itirilmiş qazın bərpası üçün hesablanmış məbləğ iddiaçıdan tələb edilmişdir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktda “sayğacın hesablanma mexanizminin qapağı yan tərəfədən əzilib və daxili qulaqlarında əzik-çızıq izləri var” qeyd edilmiş, lakin qaz qurğusunda qüsurun istehlakçının qəsdi və ya səhlənkarlığı nəticəsində baş verməsini sübut edən hər hansı bir dəlil göstərilməmişdir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və iddiaçıya itirilmiş qazın bərpası üçün hesablanmış borc məbləği (cavabdeh tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyəri) silinməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, xətaların normadan artıq olmasının iddiaçının təqsiri ucbatından olması sübuta yetirilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna hesablanmış cərimə silinməsi barədə iddia tələbi təmin edilməlidir. Abonentin saldosunda cərimə məbləği olaraq 1555.20 manat qeyd edilmişdir, lakin iddiaçının tələbi 1535.20 manat həcmində olduğundan məhkəmə tələb həcmində cəriməni silməyi məqsədəmüvaqi hesab edir. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən belə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh tərəfindən iddiaçının **********00020 saylı abunə koduna hesablanmış 1535.20 manat məbləğində borc silinməlidir.

Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.2-ci maddəsinə görə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddiaçı istehlakçıların hüquqlarının pozulması ilə bağlı dövlət rüsumunu ödəməkdən azad olduğundan iddianın qiymətinə mütənasib olaraq, yəni 35.35 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏT ETDİ:

İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı **********00020 saylı abunə koduna hesablanmış 1535.20 (min beş yüz otuz beş manat iyirmi qəpik) manat məbləğində borc silinsin. Cavabdehdən 35.35 (otuz beş manat otuz beş qəpik) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qətnamə qəbul edildiyi gündən 1(bir) ay sonra qanuni qüvvəyə minir.

Hakim: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar