Məhkəmə qərarları › İş №2(011)-3333/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3333/2023

20.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3333/2023 20.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz İB”nin Salyan RQİİ-nin əməkdaşları tərəfindən tərtib edilmiş ******* saylı aktın əsasında qanunsuz hesablanaraq **********00061 saylı abonent koduna hesablanmış 1.036,80 manat borcun silinməsi barədə sadələşdirilmiş icraat qaydasında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının yaşadığı fərdi yaşayış evində qazdan istifadə etdiyinə görə küçədə Cavabdeh tərəfindən G-4 markalı 1402AZ- **********66 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh İB-in əməkdaşları iddiaçının yaşayış evi üçün küçədə quraşdırılmış qaz sayğacına baxış keçirmiş və sayğacın növbəti dəfə yoxlamasının zamanı gəldiyi əsas gətirilərək iddiaçının ünvanından açılmışdır. Bundan sonra təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akt tərtib edilmiş və 1.036,80 manat borc toplanmışdır. Cavabdeh İB-in əməkdaşları tərəfindən tərtib edilmiş ******* saylı akt, həmçinin həmin abonent koduna hesablanmış 1.036,80 manat borc qanunsuzdur. Cavabdeh orqan olan Cavabdeh İB-in əməkdaşları onlara verilmiş hüquqlardan sui-istifadə edərək iddiaçının yuxarıda qeyd etdiyi qanunsuz hərəkətləri ilə bəzi qanunvericilik aktlarının tələblərin, eləcə də istehlakçı kimi iddiaçının qanunla qorunan hüquqlarını kobudcasına pozmuşlar ki, buda yol verilməzdir. Cavabdeh orqanın istehlakçı kimi iddiaçıya qarşı qanunsuz hərəkətləri ilə əlaqədar aralarında yaranmış mübahisənin məhkəmədən kənar həlli mümkün olmadığından iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmış və hesab edir ki, həmin mübahisə məhkəmə qaydasında həll edilməlidir. Tərəflərin izahatları: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. İşin faktiki halları: Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac xarab olduğu üçün yenisi ilə əvəzlənmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında 19 dekabr 2022-ci il tarixli ******* saylı aktdan görünür ki, mənzilə baxış keçirilən zaman sayğacın çıxış plastmas borusunun deşilməsi aşkarlanmışdır. Cavabdeh tərəfindən iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə 1.036,80 manat borc tələb edilmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, 2022-ci ilin aprel ayına abonentin 1.036,80 manat borcu mövcuddur. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu: 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. İşə baxan məhkəmənin mövqeyi: Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, sayğacın yararsız hala düşməsində iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna hesablanmış 1.036,80 manat borcun silinməsi barədə iddia tələbi təmin edilməlidir. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən belə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh tərəfindən iddiaçı X1 **********00061 saylı abunə koduna hesablanmış 1.036,80 manat məbləğində borc silinməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, cavabdehdən 30.37 manat məbləğində rüsum tutulub dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı **********00061 saylı abunə koduna hesablanmış 1.036,80 (bir min otuz altı manat səksən qəpik) manat məbləğində borc silinsin. Cavabdehndən 30.37 (otuz manat otuz yeddi qəpik) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar