Məhkəmə qərarları › İş №2(011)-3344/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3344/2022

09.08.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3344/2022 09.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçı X1, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı X1 Cavabdehnə qarşı “aktın etibarsız hesab edilərək ləğv edilməsi, akta görə hesablanmış borc məbləğlərinin silinməsi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X3 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən X2 qarşı tərtib etdiyi 14 mart 2022-ci il tarixli aktın etibarsız hesab edilməsi və həmin akta əsasən hesablanmış 1.700 manat borc məbləğinin qanunsuz və əsassız hesab edilərək **********966 saylı abonent hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında qaz sayğacının quraşdırılması barədə cavabdeh arasında qazın alğı-satqı müqaviləsi bağlanmış və həmin müqavilə əsasında həmin ünvanda qaz sayğacı quraşdırılmışdır. Qaz sayğacı quraşdırılan müddətdən hal-hazırkı vaxtadək mütəmadi olaraq istifadə olunmuş qaz enerjisinə görə ödənilməli olan məbləğlər tam şəkildə ödənilmişdir. Lakin 22 oktyabr 2018-ci il tarixdə quraşdırılmış qaz sayğacının yoxlanılması zamanı qaz sayğacında xətalar olduğu və hesablama mexanizmində nasazlıqlar olduğu bildirilmiş və bu barədə həmin tarixdə akt tərtib edilmiş, qaz sayğacı yoxlamaya aparılmışdır. Lakin sayğac yoxlamaya aparıldıqdan sonra sayğacda sərfiyyat fərqi müəyyən edilmiş və 1.700 manat borc hesablanmışdır. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək onun rədd olunmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia rədd olunmalıdır. Hazırkı iş üzrə iddiaçı iddia ərizəsində Cavabdeh İB tərəfindən tərtib edilmiş 14 mart 2022-ci il tarixli aktın etibarsız olmasına istinad edərək, həmin aktın ləğv edilməsini və akta əsasən hesablanmış 1.700 manat borcun silinməsini xahiş etmişdir. Belə ki, iş materiallarında olan Cavabdeh İB tərəfindən tərtib olunmuş qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 14 mart 2022-ci il tarixli aktın surətindən görünür ki, sayğacın (plombun) çıxarılma səbəbi debitor borca görə olmuşdur. İş materiallarında olan abonentin saldosundan görünür ki, abonentin borcu 2022-ci ilin aprel ayına 1.528,60 manat olmuşdur. “Qaz təchizatı haqqında” qanunun 11-ci maddəsinin 6-cı hissəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin qanunun 13-cü maddəsinin 8-ci və 9-cu hissələrinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təmin edilməsi qazın alqı-satqısı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qaydaların 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, iş materiallarında olan abonent saldosundan müəyyən edilir ki, iddiaçının evinə quraşdırılmış sayğac üzrə 2022ci ilin aprel ayına istifadə olunmuş təbii qaza görə 1.528,60 manat ödənilməmiş borc hesablanmışdır. İddiaçı iddia ərizəsində ona 1.700 manat məbləğində borc yazıldığını qeyd etsə də, bu halı sübuta yetirəcək hər hansı sənədi məhkəməyə təqdim etməmişdir. Həmçinin abonent saldosundan görünür ki, X3 2020-ci ildən sonra təbii qazdan istifadəyə görə ödəniş etməmişdir. Məhkəmə araşdırması izahat verən iddiaçı qeyd etmişdir ki, onun sayğacı dəyişdirildikdən sonra hədsiz çox vəsait yazmışdır. Bu hala etiraz etmək üçün o, ödənişləri dayandırmışdır. Məhkəmə iddiaçının dəlilinə qiymət verərək hesab edir ki, iddiaçı bu halı sübuta yetirəcək hər hansı mötəbər sənədi məhkəməyə təqdim etməmişdir. Belə ki, o, 104 xidmətinə müraciət etdiyini bildirsə də, onun müraciət etməsi, müraciətin əsasında sayğacın yoxlanılması halları məhkəmə tərəfindən aşkarlanmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq və tərəflərin izahatlarını dinləyərək belə hesab edir ki, iddiaçının silinməsini tələb etdiyi məbləğ istifadə olunmuş təbii qaza görə yaranmış debitor borcdur. Həmin borc qaz sayğacı çıxarılarkən sayğacın göstəricisinə əsasən hesablanmışdır. İddiaçı təbii qazdan istifadə etdiyi halda qazın dəyəri onun tərəfindən ödənilməmişdir. Ona görə də iddiaçının iddia tələbi əsassız olmaqla rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı X1 Cavabdehnə qarşı - cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən X2 qarşı tərtib etdiyi 14 mart 2022-ci il tarixli aktın etibarsız hesab edilməsi və həmin akta əsasən hesablanmış 1.700 manat borc məbləğinin qanunsuz və əsassız hesab edilərək **********966 saylı abonent hesabından silinməsi barədə iddia tələbi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar