Məhkəmə qərarları › İş №2(011)-3410/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3410/2024

05.06.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3410/2024 05.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçı, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 Agentliyinin Bakı Filialının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin əməkdaşları tərəfindən ona hesablanmış 4.094,59 manat əsassız borcun silinməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir. O vaxtı-vaxtında ona aid qaz sayğacından qanuna uyğun formada istifadə etmişdir. Quraşdırılmış qaz sayğacı iddiaçının adına rəsmiləşdirilmişdir. İddiaçı 35 ildən artıqdır ki, bu evdə 4 nəfər ailə üzvü ilə yaşayır. xx.xx.2023-cü il tarixdə ona təqdim edilən qəbzdə 4.094,59 manat borcunun olduğu göstərilmişdir. Halbuki o, hər ay vaxtı-vaxtında borcunu ödəmişdir. Bu borcun haradan yaranması ona məlum deyil. İB-yi tərəfindən bunu sübut edəcək hər hansı bir dəlil də yoxdur. Bir həftəyə yaxın bir vaxtdır ki, İB-nin əməkdaşları tərəfindən evinə verilən qaz kəsilmişdir və onlar soyuq qış günlərini qaz olmadan keçirmək məcburiyyətində qalmışlar. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə sual-cavab zananı İddiaçı bildirmişdir ki, 2010-2017-ci illərdə, təqribi 4-5 il müddətində Cavabdeh işçisi ilə razılaşaraq sonuncuya qaz təchizatına görə aylıq qeyrirəsmi nağd ödənişlər etmişdir. Cavabdeh təşkilatın işçisi ona bildirimişdir ki, borcunu bu qaydada ödəyə bilər və sayğacın hesabladığı qaz sərfiyyatına görə əlavə pul ondan tələb olunmayacaqdır. Yəni, Cavabdeh İB-nin əməkdaşına aylıq nağd qaydada ödədiyi pul kifayətdir. İddiaçı bildirmişdir ki, adını tam xatırlamadığı Cavabdeh İB-nin həmin əməkdaşı ona demişdir ki, sayğac sərfiyyatı olduğu kimi qeyd etdiyinə görə sonradan qaz sayğacını məhv etmək lazımdır. Lakin iddiaçı sayğaca toxunmamışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmədə nümayəndənin iştirakını təmin etməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 Agentliyinin Bakı Filialının nümayəndəsi X3 məhkəmə iclasında bildirmişdir ki, əvvəlki iclaslarda təmsil etdiyi qurumun digər nümayəndəsi – mütəxəssis X4 verdiyi izahatı müdafiə edir və sonuncunun hesablamasının düzgünlüyünü təsdiq edir. Belə ki, sayğac göstəricilərinə əsasən istifadə olunmuş ümumi qaz həcmi 18.952 m3 təşkil edir. X2 Agentliyinin Bakı Filialının nümayəndəsi X4 təqdim etdiyi “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2017-ci il tarixli” aktın surətindən görünür ki, 604 m3 həcmində qaz sərfiyyatı vətəndaş tərəfindən tam ödənilmişdir. Bununla da ödənilməmiş qaz həcmi 18.348 m3 təşkil edir. (18.952 m3 - 604 m3 = 18.348 m3). “Qasrep” sistemindən elektron çıxarışından görünür ki, iddiaçının mübahisələndirdiyi borc 2010- 2017-ci illər üçün hesablanmışdır. 7 il ərzində 18.347 m3 həcmində qaz sərfiyyatı - orta illik 2.621 m3 qaz sərfiyyatıdır. (18.347m3/7=2.621 m3). Qazdan istifadəyə görə 2010- 2016 illərdə 1 m3 qaz sərfiyyatına görə 0.10 qəpik, 2017-ci ildən – 0.12 qəpik hesablanmalıdır. 6 il üçün qaz sərfiyyatı 15.726 m3 (2.621 m3 x 6 il = 15.726 m3) təşkil edir. Bunun qiyməti 1.572,60 manat təşkil edir. (15.726 m3 x 0.10 qəpik = 1.572,60 manat). 2017-ci ildən 1.700 m3 qaz sərfiyyatı limit olaraq tədbiq olunmağa başlamışdır. Həmin il üçün orta illik qaz sərfiyyatı olan rəqəmdən limit kimi müəyyən edilmiş qaz həcmi çıxılmalıdır və daha sonra müvafiq hesabat aparılmaıdır. (2.621 m3 - 1.700 m3 = 921 m3). Bununla da, 1.700 m3 qaz sərfiyyatı hər 1 m3 üçün 0,10 manat, 921 m3 qaz sərfiyyatı isə 0,20 manat hesabı ilə müəyyənləşdirilməlidir. (1.700 m3 x 0.10 qəpik = 170 manat; 921 m3 x 0.20 qəpik = 184,20 manat; 170 manat + 184,20 manat = 354,20 manat). Beləliklə, 2017-ci il üçün 2.621 m3 orta illik qaz sərfiyyatına görə cəmi 354,20 manat borc hesablanmalı idi. 2010-2017-ci illər birlikdə hesablandıqda, həmin müddət üçün borc 1.926,80 manat təşkil etməlidir. (2010-2016-cı illər üçün hesablanmış 1.572,60 manat borc məbləği ilə 2017-ci il üçün hesablanmış 354,20 manat borc məbləğinin cəmi). Məhkəmə iddiaçının və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin izahatlarını dinləyərək və işin materiallarını araşdıraraq, hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı məxsus **********00000 saylı abonentin saldosundan görünür ki, abonentin 2023-cü ilin oktyabr ayı üzrə cədvəlin “ayın sonuna borc” qrafasında 4.094,59 manat borcu mövcud olmuşdur. 2017-ci ilin fevral ayı üçün həmin qrafadakı borc 0 manat olmuşdur, 2020-ci ilin iyul ayı üçün həmin qrafadakı borc 3.320,64 manat olmuşdur. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2017-ci il tarixli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktdan müəyyən olunur ki, ünvan 2 ünvanında İddiaçı məxsus mənzildə köhnə qaz sayğacı çıxarılaraq yeni qaz sayğacı quraşdırılmışdır. İş materiallarında olan İddiaçı məxsus “GASREP” elektron sistemdən çıxarışdan görünür ki, GPG10008284 saylı sayğac üzrə 2017-ci ilin fevral ayında İddiaçı 3.451,40 manat məbləğində borc hesablanmışdır. Belə ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X5 ilə tənzimlənir. X5 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X5”nın 1.3 və 1.4-cü bəndlərinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Qaydaların 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Qaydaların 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 6.5-1-ci maddəsinə görə istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır:

1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü;

2. əvvəlki dövrün orta gündəlik qaz sərfi;

3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. Həmin Qaydaların 6.5-2-ci maddəsinə görə istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Həmin Qaydaların 6.5-3-cü maddəsinə görə istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Göründüyü kimi, Mülki-Prosessual Məcəllənin 77.2-ci maddəsinin tələblərinə əsasən borcun hesablanmasına əsas olan aktı cavabdeh təşkilat qəbul etdiyindən, bu borcun əsaslı olmasını sübut etmək vəzifəsi məhz cavabdehin üzərinə düşür. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı 2010-2017-ci illər ərzində iddiaçı qaz təchizatına görə borcunu rəsmi qaydada ödəməmişdir. Buna baxmayaraq, qaz sayğacı istehlak olunan qazın həcmini qeyd etmişdir. 2017-ci ilin fevral ayında 2010-2017-ci illərdə istehlak edilmiş qaz sərfiyyatına görə iddiaçıya ümumi olaraq 3.451,40 manat məbləğində borc hesablanmışdır və həmin borc elektron bazada 2017-ci ilin fevral ayı üçün olan borc kimi qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, sayğaca müdaxilə və ya qaz xəttinə kənar xətt vasitəsilə qoşulma nəticəsində iddiaçıya hər hansı borc hesablanmamışdır. 2017-ci ilin fevral ayından sonrakı dövrlərdə mövcud borcun üzərinə hesablanmış borc məbləğləri 2017-ci ilin fevral ayından 2024-cü ilin noyabr ayınadək hesablanmış debitor borc olmuşdur. 2017-ci ilin fevral ayı üçün iddiaçıya hesablanmış 3.451,40 manat məbləğində borcu araşdıraraq məhkəmə qeyd edir ki, iddiaçı həmin borcu bir ay deyil, yeddi il ərzində istehlak etdiyi təbii qazın sərfiyyatına görə topladığından, hesabat həmin dövr üzrə orta illik qaz sərfiyyatı nəzərə alınmaqla aparılmalıdır. İşin araşdırılmasına cəlb edilmiş mütəxəssislərin hesablamaları ilə razılaşaraq məhkəmə qeyd edir ki, 2010- 2017-ci illər üçün hesablanmış borc 3.451,40 manat deyil, 1.926,80 manat təşkil etməlidir. Buna görə də iddia tələbləri qismən təmin edilərək, iddiaçıya 2017-ci ilin fevral ayında hesablanmış 3.451,40 manat borcun 1.926,80 manat hissəsi silinməlidir. Həmin dövr üçün hesablanmış 1.524,60 manat borcun silinməsi barədə tələb təmin edilməməlidir. Qalan hissədə də iddia tələbi təmin edilməməlidir. Belə ki, 2017-ci ilin fevral ayından sonrakı dövr ərzində (2017-ci ilin fevral ayından 2023-cü ilin noyabr ayınadək) iddiaçıya qaz sərfiyyatına görə debitor borclar hesablanmışdır və həmin borcların qanunsuz hesablanmasına dəlaət edən hallar iş materialları ilə müəyyən edilməmişdir. Belə ki, iddiaçının mübahisələndirdiyi 4.094,59 manat borc məbləği 2017ci ilin fevral ayından 2023-cü ilin noyabr ayınadək hesablanmış ümumi borcudur. Bu borcun 3.451,40 manat hissəsi iddiaçıya 2017-ci ilin fevral ayında 2010-2017-ci illərdə istehlak edilmiş qaz sərfiyyatına görə hesablanmışdır. Məhkəmə həmin borcun 1.524,60 manat hissəsini əsaslı hesab etmişdir. Qalan 643,19 manat borc məbləği (2023-cü ilin oktyabr ayına qeydə alınmış, iddiaçının mübahisələndirdiyi 4.094,59 manat borcla 2017-ci ilin fevral ayında hesablanmış 3.451,40 manat borcun fərqi) 2017-ci ilin fevral ayından 2024-cü ilin noyabr ayınadək dəyəri ödənilməmiş qaz sərfiyyatına görə hesablanmış ümumi borcdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, qaz sərfiyyatına görə iddiaçıya yazılmış 1.524,60 manat məbləğində borc məbləği silinməlidir. İddia qalan hisədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 35,25 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

qətetdi: İddia qismən təmin edilsin. ünvan 3 ünvanında yerləşən yaşayış evi üzrə (abonent kodu: **********00000) İddiaçı 2017-ci il fevral ayı üçün hesablanmış 3.451,40 (üç min dörd yüz əlli bir manat qırx qəpik) manat borcun 1.524,60 (bir min beş yüz iyirmi dörd manat altmış qəpik) manat hissəsi silinsin. İddia qalan hissədə təmin edilməsin. 35,25 (otuz beş manat iyirmi beş qəpik) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar