Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-345/2023 02.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı borcun silinməsi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı – ünvan 1 ünvanında quraşdırılmış qaz sayğacı (abonent kodu: **********00076) ilə bağlı “Azəriqaz’’ İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş aktlara (31 yanvar 2022-ci il, 31 mart 2022-ci il, 29 aprel 2022-ci il və 31 may 2022- ci il tarixli) görə iddiaçıya itirilmiş qaz sərfıyyatının bərpa edilməsi məqsədi ilə hesablanmış 3006,72 (üç min altı) manat 72 qəpik məbləğində əsassız borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İB-nin əməkdaşları iddiaçının məlumatı olmadan müxtəlif vaxtlarda ünvan 2 ünvanına gəlmiş, onun qazdan qeydiyyatsız istifadə etdiyini aşkar etmişdirlər. Buna görə də 31 yanvar 2022-ci il, 31 mart 2022-ci il, 29 aprel 2022-ci il və 31 may 2022-ci il tarixlərində akt tərtib edilmiş, iddiaçıya itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədi ilə müvafiq olaraq 1710,72 manat, 708,48 manat, 354,24 manat və 233,28 manat məbləğində əsassız borc yazmışdırlar. Sözügedən aktlar onun iştirakı olmadan tərtib olunmuş və yalnız Birliyin əməkdaşları tərəfindən imzalanmışdır. Akta əlavə olunmuş fotoşəkillər isə həmin ünvana məxsus deyildir, yəni həmin akta əlavə olunan fotoşəkillər ona məxsus fərdi yaşayış evində çəkilməmişdir. Ona məxsus evdə təbii qazdan qeyri-qanuni istifadə halı mövcud olmadığınıbildirmişdir. Sözügedən şərait olmadığı üçün idiaçı həmin ünvanda yaşamır. Həmin ünvanda təmir işləri getdiyi üçün orada işləyən ustalar fasilərlə elektrik enerjisindən istifadə etmişdirlər. Ona görə də həmin ünvanda qazdan istifadə etmək zərurəti yaranmamışdır. Cavabdeh İB tərəfindən tərtib olunmuş “dəymiş ziyanın bərpasına dair 31 yanvar 2022-ci il tarixli tələbnamədə iddiaçıya məxsus ünvanda PQ-4 tipli qaz peçinin, kombinin və dəmir sobanın olduğu qeyd edilmiş, həmin qaz cihazlarının saatlıq qaz sərfiyyatı müvafiq olaraq 1,2 kub metr/saat, 1,4 kub metr/saat və 2,6 kub metr/saat, orta günlük iş rejimi 24 saat götürülmüş, hesabat 90 günlük müddət üçün, 31 mart 2022-ci il tarixli və 29 aprel 2022-ci il tarixli tələbnamələrdə iddiaçıya məxsus ünvanda PQ-4 tipli qaz peçinin, QSQ-nin və dəmir sobanın olduğu qeyd edilmiş, həmin qaz cihazlarının saatlıq qaz sərfiyyatı müvafiq olaraq 1,2 kub metr/saat, 1,5 kub metr/saat və 1,4 kub metr/saat, orta günlük iş rejimi 24 saat götürülmüş, hesabat 60 və 30 günlük müddət üçün, 31 may 2022-ci il tarixli tələbnamədə guya ona məxsus ünvanda PQ-4 tipli qaz peçinin, QSQ-ninın olduğu qeyd edilmiş, həmin qaz cihazlarının saatlıq qaz sərfıyyatı müvafiq olaraq 1,2 kub metr/saat, 1,5 kub metr/saat orta günlük iş rejimi 24 saat götürülmüş, hesabat 30 günlük müddət üçün aparılmışdır. Göründüyü kimi Birlik tərəfindən müxtəlif tarixlərdə tərtib olunmuş tələbnamələrdə iddiaçıya məxsus ünvanda fərqli cihazların olduğu qeyd edilmişdir. Əslində isə həmin vaxtlarda iddiaçıya məxsus ünvanda qaz cihazları ümumiyyətlə olmamışdır. Bu hal Birliyin əməkdaşlarının sözügedən ünvanda mövcud olan cihazların reallıq əsasında yox öz mülahizələrinə əsasən yazıldığını deməyə əsas verir. Cavabdeh Birlik iddiaçıya mövcud olmayan cihaza görə sərfıyyat hesablamış və iddiaçıya əsassız borc yükləmişdir. Bununla da Birliyin məqsədi işin həqiqi hallarını aşkara çıxartmaq deyil, vətəndaşlara əsassız borc yükləməkdən ibarət olmuşdur. İstilik cihazlarının mövcud olmadığı halda buna görə sərfıyyatın hesablanması, bu sərfıyyata görə məndən hər hansı bir məbləğin tələb olunması heç bir halda ədalətli və qanuni ola bilməz. Onuda qeyd etmişdir ki, mart, aprel və may aylarında isitmə cihazlarının 24 saat fasiləsiz işləməsi heç bir halda ağlabatan deyildir. Bundan başqa Birlik tərəfindən tərtib olunmuş 31 yanvar 2022-ci il tarixli tələbnamədə hesabat 3024 kub metr əsassız olaraq şişirdilmişdir. Belə ki, tələbnamədə göstərilən qaz cihazlarına görə saatlıq qaz sərfıyyatı, iş rejimi və hesabat müddəti göstərilsə də hesabat onlara uyğun aparılmamışdır. Həmin tələbnamədəki hesabatın ikinci sətrində 1,4x24x90=3024 olduğu halda, 6048 kub metr qeyd edilmişdir Yalnız bu hesabat ilə Birlik onsuz da heç bir hüquqi əsası olmayan borcu daha 362,80 manat artırmağa nail olmuşdur. “Azəriqaz’' İB-nin əməkdaşlarından ibarət komissiya tərəfindən tərtib olunmuş rəydə göstərilən qaz sərfıyyatının, bu sərfıyyat əsasında hesablanmış borc məbləğinin heç bir hüquqi əsası olmadığı üçün bununla razı deyil. Belə ki, Komissiya tərəfindən verilmiş rəydə PQ-4 tipli qaz cihazının saatlıq qaz sərfıyyatı 1,2 kub metr, orta günlük iş rejimi 24 saat hesablanmaqla hesabat müddəti yuxarıda qeyd edilən kimi götürülmüşdür. Həmçinin qeyd olunmuşdur ki, istənilən yaşayış sahəsində hər hansı bir qaz cihazının, o cümlədən PQ-4 tipli qaz cihazının 90 gün müddətində 24 saat fasiləsiz işləməsi qeyri-mümkündür. 90 günlük müddət üçün isə iddiaçıya yalnız PQ-4 tipli qaz cihazına görə 2592 kub metr sərfıyyatın, bu sərfıyyata görə ona 311,04 manat məbləğində borcun (PQ-4 tipli qaz peçi heç bir halda bir gün üçün 3,45 manat ekvivalentində qaz sərf edə bilməz) hesablanması heç bir halda ağlabatan ola bilməz. Yalnız PQ-4 tipli qaz peçinin bir aylıq qaz sərfıyyatının 5 manat ekvivalentindən artıq olmaması heç kimə sirr deyildir. Göründüyü kimi “Azəriqaz" İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarda göstərilən məbləğlərin heç bir hüquqi əsası olmadığı kimi ağlabatan da deyildir. Bu ondan irəli gəlir ki, Birlik sözügedən ünvana qaz sərfıyyatına görə borc hesablayarkən qanuni normalara deyil, formal mülahizələrə əsaslanmışdır. Belə ki, Birliyin əməkdaşlarından ibarət təşkil olunmuş komissiyanın rəyində iddiaçıya məxsus evdə istifadədə olan (əslində mövcud olmayam) məişət qaz cihazları və onların saatlıq sərfıyyatı qeyd edilmişdir. Lakin həmin cihazların reallıqda mövcud olması və qaz sərfıyyatının komissiyanın rəylərində göstərildiyi kimi olmasına dair hər hansı bir sübut göstərilməmişdir. Digər tərəfdən Cavabdeh İB tərəfindən təşkil olunmuş komissiya üzvlərinin heç olmazsa birinin bu sahədə xüsusi biliyə malik mütəxəssis- ekspert olması barədə də iş materiallarında hər hansı bir sübut mövcud deyildir. Komissiyanın sırf Cavabdeh İB-nin əməkdaşlarından təşkil olunması həmin komissiyanın rəyini şübhə altına almağa əsas verir. Belə bir komissiyanın Birliyin maraqlarına uyğun rəy verməsi heç kimə sirr deyildir. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi X2 iddia ərizəsinə etiraz edərək, izahatında göstərdi ki, iddia əsassızdır və məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş: “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı aktın surətindən görünür ki, abonent sayğacsız təbii qazdan qeyri-qanuni istifadə edir. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı aktın surətindən görünür ki, abonent sayğacsız təbii qazdan qeyri-qanuni istifadə edir. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı aktın surətindən görünür ki, abonent sayğacsız təbii qazdan qeyri-qanuni istifadə edir. İş materiallarında olan abonent saldosundan görünür ki, iddiaçıya 2022-ci ildə 3006,72 manat məbləğində borc hesablanmışdır İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı əsasında təyin edilmiş məhkəmə-trasoloji ekspertizasının 3/1591 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilənin borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan zədə aşkar edilmədi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Yuxarıda göstərilən Qaydaların 6.6-cı bəndinə əsasən, qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qeyd edilən Qaydaların 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Beləliklə, məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, iddiaçıya məxsus mənzildə quraşdırılan sayğaca baxış keçirilən zaman təbii qazdan qeyri-qanuni istifadə edilməsi aşkar edilməsi əsası ilə aktlar tərtib edilmiş, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 3006,72 manat məbləğində borc iddiaçıdan tələb edilmişdir. Lakin, məhkəmə iclasında iddiaçı tərəfindən qaz xəttinə qaz sayğacından kənar qeyri-qanuni xətlə qoşulması halı öz təsdiqini tapmadı. Cavabdeh tərəfindən qanunsuz qaz xətti aşkar edildikdə, onun dərhal şəbəkədən ayrılmasına dair qanunvericiliyin imperativ tələbinə riayət edilməsi də iş materialları ilə müəyyən edilmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının borcu düzgün hesablanmadığından, cavabdeh yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə hesab edir ki, müəyyən edilmiş formada tərtib edilməsi nəzərdə tutulmuş aktda həm aktı tərtib edən cavabdehin əməkdaşlarının, həm də istehlakçının (nümayəndəsinin) iştirakı nəzərdə tutulmuşdursa, mütləq qaydada istehlakçının iştirakı təmin edilməli, akt hər iki tərəfin iştirakı qaydasında tərtib edilməlidir. Əks halda, aktda qeyd edilən pozuntu hallarının həqiqətən də baş verməsi və yaxud istehlakçı tərəfindən törədilməsi ciddi şübhə doğurur. Cavabdeh iddiaçının sayğac vasitəsilə hansısa həcmdə qaz istehlak etdiyinə dair də məhkəməyə sübut təqdim etməmişdir. Buna görə də, iddiaçının qeyd olunan məbləğdə qaz istehlak etməsi də inandırıcı və ağlabatan görünmür. Cavabdehin nümayəndələri tərəfindən itirilmiş qazın dəyəri hesablanarkən hər hansı bir normativ hüquqi akta, hansısa qaydalara da istinad edilməmişdir. Bu cür hesablama üsulu ilə nəinki iddiaçının, ümumiyyətlə hansısa şəxsin cavabdehə hansı miqdarda maddi ziyan vurmasını müəyyən etmək mümkünsüzdür. Tələb olunan borcun real, həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğu sübuta yetirilməlidir və bu halda sübutetmə yükü təchizatçının üzərinə düşür. Məhz cavabdeh, hesablanmış borcun həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğunu sübuta yetirməlidir. Məhkəmə hesab edir ki, akta görə hesablayıb tələb etdiyi məbləğ baxımından cavabdeh bunu sübut edə bilməmişdir və istinad etdiyi aktlar iddiaçının və hal şahidlərinin iştirakı olmadan tərtib olunduğundan mötəbər sayıla və ona əsasən hesablanmış cərimə məbləği qanuni hesab edilə bilməz. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddiaçının təqsiri sübut olunmadığından, evində quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən qazın dəyəri düzgün hesablanmadığından, cavabdeh tərəfindən yol verilmiş səhvə görə iddiaçı məsuliyyət daşımadığından, iddiaçı qeyd edilən ünvanda istehlak olunmuş təbii qaza görə cavabdeh qarşısında məsuliyyət daşımır. Buna görə də iddia təmin edilərək, qaz sərfinə görə iddiaçıya hesablanmış 3006,72 manat məbləğində borc silinməlidir. Məhkəmə xərcləri: Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qiyməti 3006,72 manat olduğundan və iddia tələbi tam təmin olunduğundan cavabdehdən 50,07 manat məbləğində rüsum tutularaq dövlət nəfinə ödənilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, ekspertiza xərci cavabdehdən tutulmalıdır. Belə ki, ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri 65 manat məbləğindədir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər də – ekspertiza tədqiqatının dəyəri olaraq 65 manat məbləğində pul vəsaiti də cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. ünvan 1 ünvanı üzrə qaz sərfinə görə İddiaçı (abonent kodu: **********00076 olan) hesablanmış 3006,72 (üç min altı manat yetmiş iki qəpik ) manat məbləğində borc silinsin. Cavabdehndən 50,07 (əlli manat yeddi qəpik) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. 65 (altmış beş) manat məbləğində ekspertiza tədqiqatının dəyəri Cavabdehndən alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №2(011)-345/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-345/2023
02.02.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver