Məhkəmə qərarları › İş №2(011)-3457/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3457/2023

30.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3457/2023 30.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abdullayeva Aynur Aydın qızı – İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi barədə” iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi barədə” kiçik iddiaya dair ərizə ilə məhkəməyə müraciət edərək özünə məxsus M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsi, ev 10 A ünvanında yerləşən fərdi yaşayış evində quraşdırılmış qaz sayğacı (abonent kodu: **********40000) əsassız olaraq hesablanmış 1.036,80 manat məbləöində cərimə borcunun silinməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Quliyev X1 qəsəbəsi, İ.Haçıyev küçəsi, ev 10 A ünvanda yerləşən evində ailəsi ilə birlikdə yaşayır. Cavabdeh İB-nin əməkdaşları tərəfindən istifadəsində olan qaz sayğacı yenisi ilə əvəz edilmişdir. Yeni sayğacdan bir müddət istifadə etdikdən sonra ona 1.036,80 manat borcunun olmasını bildirdilər. Bununla bağlı cavabdeh təşkilata müraciət etmiş və ona cavab olaraq bildirmişlər ki, onun tərəfindən çıxarılmış sayğaca müdaxilə olunduğu üçün ona 1.036,80 manat məbləğində cərimə hesablanmışdır. Sayğaca müdaxilə dedikdə ona bildirdilər ki, sayğac dövlət yoxlamasından keçirilmiş, yoxlama nəticəsində “sayğacın çıxış plastmas borusunun deşik olması” rəyi verilmişdir və rəydə qeyd edilənlərə görə o təqsirkar olduğundan 8.640 m3 itirilmiş qazın bərpası üçün (8.640 m3 x 0.12 qəpik = 1036,80) 1.036,80 manat məbləğində cərimə hesablanmışdır. Qaz sayğacı çıxarılarkən sayğacın bütün plombları yerində olmuşdur. Belə olan halda sayğacın daxilinə müdaxilənin olunması qeyri-mümkündür. Göründüyü kimi cavabdeh təşkilat tərəfindən birtərəfli qaydada, yəni onun iştirakı təmin edilmədən onun sayğacına baxış keçirilir və daha sonra onun təqsiri sübuta yetrilmədən barəsində saxta akt tərtib edilərək ona qanunsuz cərimə borcu hesablanır. Cavabdeh İB lazımi qaydada xəbərdar edilməklə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə göndərilmişdir və İddiaçı tələbinə dair etirazın və digər sübutların olduğu halda 10 iş günü ərzində məhkəməyə təqdim edilməsi təklif edilmişdir. Lakin cavabdeh heç bir etiraz və sübutunun olmasını məhkəməyə bildirməmişdir. Məhkəmə iddia ərizəsini və işin materiallarını araşdıraraq, hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, sayağaca baxış keçirilmişdir və sayğacın çıxış plastmas borusu deşilib, yivli birləşmələri korroziyaya uğrayıb. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2022-ci il tarixli, 29/1710-03739-1 saylı “qaz sayğacının yoxlanılması barədə” aktın surətindən görünür ki, sayağaca baxış keçirilmişdir və sayğacın çıxış plastmas borusu deşilib, yivli birləşmələri korroziyaya uğrayıb. Sayğac istismara yararsızdır. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnamədən görünür ki, İddiaçı barəsində tərtib olunmuş xx.xx.2022ci il tarixli ******* saylı akta əsasən 8.640 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. İddiaçı məxsus **********40000 saylı abonent kodu üzrə abonentin saldosundan görünür ki, 2022-ci ilin oktyabr ayında cədvəlin “qalıq və aktlar” bölməsində 1.036,80 manat cərimə borcu qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə qaz sayğacının düzgün işləmədiyi halda iddiaçıdan 1.036.80 manat məbləğində borcun tələb edilməsini əsassız hesab edir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, sayğaca müdaxilə ilə bağlı iddiaçının məsuliyyət daşıdığı hallarla bağlı cavabdeh tərəfindən sübutlar təqdim edilmədiyindən və borcun sayğacın düzgün işləmədiyi dövrə görə tələb olunduğuna görə iddia təmin edilərək 1.036.80 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30,37 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi barərə” iddia ərizəsi təmin edilsin. Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə (kod: **********40000) 2022-ci ilin oktyabr ayı üçün hesablanmış 1.036,80 (bir min otuz altı manat səksən qəpik) manat məbləğində cərimə borcu silinsin. 30,37 (otuz manat otuz yeddi qəpik) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar