Məhkəmə qərarları › İş №2(011)-347/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-347/2024

24.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-347/2024 24.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları:

1. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, H.Abbasov küçəsi, 37 saylı fərdi yaşayış evi üzrə **********00020 saylı abonent kodu ilə qeydiyyata alınmışdır.

2. İddiaçının yaşadığı yaşayış evinə quraşdırılmış qaz sayğacı cavabdeh tərəfindən sonuncu dəfə xx.xx.2020-ci il tarixdə quraşdırılmışdır. xx.xx.2020-ci il tarixdə təbii qazdan istifadə qaydalarının pozulması barədə ******* saylı akt tərtib edilmiş, aktda abonentin qeyri-qanuni təbii qazdan istifadə etməsi barədə qeyd edilərək, Bakı Regional Qazın Satışı Departamenti tərəfindən itirilmiş qazın bərpası məqsədilə hesabat aparılmış və qaz itkisinin 7992 m3 olması müəyyən edilmişdir.

3. İddiaçının adına olan abonent saldosunun “sərfin məbləği” bölməsində iddiaçının 2020-ci ildən 2023-cü ilin oktyabr ayınadək 3663,28 manat sərfiyyat borcunun olması, “ödəniş” bölməsində 2020-ci ildən 2023-cü ilin oktyabr ayınadək 853,38 manat məbləğində ödəniş etməsi, eləcə də, abonent saldosunun “qalıq və aktlar” bölməsində 2020-ci ilin fevral ayı üzrə 799,20 manat məbləğində borcunun olması qeyd edilmişdir.

İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri

4. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, H.Abbasov küçəsi, ev 37 (abonent kodu: **********00020) ünvanına cərimə kimi yazılmış olan 4763,43 manat borcun cavabdeh tərəfindən silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, yuxarıda qeyd edilən ünvanda yerləşən fərdi yaşayış evi onun mülkiyyətindədir. Cavabdehin nümayəndələri tərəfindən həmin yaşayış evinə yoxlama apararkən akt tərtib edilmişdir. Aktda qeyd edilmişdir ki, o, sayğacdan kənar xətt vasitəsi ilə istifadə etmişdir. Nə o, nə də onun ailə üzvləri tərəfindən belə şey olmamışdır. Buna görə ona 4763,43 manat cərimə yazılmışdır.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

6. Cavabdehin nümayəndəsi etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

7. İddiaçı məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi.

8. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

9. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

10. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

11. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

12. Maddə 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

13. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”

14. Maddə 4.6. Qaz sayğaclarının üzərində AİBNDA-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.

15. Maddə 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.

16. Maddə 4.8. fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

İşə baxan məhkəmənin mövqeyi:

17. Məhkəmə iddiaçının izahatını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.

18. Məhkəmə hesab edir ki, öncə xx.xx.2020-ci il tarixli akt üzrə araşdırma aparılaraq hüquqi qiymət verilməlidir. İşin həqiqi halları ilə müəyyən edilir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilmiş, təbii qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib edilmiş və itirilmiş qazın bərpası üçün hesablanmış məbləğ iddiaçıdan tələb edilmişdir.

19. Məhkəmə hesab edir ki, təbii qazdan istifadə qaydalarının pozulması barədə müəyyən edilmiş formada tərtib edilməsi nəzərdə tutulmuş aktda həm aktı tərtib edən cavabdehin əməkdaşlarının, həm də istehlakçının iştirakı nəzərdə tutulmuşdursa, mütləq qaydada istehlakçının iştirakı təmin edilməli, akt hər iki tərəfin iştirakı qaydasında tərtib edilməlidir. Əks halda, aktda qeyd edilən pozuntu hallarının həqiqətən də baş verməsi və yaxud istehlakçı tərəfindən edilməsi halları ciddi şübhə doğurur. İş materiallarından görünür ki, aktlar iddiaçının adına tərtib edilmiş və onun aktları imzalamaqdan imtina etməsi barədə qeyd aparılmışdır. Lakin məhkəmə baxışı zamanı iddiaçı aktlaırn tərtib olunmasından xəbərinin olmamasını, akt tərtib edilərkən onun iştirakı hər hansı formada cavabdeh tətəfindən təmin olunmamasını bildirmiş, cavabdeh isə bu halın təkzib edilməsini sübuta yetirə bilməmişdir.

20. Bundan başqa, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının yaşadığı ünvana quraşdırılan qaz sayğacı evdən kənarda yerləşir. “Qazdan istifadə Qaydaları”na əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir (Qaydaların 1.3-cü bəndi). “Qazdan istifadə Qaydaları”nın yuxarıda qeyd edilən normalarından da göründüyü kimi, iddiaçının yaşadığı ünvana quraşdırılan qaz sayğacının işlək vəziyyətdə saxlanılması üçün cavabdehlik qaz paylayıcının, yəni Cavabdeh İB-nin üzərinə düşür. Eyni zamanda, fiziki şəxs olan istehlakçıların sayğaclarının üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün Cavabdeh İB tərəfindən müvafiq örtüklə örtülməlidir.

21. Beləliklə, təbii qazdan istifadə qaydalarının pozulması barədə aktda göstərilən halın sübut edilməsi vəzifəsi cavabdehə aid olduğundan qanunvericiliklə müəyyən olunsa da, həmin halın doğruluğunu təsdiq edən sübutları cavabdeh məhkəməyə təqdim edə bilməmiş, konkret olaraq iddiaçı tərəfindən sayğacdan kənar təbii qazdan istifadə edilməsini sübut edə bilməmişdir.

22. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, aktda qeyd edilən pozuntuların törədilməsində iddiaçının təqsiri sübut olunmadığından cavabdehin akt üzrə hesabladığı 799,20 manat borcun iddiaçıdan tələb etməsi əsassızdır.

23. Lakin məhkəmə hesab edir ki, iddia tələbi 4763,43 manat məbləğində borcun silinməsi hissəsində qismən təmin edilməlidir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş abonent saldosundan görünür ki, 2020-ci ildən 2023-cü ilin oktyabr ayınadək iddiaçının istifadə etdiyi təbii qazın sərfiyyatına görə 3663,28 manat borc hesablanmış, iddiaçı isə qazdan istifadyə görə ümumilikdə 853,38 manat məbləğində ödəniş etmişdir. Məhkəmə hesab edir ki, qalıq 2809,90 (3663,28 – 853,38 = 2809,90) manat məbləğində hesablanmış borc iddiaçının qazdan istifadəyə görə sərf etdiyi borcu olduğundan, iddiaçı isə istifadə etdiyi təbii qazın dəyərini ödəməli olduğundan iddia tələbi 2809,90 manat məbləğində borcun silinməsi hissəsində təmin edilə bilməz.

24. Məhkəmə qalan 1953,53 (4763,43 – 2809,90 = 1953,53) manat məbləğində borcun silinməsi ilə bağlı qeyd edir ki, həmin borcun 799,20 manat hissəsi təbii qazdan istifadə qaydalarının pozulması barədə xx.xx.2020-ci il tarixli akt əsasında hesablanmışdır ki, həmin borcun tələb edilməsinin əsassızlığına dair isə məhkəmə yuxarıda hüquqi qiymət verilmişdir.

25. Qalan 1154,33 manat məbləğində borcun isə nəyin əsasında hesablanması iş materialları ilə müəyyən olunmur, cavabdeh də həmin borcun hansı əsasla hesablanmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilməlidir.

26. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, idda tələbi qismən təmin edilərək, iddiaçıya hesablanmış 1953,53 manat (4763,43 – 2809,90 = 1953,53) borc cavabdeh tərəfindən silinməlidir.

27. Məhkəmə həmçinin, qeyd edir ki, iddiaçı istehlakçı olduğundan və qanunla dövlət rüsumundan azad olunduğundan, məhkəmədə işə baxılması ilə əlaqədar dövlət rüsumu cavabdehdən tutulmalıdır.

28. Göstərilən qanuni əsaslar “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci (iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur) və 9.1.5-ci maddəsində (istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar) nəzərdə tutulmuşdur. Odur ki, məhkəmə hesab edir ki, 39,53 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

29. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, H.Abbasov küçəsi, 37 saylı fərdi yaşayış evinə (abonent kodu: **********00020) dair İddiaçı hesablanmış 1953,53 manat məbləğində borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. 39,53 manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar