Məhkəmə qərarları › İş №2(011)-3471/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3471/2022

16.08.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3471/2022 16.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, Ərizəçinin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi – şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Ərizəçi- 19 mart 1996-cı il təvəllüdlü qızı X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barəsində ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi xx xxxxxx 1967-ci ildə Qax rayonunda anadan olmuşdur. O, hal-hazırda Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 111, mənzil 40-da keçirilmiş ensefalitin qalıq əlamətləri psixomator nitq inkişafı və intelektin geriliyi xəstəsi olan qızı X3 baxır. Aydan İlqarovna uzun illərdir ki, xəstəliyinə görə öz hərəkətlərinin mənasını başa düşmür və özünü idarə edə bilmir. O, 1-ci qrup əlildir. Aydan İlqarovna əmək qabiliyyətsizdir və daimi qulluq və nəzarətə ehtiyacı vardır. Ərizəçinin etibarnamə üzrə nümayəndəsi və vəkili məhkəmə iclasında ərizəni müdafiə edərək, tələbinin təmin edilməsini xahiş etdi və ərizənin məzmununa uyğun izahat verdi. Maraqlı şəxs Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin etibarnamə üzrə nümayəndəsi və vəkilinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, barəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə tələbi irəli sürülmüş X5 19 mart 1996-cı il tarixdə anadan olmuşdur. X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizənin məzmunundan aşkar surətdə göründüyü kimi, ərizəçi qızının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsini onun əqli vəziyyəti ilə əsaslandırmışdır. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-3471/2022 saylı 23 may 2022-ci il tarixli qərardadına əsasən iş üzrə məhkəmə-psixiatriya ekspertizası keçirilməsi qərara alınmışdır. Məhkəmə-psixiatriya ekspertizasının 1735 saylı, 02 iyul 2022-ci il tarixli rəyindən görünür ki, X4 ağır dərəcəli əqli gerilik müəyyən edilir. Bunu anamnestik məlumatlar – körpəlikdən psixi inkişafda geri qalması, əqli geriliklə əlaqədar təhsil ala bilməməsi, X2, SN 1 saylı Respublika Psixiatriya Xəstəxanasında, 7 saylı Şəhər Poliklinikasında müalicədə olması, xəstəliyi ilə əlaqədar 1-ci qrup əlilliyi, həmçinin hazırkı müayinə zamanı aşkar olunan əlamətlər-bələdliyinin tam həcmdə olmaması, təfəkkürünün konkretliyi, əhvaliruhiyyəsinin dayanıqsızlığı, maraq dairəsinin məhdudluğu, emosiyalarının qeyri-adekvatlığı, öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair sübut edir. Bunları nəzərə alaraq, X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Beləliklə, X1 əqli və psixi cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin etibarnamə üzrə nümayəndəsi və vəkilinin izahatı ilə və iş üzrə təyin edilmiş məhkəməpsixatriya ekspertizasının rəyi ilə və işin digər mötəbər sübutları ilə tam sübuta yetirildi. Buna görə də məhkəmə hesab edir ki, X5 əqli, psixi və fiziki xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən, onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, Ərizəçi X1 anası olduğundan, onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair iş qaldırmaqda haqlıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, ərizəçi 100 manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, ərizəçinin ödədiyi 100 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 317-321 və 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi : Ərizə təmin edilsin. 19 mart 1996-cı il tarixdə Novqorod şəhərində anadan olmuş X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Ərizəçi ödədiyi 100 (bir yüz) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar