Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3472/2022 23.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlə bağlanmış 25 iyun 2021-ci il tarixli MAS-3986 saylı "Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, lizinq obyekti olan 2021-ci il buraxılışlı, "Khazar SD" minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFME322500 ban, 147H0577904 mühərik nömrəli ağ rəngli avtomobilin iddiaçıya geri qaytarılması, cavabdehdən 25 iyun 2021-ci il tarixli MAS-3986 saylı "Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 14 aprel 2022-ci il tarixə 968,78 manat gecikdirilmiş əsas, 1179,66 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 226,48 manat dəbbə pulu, ümumilikdə 2374,92 manat gecikdirilmiş borc və ödənilmiş 44.15 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə, xx.xx.2021-ci il tarixdə tərəflər arasında MAS-3986 saylı daxili lizinqi müqaviləsi (bundan sonra – Lizinq müqaviləsi) bağlanmışdır. Həmin müqaviləyə və müqavilənin 1 saylı Əlavəsinə əsasən iddiaçı mülkiyyətində olan “Khazar SD” markalı **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobili (bundan sonra - Avtomobil) illik 23 % olmaqla, aylıq 429,49 manat ödəmək şərti ilə, 48 ay müddətinə cavabdehə lizinqə verilmişdir. Müqavilənin qiyməti 24016 manat müəyyən edilmişdir. Avtomobil xx.xx.2021ci il tarixdə iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində qeyd etmişdir ki, cavabdehlə aralarında bağlanmış 25 iyun 2021-ci il tarixli MAS-3986 saylı “Daxili lizinq müqaviləsfnə əsasən cavabdehin sifarişi ilə 2021-ci il buraxılışlı, “Khazar SD" minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFME322500 ban, 147H0577904 mühərik nömrəli ağ rəngli avtomobil 16800 manat məbləğinə iddiaçının mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Daxili lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən cavabdeh ümumilikdə 24016 manat məbləğində pulu iddiaçının hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 24016 manat pulun 16800 manatı əsas məbləği təşkil edir. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 24 noyabr 2021-ci il tarixdə 444 manat məbləğində olmuşdur. Cavabdehin 25 iyun 2021-ci il tarixli, MAS-3986 saylı Daxili lizinq müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 14 aprel 2022-ci il tarixə 968,78 manat gecikdirilmiş əsas, 1179,66 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 226,48 manat dəbbə pulu, ümumilikdə 2374,92 manat borcu yaranmışdır. İddiaçının nümayəndəsi məhkəmə baxışı zamanə iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat vermədiyindən Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış lizinq müqaviləsi ləğv edilməlidir. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Göründüyü kimi, tərəflərdən birinin təşəbbüsü ilə müqavilənin ləğv edilməsi digər tərəfin onu əhəmiyyətli dərəcədə pozması ilə şərtləndirilmişdir. Lakin həmin pozuntu elə həddə olmalıdır ki: 1) müqaviləni pozan tərəf bununla digər tərəfə zərər vurmuş olsun; 2) bunun nəticəsində digər tərəf (zərər çəkən tərəf) müqavilənin bağlanması zamanı əldə etməyi arzuladığı faydadan (gəlir, bəhər, yaxud digər formada gözləntilərindən) xeyli dərəcədə məhrum olmuş olsun. İşin halları ilə müəyyən edilir ki, tərəflər arasında bağlanmış lizinq müqaviləsilə cavabdeh lizinqə götürdüyü Avtomobilə görə hər ay iddiaçıya 429,49 manat pul ödəməyi öhdəsinə götürmüş, lakin öhdəliyini pozaraq ödənişləri vaxtında ödəməmişdir. Cavabdeh bu hərəkəti ilə iddiaçıya maddi ziyan vurmuşdur. Həmçinin, cavabdeh tərəfindən aylıq lizinq ödənişinin vaxtında ödənilməməsi iddiaçını müqavilə bağlanarkən əldə etməyi arzuladığı faydadan məhrum etmişdir. Həmçinin, müqavilənin ləğv edilməsi qaydasına da iddiaçı tərəfindən əməl edilmiş, bununla bağlı cavabdehə pretenziya göndərilmişdir. Mülki Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, müqavilənin ləğv edilməsi tələbini iddiaçı tərəf məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh tərəfə təklif etdiyindən, təklifdə göstərilmiş müddətdə cavabdehdən cavab almadığından, iddiaçı tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia tələbi həmin hissədə təmin edilməli və lizinq obyekti iddiaçıya qaytarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi gecikdirilmiş əsas borc və lizinq mükafatınln tələb edilməsi hissəsində əsaslıdır. Mülki Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Qeyd olunan maddi hüquq normasında lizinq müqaviləsinin tərəflərinin öhdəlikləri konkret olaraq göstərilmişdir. İşin halları ilə müəyyən edilir ki, iddiaçı lizinq obyektini cavabdehin müvəqqəti sahiblik və istifadəsinə vermişdir. Cavabdeh lizinq obyekti olan Avtomobili istifadə etməklə bağlı hüququndan istifadə etmiş, lakin müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini vaxtında qaytarmaq vəzifəsini pozaraq öhdəliyini tam yerinə yetirməmişdir. Həmçinin, iddiaçı ilə cavabdeh arasında bağlanmış lizinq müqaviləsinin 4.4.3-cü bəndində də nəzərdə tutulmuşdur ki, lizinq alan lizin obyektinin faktiki istifadə edilməsindən asılı olmayaraq, habelə təmir, lizinq obyektinin itirilməsi və ya tam məhv olması dövründə lizinq ödənişləri qrafiki ilə müəyyən edilmiş vaxtda və həcmdə lizinq ödənişlərini ödəmək vəzifəsini daşıyır. İddiaçının verdiyi xx.xx.2022-ci il tarixli Maliyyə arayışında xx.xx.2022-ci il tarixə cavabdehin 968,78 manat əsas, 1179,66 mükafat, 226,48 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 2374,92 manat məbləğində borcunun olması göstərilmişdir. AR Mülki Prosessual Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, borclu lizinq müqaviləsi əsasında lizinq obyektini almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə ilə müəyyən edilmiş pul məbləğini qaytarmalı olmasına dair üzərinə öhdəlik götürsə də, müqavilə ilə müəyyən edilmiş lizinq məbləğin tam qaytarmayaraq öhdəliyini pozmuşdur. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Lakin məhkəmə hesab edir ki, iddia tələbi dəbbə pulu hissəsində qismən təmin edilməlidir. Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə qeyd edir ki, qeyd edilən müddəada göstərildiyi kimi, cərimə borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuşdur və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edlməsi, həmçinin borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlı olmasıdır. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır. Lakin məhkəmə hesab edir ki, tələb edilən cərimə iddiaçı tərəfindən əsassız olaraq şişirdilmişdir. Belə ki, cərimənin 226,48 manat həcmində hansı qaydada hesablanması əsasları iddia ərizəsində göstərilməmişdir. Eləcə də, iddia tələbindən də açıq şəkildə görünür ki, hesablanmış cərimənin məbləği şişirdilmişdir. Odur ki, məhkəmə həm cərimənin yüksək məbləğdə hesabılanmasını, həm də onun qanunla borclunun öhdəliyin vaxtında icrasının təmini vasitəsi olaraq nəzərdə tutulduğunu və tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edildiyini nəzərə alaraq cərimənin 50 manat məbləğində tutulmasını daha ağlabatan hesab edir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında 25 iyun 2021-ci il tarixdə bağlanmış MAS-3986 saylı "Daxili lizinq” müqaviləsi ləğv edilsin. Lizinq obyekti olan 2021-ci il buraxılışlı, "Khazar SD" minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFME322500 ban, 147H0577904 mühərik nömrəli ağ rəngli avtomobil İddiaçı ASC-yə qaytarılsın. 25 iyun 2021-ci il tarixli, MAS-3986 saylı "Daxili lizinq” müqaviləsinə görə xx.xx.2022-ci il tarixə 968,78 manat əsas, 1179,66 manat mükafat, 50 manat dəbbə pulu olmaqla, cəmi 2198,44 manat məbləğində pul və 44,15 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №2(011)-3472/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3472/2022
23.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver