Məhkəmə qərarları › İş №2(011)-3473/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3473/2022

09.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3473/2022 09.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı – “Azərmaş" MMC ilə bağlanmış xx.xx.2020-ci il tarixli MAS-2222 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, lizinq obyekti olan 2019-cu il buraxılışlı, “Ravon Nexia R3” minik markalı, ** PH *** dövlət qeydiyyat nişanlı, XWBTF69V9LA020819 ban, GRXX0198 mühərik nömrəli tünd boz rəngli avtomobil mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılması, Cavabdeh xx.xx.2020-ci il tarixli MAS- 2222 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektinin müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx.xx.2022-ci il tarixə 2360,52 manat gecikdirilmiş əsas, 358,87 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 550,62 manat dəbbə pulu, ümumilikdə 3270,01 manat gecikdirilmiş borc və ödənilmiş 53,11 manat dövlət rüsumunun “Azərmaş" MMC-nin xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli MAS-2222 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən Cavabdeh sifarişi ilə 2019-cu il buraxılışlı, “Ravon Nexia R3” minik markalı, ** PH *** dövlət qeydiyyat nişanlı, XWBTF69V9LA020819 ban, GRXX0198 mühərik nömrəli tünd boz rəngli avtomobil 14000 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən Cavabdeh illik 17% hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 403,97 manat, ümumilikdə isə 19391 manat məbləğində pulu "Azərmaş” MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür, ödənilməli olan ümumilikdə 19391 manatın 14000 manatı əsas məbləğ təşkil edir. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş xx.xx.2022-ci il tarixdə 2000 manat məbləğində olmuşdur. Eyni zamanda Cavabdeh xx.xx.2020-ci il tarixli MAS-2222 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx.xx.2022-ci il tarixə 2360,52 manat gecikdirilmiş əsas, 358,87 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 550,62 manat dəbbə pulu, ümumilikdə 3270,01 manat borcu yaranmışdır. “Daxili lizinq” müqaviləsinin şərtlərinə cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsinə görə onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. İddiaçı MMC-nin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və işə iştirakı olmadan baxılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli MAS-2222 saylı daxili lizinq müqaviləsinin surətindən görünür ki, lizinq verən İddiaçı MMC ilə lizinq alan Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən lizinq verən müqavilənin predmeti olan “Ravon Nexia R3” markalı ** PH *** dövlət qeydiyyat nişanlı avtomobili lizinq alanın sahiblik və istifadəsinə verməyi öhdəsinə götürmüşdür. Müqavilə 48 ay müddətinə bağlanmış, lizinq ödənişlərinin ümumi məbləği isə 14000 manat illik 17 faizlə müəyyən edilmişdir. Lizinq alan lizinq obyektini lizinq verənin tələbi ilə geri qaytarmaq öhdəliyini öz üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli lizinq obyektinin təhvil-təslim aktının surətindən görünür ki, “Ravon Nexia R3” markalı (XWBTF69V9LA020819 ban) avtomobil Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMC-nə 2360,52 manat əsas, 358,87 manat mükafat və həmin günə hesablanmış 550,62 manat dəbbə pulu, cəmi 3270,01 manat borcu vardır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh borcun ödənilməsi və lizinq obyektinin qaytarılması barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göründüyü kimi, tərəflər arasında bağlanmış daxili lizinq müqaviləsi əsasında onların birinin digəri qarşısında müqavilədən irəli gələn öhdəlikləri yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747-2-ci maddəsinin tələbinə əsasən lizinq obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır. Qeyd edilən Məcəllənin 748-1.12, 748-1.12.4-cü maddələrinin tələblərinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verən pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququna malikdir. Göstərilən Məcəllənin 748-11.1-ci maddəsinə əsasən, lizinq ödənişlərinin ümumi məbləğinə həmçinin lizinq verənin mükafatının məbləği daxildir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli daxili lizinq müqaviləsinə əsasən, lizinq şirkəti üzərinə düşən öhdəliyi tam icra edərək, lizinq obyektini Cavabdeh istifadəsinə və sahibliyinə vermiş, lakin lizinq alan tərəfindən müqavilə üzrə öhdəlik lazımınca icra edilməmiş, lizinq ödənişləri müqavilə ilə müəyyənləşdirilmiş müddətdə və qaydada həyata keçirilməmişdir. Bununla da, lizinq alanın lizinq verənə əsas, mükafat və cərimə borcu yaranmışdır. Həmçinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin məcəllənin 421.2.-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (Mülki Məcəllənin 443.1 və 448.1-ci maddələri). Beləliklə məhkəmə hesab edir ki, cavabdeh daxili lizinq müqaviləsi üzrə üzərinə düşən öhdəliyin icrası şərtlərini pozduğundan, iddia tələbi müqavilənin ləğv edilməsi və əsas və mükafat borcunun tutulması hissələrində təmin edilməlidir. İş materiallarından görünür ki, cavabdeh tərəfindən müqavilə şərtləri pozulduğuna görə iddiaçı ondan 550,52 manat məbləğində cərimənin tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını, əsas borcun məbləğinə nisbətdə cərimə məbləğinin yüksək olduğunu nəzərə alaraq, cərimənin 220 manat həddinədək azaldılmasını ədalətli hesab edir. Ona görə də, məhkəmə hesab edir ki, bu hissədə iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə həmçinin iddianın “lizinq obyekti olan avtomobilin lizin verənə geri qaytarılması” barədə hissəsini araşdıraraq hesab edir ki, iş materiallarında olan iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli ərizəyə əsasən, avtomobilin lizinq verənə geri qaytarılması müəyyən edildiyindən, iddia qeyd edilən hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin iddianın 53,11 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, cavabdeh iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 53,11 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış MAS-2222 saylı, 28 fevral 2020-ci il tarixli daxili lizinq müqaviləsi ləğv edilsin. Cavabdeh 2360,52 (iki min üç yüz altmış manat əlli iki qəpik) manat əsas borc, 358,87 (üç yüz əlli səkkiz manat səksən yeddi qəpik) mükafat, 220 (iki yüz iyirmi) manat cərimə borcu və 53,11 (əlli üç manat on bir qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2992,50 (iki min doqquz yüz doxsan iki manat əlli qəpik) manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar