Məhkəmə qərarları › İş №2(011)-3478/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3478/2022

21.06.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3478/2022 21.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əsassız olaraq yazılmış borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh tərəfindən ünvan 1 ünvanındakı onun adına olan sayğaca (Abonent kodu **********10000) əsasız hesablanmış 600 manat cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları ondan ibarətdir ki, iddiaçı ünvan 2 ünvanı üzrə **********10000 saylı abonent kodu ilə qeydiyyata alınmışdır. Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib edilərək, aktda sayğacdan kənar kənar qeyri-qanuni istifadənin aşkarlanması barədə qeyd aparılaraq, Bakı Regional Qazın Satışı Departamenti tərəfindən itirilmiş qazın bərpası üçün hesabat aparılaraq qaz itkisinin 5616 m3 olması barədə hesabat aparılmışdır. İddiaçının adına olan abonent saldosunun “qalıq və aktlar” bölməsində onun 2021-ci ilin noyabr ayı üzrə 599,04 manat borcunun olması qeyd edilmişdir. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində qeyd etmişdir ki, cavabdehin nümayəndələri tərəfindən ona məxsus ünvan 3 ünvanda yerləşən özbaşına tikilmiş fərdi evə guya sayğacdan kənar qeyri qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar edildiyi və buna görə də Azəriqaz əməkdaşları tərəfindən 600 manat əsassız cərimə hesablanmışdır. O, bu qanunsuz olaraq yazılmış cərimə ilə razılaşmır. Cavabdehin qanunsuz olaraq yazdıqları cərimə hazırda onun sayğaca (Abanont kodu: **********0000) pul yüklədiyi zaman dərhal tutulur. Ümumiyyətlə onun bu cərimədən xəbəri olmamışdır. Cavabdehin tərtib etdiyi akt qanunsuzdur. Onun evində heç bir qanunsuz qaz xətti olmamışdır. Bütün bunlar cavabdehin əhaliyə qarşı düşünülmüş fırıldaqlarındandır. Ona görə də məhkəməyə müraciət etməyi qərara almışdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Məhkəmə hesab edir ki, təbii qazdan istifadə qaydalarının pozulması barədə müəyyən edilmiş formada tərtib edilməsi nəzərdə tutulmuş aktda həm aktı tərtib edən cavabdehin əməkdaşlarının, həm də istehlakçının iştirakı nəzərdə tutulmuşdursa, mütləq qaydada istehlakçının iştirakı təmin edilməli, akt hər iki tərəfin iştirakı qaydasında tərtib edilməlidir. Əks halda, aktda qeyd edilən pozuntu hallarının həqiqətən də baş verməsi və yaxud istehlakçı tərəfindən edilməsi halları ciddi şübhə doğurur. Göstərilən qanunvericilik normasının mənasından da göründüyü kimi, aktın qəbul edilməsi üçün əsas olmuş mübahisə predmetini təşkil edən halları sübut etmək vəzifəsi həmin aktı qəbul etmiş subyektin üzərinə düşür. Cavabdeh İB hüquq normasında qeyd edilən dövlət orqanı, icra və s. orqan olmasa da, insanların həyatı əhəmiyyətli təbii qazın istehlakı sahəsində inhisarçı mövqeyə malik olduğundan məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinin müddəalarının da eyni ilə Cavabdeh İB tərəfindən tərtib edilən aktların mübahisələndirilməsi hallarına da şamil olunmalıdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, təbii qazdan istifadə qaydalarının pozulması barədə aktlarda göstərilən halların sübut edilməsi vəzifəsi cavabdehə aid olduğundan həmin halların doğruluğunu təsdiq edən sübutları cavadeh məhkəməyə təqdim edə bilməmiş, konkret olaraq iddiaçı tərəfindən sayğacdan kənar təbii qazdan istifadə edilməsini cavadeh sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci maddəsinə əsasən Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. Bundan başqa, məhkəmə hesab edir ki, təbii qazdan istifadə qaydalarının pozulması barədə aktda göstərilən halların sübut edilməsi vəzifəsi cavabdehə aid olduğundan həmin halların doğruluğunu təsdiq edən sübutları cavadeh məhkəməyə təqdim edə bilməmiş, konkret olaraq iddiaçı tərəfindən sayğacdan kənar təbii qazdan istifadə edilməsini cavabdeh sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, aktda qeyd edilən pozuntunun törədilməsində iddiaçının təqsiri sübut olunmadığından cavabdehin akt üzrə hesablanmış 599,04 manat borc məbləğini iddiaçıdan tələb etməsi əsassızdır. Bundan başqa, məhkəmə qeyd edir ki, iddiaçı 600 manat məbləğində borcun silinməsini tələb etsə də, yuxarda şərh edilənlərdən və işin hallarından da görünür ki, iddiaçının adına olan abonent saldosunun “qalıq və aktlar” bölməsində borc kimi yalnız 599,04 manat göstərilmişdir. İddiaçı isə qalan 0,96 manat məbləğində borcun silinməsinə əsas ola biləcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi 0,96 manat borcun silinməsi hissəsində təmin edilməməlidir. Məhkəmə, həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatadək olduqda 30 manat dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti 1000 manatadək olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən ünvan 2 ünvanı üzrə (abonent kodu **********10000) təbii qazın itkisinə görə İddiaçı hesablanmış 599,04 manat məbləğində borc silinsin. 30 manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə (0,96 manat borcun silinməsi hissəsində) təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar