Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3479/2023 06.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “hesablanmış borcun silinməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh İB-yə qarşı “hesablanmış borcun silinməsi” barədə iddia ərizəsi ilə müraciət edərək mənzilinə qazla bağlı yazılmış cərimələrin silinməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Salyan küçəsi, 6043-cü məhəllə, 6 saylı evin 2 saylı mənzili atası X2 məxsusdur. Atası öz evinin həyətində, yəni evindən 10 metr məsafədə onlar üçün 2 otaqlı mənzil tikmişdir. İddiaçı 1-ci qrup əlil olan oğlu X10, 1-ci qrup əlil olan X6, ağır talasimiya xəstəsi olan qızı X11 və 1-ci və 2-ci Qarabağ Müharibəsinin iştirakçısı olan həyat yoldaşı ilə birlikdə atasının mənzilində atası ilə birlikdə yaşayaraq onlar üçün həyətdə tikdiyi evi təmir edirlər. Yəni həmin evdə daimi yaşayış yoxdur. Həmin evə az, su, elektrik xətti çəkilsə də onlar həmin kommunal xidmətlərdən istifadə etmirlər. Lakin 2022-ci ilin oktyabr ayından başlayaraq 2023-cü ilin mart ayına kimi onlara hər ay qazdan cərimələr yazırlar. Hazırda həmin cərimələrin ümumi məbləği 8.000 manata yaxındır. Onlar ailəliklə vətənpərvərdirlər, qanunlara əməl edirlər. X5 fəal iştirakçısı olan həyat yoldaşı qaz xəttini öz əli ilə çəkib, qaz sayqacını isə idarədən gətirib qoyublar. Onlar heç vaxt dövlətin qanunlarını pozub "qaz" sayğacdan kənar qaz işlətməmişdilər və işlətmirlər. Cərimələrin yazılmasının səbəbi - əraziyə baxan qaz sayğaclarına nəzarət edən qaz işçisiylə yoldaşının mübahisə etməsi olmuşdur. 2022-ci ilin oktyabr ayında qazın zəif gəlməsinə görə qaynar xəttə zəng vuraraq sözü gedən evə qaz gəlməməsindən şikayət etmişdirlər, tədbir görülmədiyi üçün bir neçə dəfə şikayətləri təkrar etmişdilər. Qaz idarəsindən gəlib evə girərək evdə odun peçinin olduğunu görüb və odun yandırdığını görərək şəklini çəkiblər və mənzilə ümumilikdə 8.000 manatlıq cərimə yazıblar. Həsənova Nüybar onları (qaz işçilərini) özü çağırmışdır, özü onları evə salmışdır, odun peçini göstərmişdir. Lakin onlar odun peçinin şəklini qaz peçi kimi cərimələyiblər. Onlar qeyd etdiyi kimi həmin sözü gedən mənzildə yaşamırlar, mənzildə təmir gedəndə bir stəkan çay qoyurlar və həmin işlətdikləri qazın pulunu kartla ödəyirlər. Onların işlətdiyi qazla bağlı borc yoxdur. Bu gündə mənzili qaz ya gəlmir, ya da çox cüzi (şam işığı kimi) qaz gəlir ki, həmin qazla heç bir iş görmək olmur. Bu barədə bütün qaz idarələrinə şikayəti var və hətta X5 iştirakçısı olan həyat yoldaşı X7 adından X3 teleqram da vurmuşdur. Şikayətlərə baxılmır və qaz idarəsindən şikayətçi olduqları üçün onlardan acıq çıxaraq onlara cərimələr yazırlar. Məhkəməyə müraciət edib qanunsuz yazılan cərimələrin silinməsini istəyir. Daha sonra iddiaçı iddia ərizəsinə əlavə verərək, mənzillərinə qazla bağlı yazılmış 7.523 manat məbləğində cərimələrin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia ərizəsinə əlavə verərək, mənzillərinə qazla bağlı yazılmış 8.000 manat məbləğində cərimələrin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia ərizəsinə əlavə verərək, mənzillərinə qazla bağlı yazılmış 8.756,64 manat məbləğində cərimələrin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi X8 məhkəməyə ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə zəruri qaydada məlumatlandırılsa da, nümayəndənin iştirakını təmin etməmişdir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Təbii X9nın pozulması haqqında” ******* saylı xx.xx.2019-cu il tarixli aktın surətindən görünür ki, abonentin qaz sayğacına baxış keçirilən zaman abonentin təbii qazdan qeyri-qanuni sayğacdan kənar xətt istifadə etdiyi aşkar olunmuşdur. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2019-cu il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”dən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən 57.888 m3 həcmində itirilmiş qaz hesablanmışdır. İş materiallarında olan “Təbii X9nın pozulması haqqında” ******* saylı xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, abonentin qaz sayğacına baxış keçirilən zaman abonentin təbii qazdan qeyri-qanuni sayğacdan kənar xətt istifadə etdiyi aşkar olunmuşdur. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”dən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən 57.888 m3 həcmində itirilmiş qaz hesablanmışdır. İş materiallarında olan “Təbii X9nın pozulması haqqında” ******* saylı xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, abonentin qaz sayğacına baxış keçirilən zaman abonentin təbii qazdan qeyri-qanuni sayğacdan kənar xətt istifadə etdiyi aşkar olunmuşdur. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”dən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən 4.824 m3 həcmində itirilmiş qaz hesablanmışdır. X1 məxsus **********00020 saylı abonentin saldosundan görünür ki, cədvəlin “qalıq və aktlar” bölməsində abonentin 2019-cu ilin aprel ayı üzrə 1.231,20 manat, 2022-ci ilin dekabr ayı üzrə 6.946,56 manat, 2023-cu ilin yanvar ayı üzrə 578,88 manat borcu mövcud olmuşdur. İş materillarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3/1174 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilən qaz sayğacının və ona bərkidilmiş girş-çıxış borusunda hər hansı kənar müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmişdir. İş materillarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/5695 saylı rəyindən görünür ki, xx.xx.2023-cü il tarixli 3/1174 saylı ekspert rəyinin nəticə hissəsində gödtərilənlərə əsasən tədqiqata təqdim edilən qaz sayğacının və ona bərkidilmiş girş-çıxış borusunda hər hansı kənar müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə müəyyən edilmədiyindən, İddiaçı tərəfindən Cavabdeh İB-nə vurulmuş ziyanın məbləği müəyyən edilmədi. Beləliklə, məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvana qaz sayğacından kənar xətt aşkar olduğuna görə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 8.756,64 manat məbləğində borc iddiaçıdan tələb edilmişdir. Qeyd edilən borcun hesablanması üçün səbəb cavabdeh tərəfindən iddiaçının qaz xəttinə qanunsuz qoşulması göstərilmişdir. Lakin cavabdeh tərəfindən tərtib edilmiş aktlarda iddiaçının qaz xəttinə kənar xətlə qoşularaq istifadə etməsi qeyd olunsa da, bu faktı təsdiq edən mötəbər sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Belə ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərininmüdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X9 ilə tənzimlənir. X9 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X9”nın 1.3 və 1.4-cü bəndlərinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Qaydaların 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Qaydaların 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Göründüyü kimi, Mülki-Prosessual Məcəllənin 77.2- ci maddəsinin tələblərinə əsasən borcun hesablanmasına əsas olan aktı cavabdeh təşkilat qəbul etdiyindən, bu borcun əsaslı olmasını sübut etmək vəzifəsi məhz cavabdehin üzərinə düşür. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıdan təbii qazın pulunun 8.756,64 manat məbləğində ödənilməsini tələb etməsi qanunsuz və əsassızdır. Buna görə də iddia qeyd edilən hissədə təmin edilərək, qaz sərfinə görə iddiaçıya hesablanmış 8.756,64 manat məbləğində borc silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 107,57 (bir yüz yeddi manat əlli yeddi qəpik) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, ekspertiza xərci cavabdehdən tutulmalıdır. Belə ki, ekspertiza tədqiqatının dəyəri olaraq 64 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir.. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Bakı şəhəri, Səbail rayonu, ünvan 1 ünvanında yerləşən İddiaçı məxsus yaşayış evinə (abonent kodu: **********00020) 2019-cu ilin aprel ayından 2023-cü ilin fevral ayınadək hesablanmış 8.756,64 (səkkiz min yeddi yüz əlli altı manat altmış dörd qəpik) manat məbləğində borc silinsin. 107,57 (bir yüz yeddi manat əlli yeddi qəpik) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. 260 (iki yüz altmış) manat məbləğində ekspertiza tədqiqatının dəyəri Cavabdehndən alınaraq alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №2(011)-3479/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3479/2023
06.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver