Məhkəmə qərarları › İş №2(011)-3490/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3490/2021

04.08.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3490/2021 04.08.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, Maraqlı şəxs Bakı şəhəri Xətai Rayonu İcra Hakimiyyəti “Qəyyumluq və Himayəçilik Komissiyası” nın nümayəndəsi X2, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, qızı X1 mülki fəaliyyət qabiliyyətinin olmaması və ona aid olan bütün hərəkətlərin onun tərəfindən icra edilməsi, səlahiyyət verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 04.08.2021-ci il tarixli məhkəmə iclasında Ərizəçi ərizə təqdim edərək 29.03.1978-ci il təvəllüdlü qızı X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında bildirdi ki, 29.03.1978-ci il təvəllüdlü S.Ə.Ağayeva onun qızıdır, hazırda Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yaşayır və “paranoid şizofreniya, şizofreniya paranoid forma, natamam remisiya” xəstəliyindən əziyyət çəkir, öz hərəkətlərinin mənasını başa düşmür, odur ki, özünü müstəqil idarə edə bilmir, uzun müddətdir ki, ona özü qulluq edir, 2-ci dərəcəli əlil olsa da məhkəmə qaydasında fəaliyyət qabliyyətsiz hesab edilmədiyi üçün onun üzərində qəyyum təyin edilməsi mümkün olmamışdır, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və reabilitasiya Xidməti 2 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qızına 2-ci dərəcəli əlillik verilmişdir, həmçinin 21.06.2021-сi il tarixli Ekspertiza rəyi ilə də X1 öz psixi vəziyyətinə görə halhazırda öz hərəkətlərinin mənasını dərk etmək iqtidarında olmadığı nəticəsinə gəlinmişdir. Sonda Ərizəçi ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti “Qəyyumluq və Himayəçilik Komissiyası”nın nümayəndəsi Y.V.Babayev ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi və iş üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin müvafiq rəyinin əsas götürülməsini xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan AZE seriyalı 13761152 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 29.03.1978-ci ildə Quba rayonunda anadan olmuşdur, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və reabilitasiya Xidməti 2 saylı Tibbi Sosial Ekspert Komissiyasının müayinə olunan şəxs barədə məlumatından görünür ki, X3 2-ci dərəcəli əlildir, TSEK tərəfindən ona “paranoid şizofreniya, şizofreniya paranoid forma, natamam remisiya” diaqnozu qoyulmuşdur. İş materiallarından görünür ki, AR SN Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 21.06.2021-ci il tarixli 1320 saylı rəyi ilə X1 öz psixi vəziyyətinə görə hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmaması, buna görə də X1 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmalı olması nəticəsinə gəlinmişdir. İş materiallarında olan Xətai rayon MKTB-nin 91 saylı MKİS-nin 15.01.2021-ci il tarixli 38 saylı arayışından görünür ki, Ərizəçi və qızı X3 Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Ərizəçi fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi nəzərdə tutulan, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan X1 anasıdır, sonuncu 2-ci dərəcəli əlildir, “paranoid şizofreniya, şizofreniya paranoid forma, natamam remisiya” psixi xəstəliyindən əziyyət çəkir, hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyildir. Bununla belə, X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər, fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Həmin Məcəlləninn 28.9-cu maddəsinə əsasən, fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin sağaldığı və ya sağlamlıq vəziyyətinin xeyli yaxşılaşdığı halda məhkəmə onu fəaliyyət qabiliyyətli sayır. Onun üzərində müəyyənləşdirilmiş qəyyumluq məhkəmə qərarına əsasən ləğv edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 29.03.1978-ci il tarixdə ünvan 2 ünvanında qeydiyyatda X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməli, onun üzərində qəyyum təyin edilməsi Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasına həvalə edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 89.1-ci maddəsinin tələbinə görə, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 317-321-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. 29.03.1978-ci il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olan X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş X1 üzərində qəyyum təyin edilməsi Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasına həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar