Məhkəmə qərarları › İş №2(011)-356/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-356/2025

09.07.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-356/2025 09.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qıızının sədrliyi, Hüseynova Mehri Polad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh İB-yə qarşı “əsassız olaraq borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, ünvan 1 ünvanında öz ailə üzvləri ilə birlikdə yaşayır. İddiaçı vaxtı-vaxtında ona aid qaz sayğacından qanunauyğun formada istifadə etmişdir. Evdə quraşdırılmış qaz sayğacı iddiaçının adına rəsmiləşdirilmişdir. Cavabdeh İB-nin əməkdaşları iddiaçının məlumatı olmadan sözügedən ünvana gəlmiş, guya həmin ünvana baxış keçirmiş, guya iddiaçının təbii qazdan qeyri-qanuni istifadə etdiyini aşkar etmişdir. Buna görə də xx.xx.2024-cü il tarixdə akt tərtib edilərək, iddiaçıya itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədilə 6583,68 manat məbləğində əsassız borc yazmışdırlar. İddiaçıya məxsus qeyd edilən ünvanda təbii qazdan qeyri-qanuni istifadəetmə halı olmadan Birliyin əməkdaşları iddiaçıdan məlumatsız akt tərtib etmiş, akt tərtib olunarkən isə iddiaçının iştirakı təmin olunmamış və yalnız Birliyin əməkdaşları tərəfindən imzalanmışdır. Aktlara əlavə olunmuş fotoçşəkil isə həmin ünvana məxsus deyildir, yəni həmin aktlara əlavə olunan fotoşəkil iddiaçıya məxsus fərdi yaşayış evində çəkilməmişdir. Başqa sözlə sözügedən ünvanda təbii qazdan qeyri-qanuni istifadə halı mövcud olmamışdır. Birliyin əməkdaşları aktlara işin həqiqi hallarına uyğun olmayan məlumatları daxil etmişdirlər. Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş akta daxil olunmuş məlumatların qeyri-mötəbərliyini əks etdirir. Bu hallar iddia ərizəsində qeyd edilməsi heç bir halda iddianın etirafı kimi qəbul edilə bilməz. Qeyd olunduğu kimi Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş aktlar əsasında Birliyin əməkdaşlarından ibarət hesablama komissiyası tərəfindən verilmiş 29 fevral 2024cü il tarixli rəydə iddiaçıya məxsus ünvanda guya mövcud olmuş qaz cihazlarının adı göstərilmişdir. Həmin rəydə guya iddiaçıya məxsus ünvanda “PQ-4” və "QSQ”, “Kombi” və “L şəkilli istilik sistemi” qeyd olunmuşdur. PQ-4 tipli qaz plitəsinin saatlıq qaz sərfıyyatı 1,2 kub metr olmaqla orta günlük iş rejimi 12 saat, “QSQ-nin saatlıq qaz sərfıyyatı 1,5 kub metr, orta günlük iş rejimi 12 saat, “Kombi”nin saatlıq qaz sərfıyyatı 4,3 kub metr, orta günlük iş rejimi 12 saat və “L şəkilli istilik sistemi” saatlıq qaz sərfıyyatı 6 kub metr, orta günlük iş rejimi 12 saat olmaqla hesabat müddəti isə hər dörd cihaz üçün 180 gün götürülmüşdür. Göründüyü kimi Cavabdeh İB-nin əməkdaşlarından ibarət hesablama komissiyasının rəyində guya iddiaçıya məxsus ünvanda təbii qaz ilə işləyən cihazların adları qeyd olunmuşdur. Əslində bu hal həqiqəti əks etdirmir. Belə ki, iddiaçıya məxsus ünvanda Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş aktda qeyd olunan cihazlardan yeganə PQ-4 tipli qaz plitəsi mövcuddur. Lakin buna baxmayaraq, Komissiya mövcud olmayan cihaza görə sərfıyyat hesablamış və iddiaçıya əsassız borc yükləmişdir. Bu onu deməyə əsas verir ki, birliyin əməkdaşları iddiaçıya məxsus ünvana baxış keçirmədən akt tərtib etmiş, akta isə öz fərziyyələrinə uyğun, işin həqiqi hallarından kənar məlumatlar daxil etmişdirlər. Komissiyanın rəyində iddiaçıya məxsus ünvanda istifadə olunan qaz cihazları və onların saatlıq sərfıyyatı qeyd edilmişdir. Lakin həmin cihazların reallıqda mövcud olması və qaz sərfıyyatının komissiyanın rəylərində göstərildiyi kimi olmasına dair hər hansı bir sübut göstərilməmişdir. Digər tərəfdən Cavabdeh İB tərəfindən təşkil olunmuş komissiyanın üzvlərinin heç olmazsa birinin bu sahədə xüsusi biliyə malik mütəxəssisekspert olması barədə də iş materiallarında hər hansı bir sübut mövcud deyildir. Komissiyanın sırf Cavabdeh İB-nin əməkdaşlarından təşkil olunması həmin komissiyanın rəyini şübhə altına almağa əsas verir. Belə bir komissiyanın Birliyin maraqlarına uyğun rəy verməsi heç kimə sirr deyildir. Buna görə də qanunvericilikdə bu cür aktların qəbul olunması üçün əsas olan halları sübut etmək vəzifəsi aktı qəbul etmiş orqanın üzərinə qoyulmuşdur. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, ona məxsus ünvan 1 ünvanında quraşdırılmış qaz sayğacı (abonent kodu: **********00000) ilə bağlı Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş aktlara görə iddiaçıya itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədi ilə hesablanmış 6583,68 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddia tələbinə etiraz edərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin çıxışını dinləyərək, işdə olan sübutları, işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh tərəfindən verilən abonentin saldosundan görünür ki, İddiaçı (abonent kodu: **********00000) 2024-cü il üçün 6583,68 manat borcu vardır. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib olunmuş 29 fevral 2024-cü il tarixli, ******* nömrəli Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində qaz sayğacına baxış keçirilmiş və “abonent təbii qazdan sayğacdan kənar qeyriqanuni sayğacdankənar istifadə edir” kimi qeyd edilmişdir. İş materiallarında olan Dəymiş ziyanın bərpasına dair 29 fevral 2024-cü il tarixli tələbnamənin surətindən görünür ki, İddiaçı istifadəsində olan ünvan 1 ünvanında qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün, Kombi-nin maksimal saatlıq qaz sərfi 4.3 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün, L şəkilli istilik sisteminin maksimal saatlıq qaz sərfi 6 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş ziyan 48384 m3 müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3/276 saylı, 28 aprel 2025-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş sayğacın, borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmiş, qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir. İş materiallarında olan Ekspertiza Xərclərinə dair bildirişindən görünür ki, məhkəmətrasoloji ekspertizası üzrə aparılmış tədqiqatın dəyəri 65 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2.-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsinə əsasən təbii qazın, elektrik və ya istilik enerjisinin talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə - fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. 282.2-ci maddəyə görə təbii qazdan, elektrik və ya istilik enerjisindən istifadə qaydalarının pozulmasına görə - fiziki şəxslər otuz manatdan qırx manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan doxsan manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə edilir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13.8-ci maddəsinə əsasən, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Beləliklə, mülki-prosessual qanunvericiliyin tələbinə görə hazırki mülki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşdüyü halda, Cavabdeh İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 29 fevral 2024-cü il tarixli, ******* nömrəli aktın surətində “abonent təbii qazdan sayğacdan kənar qeyriqanuni sayğacdankənar istifadə edir” kimi qeydlər edilsə də, cavabdeh iddiaçı tərəfindən qanunsuz qaz istehlak edilməsi, eyni zamanda iddiaçının yaşadığı evə dair hesablanmış 6583,68 manat məbləğində borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının Qanununun 13.8-1-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, cavabdeh təşkilat qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalı, bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməli, istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməli idi. Eyni zamanda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3/276 saylı, 28 aprel 2025-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş sayğacın, borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmiş, qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, iddiaçının silinməsini tələb etdiyi ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə hesablanmış 6583,68 manat məbləğində borc silinməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumundan azad olunduğundan, eyni zamanda iddia tələbi təmin edildiyindən dövlət rüsumunun əvəzi olaraq 85,84 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********00000) hesablanmış 6583,68 manat məbləğində borcu silmək vəzifəsi Cavabdehnə həvalə edilsin. Cavabdehndən 85,84 manat dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilsin. Eyni zamanda iddia təmin edildiyindən, 65 manat ekspertiza xərci cavabdehdən tutularaq, Məhkəmə Ekspertiza Mərkəzinin X1 hesabına ödənilsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar