Məhkəmə qərarları › İş №2(011)-359/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-359/2024

18.03.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-359/2024 18.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qıızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh İB-yə qarşı “əsassız olaraq borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, X5 küçəsi, ev 55 ünvanında yerləşən fərdi yaşayış evində öz ailə üzvləri ilə birlikdə yaşayır. Evdə quraşdırılmış qaz sayğacı iddiaçının mərhum atası X2 adına rəsmiləşdirilmişdir. İddiaçının atası 30 iyul 2021-ci il tarixində vəfat etmişdir. Cavabdeh İB-nin əməkdaşları iddiaçının məlumatı olmadan guya 2017-ci ilin dekabr ayında həmin ünvana baxış keçirmiş guya həmin ünvanda təbii qazdan qeyri- qanuni istifadə etdiyi aşkar etmişdirlər. Buna görə akt tərtib edərək ona itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədi ilə 1728,20 manat 20 qəpik məbləğində əsassız borc yazmışdırlar. Bundan başqa Birliyin əməkdaşları 30 iyul 2019-cu il tarixində həmin ünvanda quraşdırılmış qaz sayğacını yenisi ilə əvəz etmişdir. Daha sonra ona məlum olmuşdur. ki, sözügedən ünvanda quraşdırılmış qaz sayğacında guya müəyyən nasazlıqların olması əsas gətirilərək akt tərtib edilmiş, buna görə də ona itirlimiş qaz sayğacını bərpa etmək məqsədi ilə 486 manat məbləğində əsassız borc yazılmışdır. İddiaçıya məxsus yuxarıda qeyd olunan ünvanda təbii qazdan qeyri-qanuni istifadə etmə halı və sayğaca iddiaçı tərəfindən hər hansı bir müdaxilə olmadan Birliyin əməkdaşları iddiaçıdan məlumatsız aktlar tərtib etmiş, bu aktlar əsasında əsassız borc yazmışdırlar. Sözügedən aktlar iddiaçının iştirakı olmadan tərtib olunmuş və yalnız Birliyin əməkdaşları tərəfindən imzalanmışdır. Başqa sözlə sözügedən ünvanda təbii qazdan qeyri-qanuni istifadə halı və sayğaca hər hansı bir müdaxilə mövcud olmamışdır. Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş aktlar əsasında Birliyin əməkdaşlarından ibarət hesablama komissiyası tərəfindən verilmiş 29 dekabr 2017-ci il tarixli rəydə iddiaçıya məxsus ünvanda guya mövcud olmuş qaz cihazlarının adı göstərilmişdir. Həmin rəydə guya ona məxsus ünvanda “kvadrat şəkilli kotyol” və “dəmir sobanın” olması qeyd olunmuşdur. “Kvadrat şəkilli kotyol”un maksimal saatlıq qaz sərfıyyatı 6 kub metr, orta günlük iş rejimi yay ayları üçün 12 saat, hesabat müddəti 31 gün, qış ayları üçün gündəlik iş rejimi 20 saat və hesabat müddəti 46 gün götürülmüşdir. “Dəmir soba”nın maksimal saatlıq qaz sərfıyyatı 1,4 kub metr, orta günlük iş rejimi 18 saat olmaqla hesabat müddəti 46 gün qəbul edilməklə aparılmışdır. Mərhum atası ilə Cavabdeh İB arasında təbii qazın alqı-satqısına dair müqavilə bağlanan zaman atası fiziki şəxs kimi çıxış etmişdir. Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş aktda göstərilən qaz cihazlarının heç birindən ev şəraitində istifadə etmək üçün zərurət olmamışdır. Aktlarda göstərilən cihazların heç biri sözügedən ünvanda mövcud olmamışdır. Ona görə də iddiaçı hesab edir ki, komissiya mövcud olmayan cihazlara görə sərfıyyat hesablamış və ona əsassız borc yükləmişdir. Bu onu deməyə əsas verir ki, Birliyin əməkdaşları iddiaçıya məxsus ünvana baxış keçirmədən aktlar tərtib etmiş, aktlarda isə öz fərziyyələrinə uyğun, işin həqiqi hallarından kənar məlumatlar daxil etmişdirlər. Bununla da, Birliyin məqsədi işin həqiqi hallarını aşkara çıxarmaq deyil, vətəndaşlara əsassız borc yükləməkdən ibarət olmuşdur. Aktda göstərilən qaz cihazları mövcud olmadığı halda buna görə sərfiyyatını hesablanması, bu sərfiyyata görə ondan hər hansı bir məbləğin tələb olunması heç bir halda ədalətli və qanuni ola bilməz. Komissiya tərəfindən aparılmış hesablama ilə də razı deyildir. Belə ki, komissiya tərəfindən verilmiş rəylərin hamısında məişət qaz cihazlarının saatlıq qaz sərfıyyatı qeyd edilmişdir. Həmin cihazların saatlıq qaz sərfiyyatının reallıqda aktlarda göstərildiyi kimi olmasına dair iş materiallarında hər hansı bir sübut yoxdur. Ona görə də, Cavabdeh İB-nin əməkdaşlarından ibarət komissiya tərəfindən tərtib olunmuş rəylərdə göstərilən qaz sərfiyyatı, bu sərfıyyat əsasında hesablanmış borc məbləğləri ilə iddiaçı razı deyildir. Birlik sözügedən ünvana qaz sərfiyyatına görə borc hesablayarkən qanuni normalara deyil, formal mülahizələrə əsaslanmışdır. Belə ki, Birliyin əməkdaşlarından ibarət təşkil olunmuş komissiyanın rəylərində iddiaçıya məxsus ünvanda istifadə olunan qaz cihazları və onların saatlıq sərfıyyatı qeyd edilmişdir. Lakin həmin cihazların reallıqda mövcud olması və qaz sərfiyyatının komissiyanın rəylərində göstərildiyi kimi olmasına dair hər hansı bir sübut göstərilməmişdir. Digər tərəfdən Cavabdeh İB tərəfindən təşkil olunmuş komissiyanın üzvlərinin heç olmazsa birinin bu sahədə xüsusi biliyə malik mütəxəssis-ekspert olması barədə də iş materiallarında hər hansı bir sübut mövcud deyildir. Komissiyanın sırf Cavabdeh İB-nin əməkdaşlarından təşkil olunması həmin komissiyanın rəyini şübhə altına almağa əsas verir. Belə bir komissiyanın Birliyin maraqlarına uyğun rəy verməsi heç kimə sirr deyildir. Buna görə də, qanunvericilikdə bu cür aktların qəbul olunması üçün əsas olan halları sübut etmək vəzifəsi aktı qəbul etmiş orqanın üzərinə qoyulmuşdur. Qeyd olunan ünvanda quraşdırılmış qaz sayğacı həyətyanı sahədən kənarda, hasarı küçə hissəsində, açıq ərazidə yerləşdirilmişdir. Ona görə də sayğacı kənar fiziki, meteraloji və digər təsirlərdən qorumaq mümkün deyildir. Həmçinin iddiaçı tərəfindən qaz sayğacına da hər hansı bir müdaxilə olmamışdır. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, X5 küçəsi, ev 55 ünvanında yerləşən fərdi yaşayış evində quraşdırılmış qaz sayğacı (abonent kodu: **********00001) ilə bağlı Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş aktlara görə ona itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədi ilə hesablanmış 2268 manat 20 qəpik məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası barədə tərəflərə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, onlar hazırki məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Lakin iddiaçının nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sübutları, işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla, hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh İB tərəfindən verilmiş abonentin saldosundan məlum olur ki, X2 2017-2019-cu illər üçün 2268,20 manat borcu vardır. İş materiallarında olan Cavabdeh İB tərəfindən verilmiş itirilmiş təbii qazın dəyərinin hesablanması barədə 29 dekabr 2017-ci il tarixli aktın surətindən görünür ki, Ağamehdi Mirzəyevin istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, X5 küçəsi, ev 55 ünvanında yerləşən fərdi yaşayış evində qaz sayğacına baxış keçirilmiş və “sayğacdan kənar qaz xəttinin ləğv edilməsi müəyyən edilmişdir” qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 iyul 2019-cu il tarixli, ******* saylı aktın surətindən görünür ki, X2 Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, X5 küçəsi, ev 55 ünvanında yerləşən fərdi yaşayış evində qaz sayğacına baxış keçirilmiş və “sayğacda xx.xx.2012, xx.xx.2013-cü il tarixlərdə 3 dəfə və xx.xx.2014-cü il tarixdə 3 dəfə Alarm-1 rejimi aşkar olundu, Xətalar normaya uyğundur.” kimi qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 171906 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 26 iyul 2021-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan İХ-ЖГ seriyalı, 434230 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı Ağamehdi oğlu xx.xx.1984-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası X3, anası Xanım Mirzəyevadır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-3/2090 nömrəli, 30 yanvar 2024-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmiş, qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir. İş materiallarında olan Ekspertiza Xərclərinə dair bildirişindən görünür ki, məhkəmətrasoloji ekspertizası üzrə aparılmış tədqiqatın dəyəri 64 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2.-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsinə əsasən təbii qazın, elektrik və ya istilik enerjisinin talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə - fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. 282.2-ci maddəyə görə təbii qazdan, elektrik və ya istilik enerjisindən istifadə qaydalarının pozulmasına görə - fiziki şəxslər otuz manatdan qırx manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan doxsan manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə edilir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13.8-ci maddəsinə əsasən, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının Qanununun 13.8-1-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Beləliklə, mülki-prosessual qanunvericiliyin tələbinə görə hazırki mülki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşdüyü halda, Cavabdeh İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 29 dekabr 2017-ci il tarixli aktın surətində “sayğacdan kənar qaz xəttinin ləğv edilməsi müəyyən edilmişdir”, 30 iyul 2019cu il tarixli, ******* saylı aktın surətində “sayğacda xx.xx.2012, xx.xx.2013-cü il tarixlərdə 3 dəfə və xx.xx.2014-cü il tarixdə 3 dəfə Alarm-1 rejimi aşkar olundu, Xətalar normaya uyğundur.” kimi qeyd edilsə də, cavabdeh iddiaçı tərəfindən qazdan qeyri-qanuni istehlak edilməsini, eyni zamanda iddiaçının yaşadığı evinə dair hesablanmış 2268,20 manat məbləğində borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının Qanununun 13.8-1-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, cavabdeh təşkilat qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalı, bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməli, istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməli idi. Eyni zamanda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-3/2090 nömrəli, 30 yanvar 2024-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmiş, qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir. Qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, X5 küçəsi, ev 55 ünvanında yerləşən fərdi yaşayış evinə (Abonent kodu: **********00001) ünvanına dair hesablanmış 2268,20 manat məbləğində borc silinməlidir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»na əsasən qaz istehlakçıları ilə bağlanmalı olan müqavilənin forması və məzmunu dəyişdirilsə də, cavabdeh təşkilat həmin qaydaların tələbinə riayət etməmiş, X3 26 iyul 2021-ci il tarixdə vəfat etdiyi, evdə faktiki qaz istehlakçısı İddiaçı olduğu halda müqavilənin dəyişdirilməsini təmin etməmişdir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumundan azad olunduğundan, eyni zamanda iddia tələbi təmin edildiyindən dövlət rüsumunun əvəzi olaraq 42.69 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, X5 küçəsi, ev 55 ünvanında yerləşən yaşayış evi ilə bağlı qaz sərfinə görə istehlakçı İddiaçı (abonent kodu: **********00001 olan) hesablanmış 2268,20 manat məbləğində borcu silmək vəzifəsi Cavabdehnə həvalə edilsin. Cavabdehndən 42.69 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Eyni zamanda iddia təmin edildiyindən, 64 manat ekspertiza xərci cavabdehdən tutularaq, Məhkəmə Ekspertiza Mərkəzinin X1 hesabına ödənilsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar