Məhkəmə qərarları › İş №2(011)-3591/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3591/2021

16.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3591/2021 16.05.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçın nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı MMCnin xeyrinə 1402 manat məbləğində əsas borc, 395 manat 80 qəpik məbləğində cərimə və 20 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış WTCN- 000902/20 nömrəli 11.08.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı MMC alıcı Cavabdeh 6 ay müddətinə 2677 manat dəyərində olan əşyanı satmışdır. Cavabdeh aldığı əşyaya görə 1275 manat ilkin ödəniş etmiş və borclu olduğu qalıq 1402 manat məbləğində pulu müqaviləyə əldə edilən ödəniş cədvəlinə əsasən iddiaçıya hissəhissə ödəməyi öhdəsinə götürsə də, öhdəliklərini yerinə yetirməmiş, heç bir ödəniş etməmişdir. Borcun ödənilməsi ilə əlaqədar olaraq cavabdehə dəfələrlə şifahi, 01.03.2021ci il tarixdə isə yazılı xəbərdarlıq edilmişdir. Lakin cavabdeh yenə də borc öhdəliyinin icrasında dair heç bir addım atmamışdır. Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən İddiaçı MMC tərəfindən ona 01.03.2021-ci il tarixə 395,80 manat məbləğində cərimə hesablanmışdır. Hesab edir ki, cavabdeh müqavilə öhdəliklərini pozduğundan onun borcu məhkəmə qaydasında tutulmalıdır. Sonda Nümayəndə iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh E.Z. Məmmədov məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında WTCN- 000902/20 saylı müqavilə bağlanmışdır, müqaviləyə əsasən Vorld TELECOM MMC Cavabdeh müqavilənin şərtlərinə uyğun olaraq 06 ay müddətinə 2677 manat dəyərində olan İphone 11 Pro markalı mobil telefonu nisyə alqı-satqı şərtləri əsasında verir, alıcı isə əşyanın qiymətini müqaviləyə əlavə edilən ödəniş cədvəli əsasında hissə-hissə ödəməyi öhdəsinə götürür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh 11.08.2020-ci il tarixli WTCN-000902/20 nömrəli alqı-satqı müqaviləsinə əsasən, 2677 manat əsas borcundan bu günədək 1275 manat ödəniş etmiş, 1402 manat əsas borc, 395,80 manat cərimə qalmışdır. İş materiallarında olan 11.08.2020-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh WTCN-000902/20 nömrəli müqaviləyə uyğun olaraq 1275 manat ilkin ödəniş etmiş, qalan 1402 manat məbləği isə 11.02.2021-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, iddiaçı cavabdehə borcunu ödəməsinə dair 01.03.2021-ci il tarixdə xəbərdarlıq məktubu göndərmişdir. İş materiallarında olan 23.03.2021-ci il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən 20 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 16.02.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə Cavabdeh arasında iddia tələbində göstərilən əşyaya dair alqı-satqı müqavilələsi bağlanmış, müqaviləyə əsasən satıcı öhdəliyini lazımınca icra edərək əşyanı alıcıya təhvil vermiş, alıcı həmin əşyanı almışdır, cavabdeh müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmiş, buna görə onun iddiaçıya borcu qalmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Bununla belə, iddia tələbi üzrə cavabdehin müqavilə öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi üzrə öz riski ilə müqavilələri bağladığından həmin müqavilələr üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Məhkəmə, tərəflər arasında bağlanmış müqavilələr üzrə tənasübsüz surətdə yüksək hesablanmış cərimə məbləğinin azaldılaraq, 140 manat həddində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 1402 manat məbləğində əsas borc, 140 manat məbləğində cərimə borcu olmaqla, cəmi 1542 manat pul məbləği tutularaq İddiaçı MMC-yə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də, iddia tələbi üzrə nəzərdə tutulan 30 manat dövlət rüsumundan, ödənilmiş dövlət rüsmunun əvəzi qismində 20 manat cavabdehdən alınaraq iddiaçıya, 10 manat isə Dövlət Büdcəsinə ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1402 manat məbləğində əsas borc, 140 manat məbləğində cərimə borcu olmaqla, cəmi 1542 (min beş yüz qırx iki) manat borc və dövlət rüsumunun əvəzi qismində ödənilmiş 20 (iyirmi) manat alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Cavabdeh dövlət rüsumu qismində 10 manat alınaraq Dövlət Büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar