Məhkəmə qərarları › İş №2(011)-3593/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3593/2024

19.08.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3593/2024 19.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi–şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Ərizənin dəlilləri: Ərizəçi – “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 20 dekabr 1958-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 20 dekabr 1958-ci il təvəllüdlü X6 Ərizəçi atasıdır. Paşayev Məmməd müddətsiz İ qrup əlildir. AR ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza Komissiyasının sonuncu müayinəyə dair məlumatına əsasən ona baş beyin qan dövranının kəskin pozulması, sol yarım kürədə işemik insult (16.2.2019) motor afaziya, sağ tərəfli hemiplegiya, çanaq üzvlərinin pozulması, beyin işemiyası, arterial hipertenziya İİİ mər, OU-torlu qişanın angiyopatiyası, OU-presbiopiya diaqnozu qoyulmuşdur. Əlilliyin müəyyən olunması meyarı ətrafların hərəkət funksiyasının və hərəkət koordinasiyasının kəskin təzahürlü pozulması və ya total afaziya ilə nəticələnmiş sinir sistemidir. Kobud nitq və davranış pozuntuları və dayaq-hərəkət aparatının pozulması ilə əlaqədar daima kənar şəxslərin köməyinə ehtiyacı var. Artıq uzun müddətdir ki ev şəraitində və ambulator qaydada çoxsaylı müalicələr almışdır. Daimi qulluğa ehtiyacı var, həyati vacib tələbatlarını yaxınlarının köməyi olmadan yerinə yetirə bilmir. O, hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyildir. Ona görə də hazırki ərizənin verilməsinə zərurət yaranmışdır. Ərizəçi xəstəyə qulluq edir. Tərəflərin izahatları: Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: Barəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə tələbi irəli sürülmüş X6 20 dekabr 1958-ci il tarixdə anadan olmuşdur. X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizənin məzmunundan göründüyü kimi, ərizəçi atasının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsini onun əqli vəziyyəti ilə əsaslandırmışdır. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-3593/2024 saylı 04 aprel 2024-cü il tarixli qərardadına əsasən iş üzrə məhkəmə-psixiatriya ekspertizası keçirilməsi qərara alınmışdır. Məhkəmə-psixiatriya ekspertizasının 1395 saylı, 16 may 2024-cü il tarixli rəyindən görünür ki, X4 damar mənşəli demensiya (ağıl zəifliyi) müəyyən edilir. X4 neyin qan dövranının pozulması nəticəsində yaranmış demensiya (ağıl zəifliyi) “X1” (10-cu baxış) əsasən “Psixi və davranış pozuntularına” aid edilir. X6 onda qeyd olunan “damar mənşəli demensiya (ağıl zəifliyi)” ilə əlaqədar öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Hazırkı işin hallarından görünür ki, ərizəçi X3 övladıdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə ilk növbədə qeyd edir ki, ərizəçi ərizəsinin nəticə hissəsində 20 dekabr 1958-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etsə də, hazırkı işin hallarından və iş materiallarından görünür ki, ərizəçinin atasının adı “Məmməd”dir. Odur ki, məhkəmə qeyd edilən halı texniki səhv olaraq qəbul edir. X3 əqli və psixi cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə və iş üzrə təyin edilmiş məhkəmə-psixatriya ekspertizasının rəyi ilə və işin digər mötəbər sübutları ilə tam sübuta yetirildi. Buna görə də məhkəmə hesab edir ki, X6 əqli, psixi və fiziki xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən, onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Ərizəçi X3 övladı olduğundan, onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair iş qaldırmaqda haqlıdır. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, ərizəçi 100 manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, ərizə təmin edildiyindən, ərizəçinin ödədiyi 100 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 317-321 və 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi : Ərizə təmin edilsin. 20 dekabr 1958-ci il tarixdə Şəki rayonunda anadan olmuş X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Ərizəçi ödədiyi 100 (bir yüz) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar