Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-360/2021 06.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Heydər Əliyev adına X4 Cavabdeh qarşı “qanunsuz tikilidən çıxarılma və tikilinin sökülməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Heydər Əliyev adına X6 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi, ev 72-də yerləşən tikilinin özbaşına (qanunsuz) tikili hesab edilməsi, həmin tikilidən cavabdehin çıxarılması və tikilinin cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən Heydər Əliyev adına X5 məxsus Dş-250 mm. (yüngül fleqma) neft boru kəmərinin “Mühafizə Zonası”nın 4 metrliyində torpaq zəbt edilməklə Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi, ev 72-də özbaşına mişar daşından tamamlanmış bir mərtəbəli fərdi yaşayış evi inşa edilmişdir və hal-hazırda o ailə üzvləri ilə birlikdə orada yaşayır. Bundan başqa həmin Dş-250 mm. Neft boru kəmərinə paralel zavoda məxsus Dş-400 mm. (mazut), 2 ədəd Dş-250 mm. (benzin), Dş-200 mm. (dizel) və Dş-300 mm. (DT-36) neft boru kəmərləri keçir. İddiaçıya məxsus neft boru kəmərinin mühafizə zonasında yerləşən torpaq sahəsi faktiki olaraq cavabdeh tərəfindən zəbt edilmişdir ki, bu da həmin kəmərə qulluq edilməsinə, onun istismar edilməsinə maneçilik yaratmaqla yanaşı insanların həyatı üçün də təhlükə yaradır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək onun rədd olunmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan sənədlərdən görünür ki, cavabdeh tərəfindən Heydər Əliyev adına X5 məxsus Dş-250 mm. (yüngül fleqma) neft boru kəmərinin “Mühafizə Zonası”nın 4 metrliyində Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi, ev 72-də özbaşına mişar daşından tamamlanmış bir mərtəbəli fərdi yaşayış evi inşa edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx xxxx 2021-ci il tarixli 10/2716 saylı ekspert rəyindən görünür ki, Cavabdeh istifadəsində olan Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi, 72 saylı fərdi yaşayış evi bütövlüklə Heydər Əliyev adına X5 məxsus Dş 250 mm, (yüngül fleqma) magistral boru kəmərinin mühafizə zonasında yerləşir. “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.7-ci bəndinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir: boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Həmin Qaydaların 2.11-ci bəndinin “a” bəndinə əsasən, boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılığı razılığı olmadan hər hansı tikinti və ya quraşdırma işlərini aparmaq qadağandır. Həmin bəndin 8-ci sətrinin 2-ci cümləsinə əsasən boru kəmərlərinin mühafizə zonasında iş aparılması şərtləri magistral boru kəmərlərini istismar edən “Dövlət Neft Şirkətinin yerli orqanları” tərəfindən təyin edilir və müvafiq icra hakimiyyəti və Fövqəladə Hallar Nazirliyi orqanları ilə razılaşdırıldıqdan sonra həyata keçirilir. Həmin Qaydaların 2.13-cü bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında onların normal istismarını pozan və yaxud boru kəmərlərinin zədələnməsinə gətirib çıxara bilən bütün növ işlərin görülməsinə yol verilmir. Həmin Qaydaların 2.23-cü bəndinin tələblərinə əsasən, magistral boru kəmərlərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin (fərdi ev sahiblərinin) torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları tərəfindən baxıldıqda ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərlərini istismar edən orqanlarla (hüquqi şəxslərlə) razılaşdırılır. Həmin Qaydaların 2.27-ci bəndinə görə, bu Qaydaların tələblərinin pozulmasında təqsirkar olan vəzifəli şəxslər və vətəndaşlar respublikanın qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyətə cəlb olunurlar. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinin 2-ci hissəsinin tələblərinə görə, qaz kəmərlərinin mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Həmin Qanunun 22-ci maddəsinə əsasən, bu Qanunun pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə və Torpaq islahatı haqqında Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən dövlət obyektlərinin dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar dövlətin müstəsna mülkiyyətindədir. Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, qaz kəmərlərini istismar edən Dövlət Neft Şirkəti və ya onun yerli orqanları ilə Cavabdeh oğlu arasında torpaq sahəsinin ayrılması ilə bağlı hər hansı razılaşma mövcud olmamışdır. Cavabdeh həmin özbaşına tikintiyə mülkiyyət hüququ əldə etməmişdir. Özbaşına tikilinin inşa edildiyi torpaq sahəsi hazırda cavabdehin qanunsuz istifadəsindədir. Mübahisəli tikili birbaşa kəmərin mühafizə zonasında yerləşir və həmin magistral qaz kəmərində baş verə biləcək kiçik bir qaz sızması insanların həyatına və sağlamlığına təhlükə yaradan partlayışa, yanğına və digər növ qəzalara, habelə kütləvi insan tələfatına səbəb ola bilər. Azərbaycan Repsublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1108-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə yuxarıda sadalananlara əsasən belə qənaətə gəlir ki, Cavabdeh oğlunun magistral qaz kəmərinin mühafizə zonasında inşa etdiyi tikili həm özünün, həm də ətrafdakılar üçün ona məlum olan səbəblərdən yüksək təhlükə mənbəyi hesab olunmaqla, həm özü tərəfindən, həm də digərləri tərəfindən ala bilinən zərərlərə görə məsuliyyət təqsirli şəxs kimi onun üzərinə düşür. Eyni zamanda məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh oğlu səlahiyyətli orqanların müvafiq icazəsi olmadan, eləcə də tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla qanunsuz tikilini inşa etmişdir. Qanunun tələblərinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi, ev 72-də yerləşən tikili özbaşına (qanunsuz) tikili hesab edilməli, cavabdeh həmin tikilidən çıxarılması və tikili cavabdehin hesabına sökülməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 20 manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, cavabdehdən 20 manat dövlət rüsumu alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi, ev 72-də yerləşən tikili özbaşına (qanunsuz) tikili hesab edilsin. Cavabdeh həmin tikilidən çıxarılsın və tikili Cavabdeh hesabına sökülsün. Ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçı Heydər Əliyev adına X5 ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-360/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-360/2021
06.04.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver