Məhkəmə qərarları › İş №2(011)-364/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-364/2024

23.01.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-364/2024 23.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Ərizəçinin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin faktiki halları:

1. Ərizəçinin oğlu X4 xx.xx.2005-ci il tarixdə anadan olmuşdur. Ərizəçinin oğlu əmək qabiliyyətsiz olmaqla, müddətsiz birinci dərəcəli əlildir. Ona təyin olunmuş diaqnoz belədir: başqa rubrikalarda təsnif edilən, digər dəqiqlşdirilmiş xəstəliklər zamanı demensiya, baş beyinin üzvü xəstəliyi nəticəsində ağıl zəifliyi. Nitq və dayaq-hərəkət aparatının pozuntusu. Kənar şəxslərin himayəsinə ehtiyacı var.

Ərizənin və ona etirazın dəlilləri:

a) Ərizənin dəlilləri:

2. Ərizəçi, oğlu xx.xx.2005-cü il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.

3. Ərizəçi ərizəsində qeyd etmişdir ki, onun xx.xx.2005-ci il tarixdə anadan olan oğlu X4 1-ci qrup anadangəlmə əlildir. Oğlu xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını başa düşmür, hərəkətlərinə rəhbərlik edə bilmir, özünü saxlamaq qabiliyyətində deyil. Oğlu öz hərəkətlərini dərk edə bilmədiyi üçün o, məcburdur ki, heç yerdə işləməyərək ona qulluq etsin, daim nəzarətdə saxlasın. Oğlu uşaqlıqdan 1-ci qrup əlildir və əlilliyə görə də təqaüd alır. Onun aldığı təqaüd onu saxlamaq üçün çox azdır. Ona baxmaq üçün onun yüksək qazanc yeri olmadığı üçün və ona heç yerdən kömək olmadığından saxlamaqda çətinlik çəkir. Əgər oğlu məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilərsə, bu zaman o, onun üzərində qəyyum təyin oluna bilər. Əgər qəyyum təyin olunarsa, ona qəyyum kimi veriləcək yardım onu saxlamaqda maddi cəhətdən bir az da olsa kömək olacaq.

b) Maraqlı şəxsin ərizəyə etirazının dəlilləri:

4. Maraqlı şəxs ərizəyə etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

5. Məhkəmə iclasında ərizəçinin vəkili və nümayəndəsi ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi.

6. Maraqlı şəxs Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

7. Maddə 28.8 Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

8. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

9. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

10. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

11. Maddə 317.2 Məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər.

İşə baxan məhkəmənin mövqeyi:

12. Məhkəmə iş üzrə ərizəçinin vəkili və nümayəndəsininizahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir.

13. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi TSEK tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş arayışa əsasən X4 birinci qrup əlildir, əlillik müddətsiz müəyyən edilib, ona təyin edilən diaqnoz belədir: başqa rubrikalarda təsnif edilən, digər dəqiqlşdirilmiş xəstəliklər zamanı demensiya, baş beyinin üzvü xəstəliyi nəticəsində ağıl zəifliyi. Nitq və dayaq-hərəkət aparatının pozuntusu”.

14. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X1 xx.xx.2023-cü il tarixli rəyinə əsasən X3 baş beyinin üzvi xəstəliyi nəticəsində ağıl zəifliyi, nitq və dayaq-hərəkət aparatının pozuntusu ilə kənar şəxslərin himayəsinə ehtiyacının olması qərara alınmışdır.

15. Həmçinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 xx.xx.2023-cü il tarixli, 5090 saylı rəyində ekspert o qənaətə gəlmişdir ki, xx.xx.2005-cü il təvəllüdlü X4 ağır dərəcəli əqli gerilik formasında kəmağıllılıq müəyyən, X4 ağır dərəcəli əqli gerilik ilə əlaqədar öz hərəkətlərinin mənasını anlamaq və onları idarə etmək iqtidarında deyil. X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas vardır.

16. Qeyd edilənlərdən də göründüyü kimi, X4 əqli, ruhi və psixi cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə, tibbi sənədlərlə, iş üzrə təyin edilmiş məhkəmə-psixiatriya ekspertizasının rəyi ilə, habelə işin digər halları ilə tam sübuta yetirilir. Buna görə də, məhkəmə hesab edir ki, X4 əqli, ruhi və psixi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək X4 fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir.

17. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, ərizəçi X2 anası olduğundan, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair iddia qaldırmaqda haqlıdır.

18. Qeyd olunanlara əsasən, məhkəmə iş üzrə tədqiq olunan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2005-cü il təvəllüdlü X4 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında olmadığından, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir.

19. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 317-321 və 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,

QƏTETDİ:

Ərizə təmin edilsin. xx.xx.2005-cü il tarixdə Bakı şəhərində doğulmuş X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi təqdim verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar