Məhkəmə qərarları › İş №2(011)-3649/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3649/2024

23.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3649/2024 23.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən iddiaçıya məxsus olan ünvan 1 ünvanına dair qaz sərfıyyatına görə tərtib edilmiş 23 aprel 2023-cü il tarixli, ******* nömrəli aktın etibarsız hesab edilməsi və həmin akt əsasında yaşayış evinə dair abonent hesabına əsassız yazılmış 3.110,40 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, təxminən 2023-cü ilin aprel ayında iddiaçının evinə aid olan, evdən kənarda küçədə quraşdırılmış qaz sayğacı Cavabdeh İB-nin işçiləri tərəfindən çıxarılıb aparılmış, yerində təzə sayğac quraşdırılmışdır. Köhnə qaz sayğacı çıxarılan zaman cavabdehin işçiləri “guya köhnə sayğacın təzə sayğacla əvəz edilməsi barədə” akt tərtib edəcəklərini bəhanə edərək həyat yoldaşına hansısa boş blanka imza çəkdirmək istəmişlər, lakin həyat yoldaşı boş blanka imza çəkməkdən imtina etmişdir. Həmçinin, köhnə sayğac çıxarılarkən sayğaca hər hansı müdaxilə olunması aşkar edilməmiş, bu barədə ərinə heç bir irad bildirilməmişdir. Bir neçə ay əvvəl iddiaçı qaz sərfıyyatına görə kartla pul ödəmiş, bir neçə gün keçməmiş görmüşdür ki, qaz qurtarıb. Bu qaydada müxtəlif vaxtlarda iddiaçı bir neçə dəfə kartla pul ödəyərək görmüşdür ki, nəsə qaz tez qurtarır. Tanışlardan, qaz işçilərindən maraqlanmış, demişlər ki, yəqin qaza görə borcunuz var, ona görə də 2023-cü ilin oktyabr ayında iddiaçı qaza görə 75 manat, noyabr 2023-də ayında 35 manat, dekabr 2023-də ayında 97.50 manat, 2024-cü ilin yanvar ayında 125 manat, 2024-cü ilin fevral ayında 85 manat ödəmiş, lakin görmüşdür ki, heç bir xeyri yoxdur, qısa müddətdə qaz qurtarır, qaz sərfıyyatına görə ödədiyi məbləğlər kart hesabından əsassız olaraq silinir. Vəziyyəti belə görüb 2024-cü ilin fevral ayında iddiaçı qaz sərfıyyatına görə ödədiyi pulların hansı səbəbdən tez zamanda silindiyini, evinə gələn qazın nədən tez qurtarmasını araşdırmaq üçün Binəqədi Qaz İdarəsinə getmiş, oradan iddiaçıya 23 aprel 2023-cü il tarixli aktın surətini, “Dəymiş ziyanın bərpasına dair Tələbnamə”nin surətini və qaz sərfıyyatı barədə abonent saldosundan çıxarışını vermişlər. Həmin 23 aprel 2023-cü il tarixli aktın surətindən və “Dəymiş ziyanın bərpasına dair Tələbnamə”nin surətindən məlum olmuşdur ki, guya 23 aprel 2023-cü il tarixdə küçədə quraşdırılmış iddiaçının evinə aid olan köhnə qaz sayğacı cavabdehin işçiləri tərəfindən çıxarılıb aparıldıqdan xeyli vaxt sonra, laboratoriyada iddiaçının xəbəri, iştirakı olmadan sayğaca baxış keçirilmiş, guya “sayğaca baxış keçirilən zaman sayğacın membranının çıxış plasmats borusunun kənar təsir nəticəsində deşildiyi aşkar edilmişdir”. Ona görə də 23 aprel 2023-cü il tarixli akt tərtib edilmişdir. Sonra da həmin akt əsasında iddiaçıya 3.110,40 manat məbləğində əsassız borc yazılmışdır. Hesab edir ki, cavabdehin tərtib etdiyi 23 aprel 2023-cü il tarixli həmin akt, həmin akt əsasında tərtib edilmiş “Dəymiş ziyanın bərpasına dair Tələbnamə” hamısı əsassızdır, iddiaçının xəbəri, iştirakı olmadan birtərəfli qaydada tərtib edilmişdir, məqsəd iddiaçıdan əsassız yerə pul qopartmaqdır. Sual meydana çıxır nə üçün iddiaçının evinə aid olan küçədə quraşdırılmış, 23 aprel 2023-cü ildə cavabdehin işçiləri tərəfindən çıxarılıb aparılmış həmin köhnə qaz sayğacına laboratoriyada baxış keçirilən zaman nə üçün iddiaçını dəvət etməyiblər, nə üçün iddiaçının iştirakı ilə sayğaca baxış keçirməyiblər? Cavabdeh İstehsalat Birliynin 23 aprel 2023-cü il tarixli, ******* nömrəli aktı etibarsız hesab edilməlidir və iddiaçının xəbəri və iştirakı olmadan tərtib edilmiş həmin akt əsasında iddiaçının abonent hesabına yazılmış 3.110,40 manat məbləğində əsassız borc iddiaçının abonent hesabından silinməlidir. Sadalananlardan aydın olur ki, cavabdehin işçiləri vəzifə səlahiyyətlərindən sui-istifadə edərək yaşadığı evdən kənarda küçədə quraşdırılmış qaz sayğacını çıxardıb aparmış, qaz sayğacını iddiaçının xəbəri, iştirakı olmadan birtərəfli yoxlamış, iddiaçının iştirakı olmadan əsassız olaraq guya iddiaçının çoxlu qaz sərfiyyat etməyi barədə birtərəfli akt tərtib etmişlər, sonra da 23 aprel 2023-cü il tarixli akt əsasında birtərəfli qaydada iddiaçıya 3.110,40 manat məbləğində əsassız borc yazmışlar. Buradan açıq-aşkar görünür ki, cavabdehin əməkdaşları qanunsuzluğa yol vermişlər, çünki belə olmasa idi, evin qaz sayğacına iddiaçının xəbəri, iştirakı olmadan baxış keçirməzdilər. Göründüyü kimi iddiaçının istehlakçı hüquqları pozulub, nəticədə iddiaçıya 3.110,40 manat məbləğində əsassız borc yazılıb. Cavabdehin bu kimi qanunsuz hərəkətləri iddiaçıya çox pis təsir etmişdir, onların qanuna zidd hərəkətləri nəticəsində iddiaçının istehlakçı hüquqları pozulduğundan iddiaçı ağır sarsıntılar-iztirablar keçirmiş, sağlamlığına, işgüzar nüfuzuna ağır zərər yetirilmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, mülki iş üzrə Cavabdeh İB tərəfindən əsassız olaraq tələb edilən 3.110,40 manat cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və ərizənin məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac xarab olduğu üçün yenisi ilə əvəzlənmişdir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 23 aprel 2023-cü il tarixli ******* saylı aktdan görünür ki, sayğacın membranının çıxış plastmas borusunun kənar təsir nəticəsində deşildiyi müəyyən edilmişdir. Cavabdeh tərəfindən iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə 3.110,40 manat borc tələb edilmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, 2023-cü ilin aprel ayına abonentin 3.110,40 manat borcu mövcuddur. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu: 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, sayğacın yararsız hala düşməsində iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna hesablanmış 3.110,40 manat borcun silinməsi barədə iddia tələbi təmin edilməlidir. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən belə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı **********00000 saylı abunə koduna hesablanmış 3.110,40 manat məbləğində cərimə borcu silinməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi tam təmin edildiyindən, iddiaçı da istehlakçı olaraq dövlət rüsumu ödəməkdən azad edildiyindən cavabdehdən 51.10 manat məbləğində rüsum tutulub dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı **********00000 saylı abunə koduna hesablanmış 3.110,40 (üç min yüz on manat qırx qəpik) manat məbləğində cərimə borcu silinsin. Cavabdehndən 51.10 (əlli bir manat ob qəpik) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar