Məhkəmə qərarları › İş №2(011)-3653/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3653/2025

11.06.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3653/2025 11.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən əsassız hesablanmış 2592.00 manat məbləğin abonentin hesab kodundan silinməsinə və əsassız borca görə tutulmuş 10.50 manat məbləğin İddiaçı qaytarılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, İddiaçı ünvan 1 ünvanında yaşayır, xx.xx.2018-ci ildə Cavabdeh İB tərəfindən ünvan 1 ünvanına İddiaçı iştirakı ilə küçədə SMART G-4 İTRON GALLUS PAY tipli, ********** № li sayğac quraşdırılmış, plomb vurulmuş və həmin ünvana **********00089 No li kod verilmiş,"Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında" AKT tərtib edilməmiş və abonent ilə cavabdeh <<Azəriqaz» İB arasında «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə» müqavilə bağlanmamışdır. xx.xx.2024-cü ildə abonentin iştirakı olmadan, Cavabdeh İB tərəfindən ünvan 1 ünvanında quraşdırılmış sayğaca abonentin və ya ailə üzvlərinin və ya qonşuların iştirakı olmadan baxış keçirərkən GUYA sayğacdan kənar təbii qaz xətti aşkar edilmiş, foto-video çəkilmiş, kənar qaz xəttinin hansı ünvana aid olmasına dair foto-şəkillər çəkilməmiş, sayğacdan kənar əlavə qaz xətti ləğv edilmiş və qeyd olunan faktla bağlı 21600 m3 itirilmiş qazın dəyərinin hesablanmasına dair Bakı Regional Qazın Satışı Departamentinin nümayəndələri - Hüseynli Fuad və Məmmədov Rauf tərəfindən xx.xx.2024-cü ildə ******* No li AKT tərtib edilmiş, abonentin evdə olduğunu bilə-bilə qəsdən heç kim dəvət olunmamış və həmin AKT heç kimə təqdim edilməmişdir. Məhkəməyə təqdim edilmiş AKT birtərəfli qaydada tərtib olunmuş və heç kim həmin AKTı imzalamamışdır. Abonent tərəfindən və ya onun ailə üzvləri tərəfindən imzalanmamış həmin AKT əhəmiyyətli sübut sayılmır və əhəmiyyətli sübut sayılmadığı təqdirdə iddia tələbi təmin edilməlidir. xx.xx.2025-ci il tarixli gasrepdən məlum olur ki, abonent 2018-ci ildən xx.xx.2025-ci ilə qədər təbii qazdan istifadə etmiş və sərfiyyata uyğun, 7542 m3 qaz sərfinə görə 830.92 manat ödəniş etmişdir. Qeyri-qanuni hesablanmış borca görə 10.50 manat tutulma olmuşdur. xx.xx.2025-ci il tarixdə abonentə təqdim olumuş saldoda AKT və borc barədə heç bir malimat qeyd olunmamışdır. Sonda İddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Pərviz Əliyev bildirmişdir ki, iddiaçıya məxsus ünvanda yerləşən qaz sayğacına baxış keçirilərkən, abonentin təbii qazdan sayğacdan kənar istifadə etdiyi məlum olmuş, onun barəsində xx.xx.2023-cü il tarixli, ******* və xx.xx.2024-ci il tarixli ******* saylı aktlar tərtib edilmişdir, lakin texniki səhv nəticəsində həmin aktlar əsasında hesablanmış 2592 AZN dəymiş ziyan başqa şəxsin hesabına yazılmış, sonradan həmin məbləğ iddiaçının hesabına köçürülmüşdür və hazırda ondan tələb edilən borc aktlar əsasında, onun sayğacdan kənar istifadəsi nəticəsində yazılmış borclardır, Gasrep sənədindən də həmin borcun yazıldığını görmək mümkündür. X5 iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2024-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, aktda “abonent təbii qazdan sayğacdan kənar qeyri-qanuni istiafə edir” barədə nöqsan qeyd edilmiş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2024-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, istehlakçı İddiaçı məxsus abonent koduna (**********00089) itirilmiş qazın bərpası üzrə 21600 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli abonent saldosundan görünür ki, X1 Sabunçu rayonu, Maştağa qəsəbəsi, İ.Həsənəov ünvanında yerləşən fərdi yaşayış evinin abonent koduna 11/2023-cü il üçün 2073,60 manat, 01/2024-cü il tarixi üçün 518,40 manat borc hesablanmışdır. İş materiallarında olan Müraciətdən görünür ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İ.Həsənov (Xanlar) küçəsində yaşayan X2 məxsus (**********00201) fərdi evə yazılmış xx.xx.2023-cü il tarixli, ******* nömrəli və xx.xx.2024-ci il tarixli ******* nömrəli “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt texniki səhv nəticəsində qeyd olunan istehlakçı hesabına daxil edilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, akt Sabunçu rayonu, Maştağa qəsəbəsində yaşayan (**********00089) İddiaçı evinə yazılmalıdır. Beləliklə qeyd olunan xx.xx.2023-cü il tarixli, ******* və xx.xx.2024-ci il tarixli ******* saylı aktlar əsasında hesablanmış 2592 AZN dəymiş ziyanın X1 hesabından (**********00201) silinərək, İddiaçı hesabına (**********00089) yazılması məqsədi ilə aidiyyəti üzrə göstəriş verilməsi xahiş edilmişdir. İş materiallarında olan Gasrepdən görünür ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Bina 3, məzil 0089 ünvanı üzrə **********00089 saylı abonent kodu İddiaçı məxsus olmaqla, cari borcu 2581,5 manat təşkil edir, onun hesabına 07/2024 tarixində 2592 manat borc yazılmış, borca görə 10,5 manat tutulma olmuşdur. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış **********00089 abonent kodlu qaz sayğacı İddiaçı adınadır, o həmin ünvanda yaşayır və təbii qazdan qaz sayğacı vasitəsilə istifadə edir, onun yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğaca baxış keçirilən zaman təbii qazdan sayğacdan kənar istifadə əsasları ilə akt tərtib olunmuş, lakin texniki səhv nəticəsində xx.xx.2023-cü il tarixli, ******* və xx.xx.2024-ci il tarixli ******* saylı aktlar əsasında hesablanmış 11/2023-cü il üçün 2073,60 manat, 01/2024-cü il tarixi üçün 518,40 manat borc digər abonentin hesabına yazılmış, sonradan iddiaçının **********00089 saylı abonent hesabına manat borc yazılmışdır, həmin məbləğdən 10,5 manat borca görə tutulmuşdur, hazırda iddiaçının cari borcu 2581,5 manat təşkil edir və həmin borc məbləği iddiaçıdan tələb edilir, iddiaçı əsassız yazılmış borc məbləğinin silinməsi və tutulmuş məbləğin qaytarılmasını tələb edir. Bununla belə, iddiaçı tərəfindən təbii qaz sayğacına müdaxilə olunması, sayğacda yaranmış nasazlıqla bağlı onun təqsirini sübut edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə qeyd edir ki, əvvəla, iddiaçıya məxsus mənzildə quraşdırılan sayğaca baxış keçirilən zaman sayğaca müdaxilə edilməsi əsası ilə akt tərtib edilsə də, AKT əsasında “Qalıq və aktlar” qrafasında 11/2023-cü il üçün 2073,60 manat, 01/2024-cü il tarixi üçün 518,40 manat hesablanmaqla, sonrada 07/2024 tarixində iddiaçının hesabına borc kimi yazılmış 2592 manat məbləğ ilə bağlı iddiaçı tərəfindən sayğaca müdaxilə olunmasına dair hallar, sayğacda yaranmış nasazlıqla bağlı iddiaçının təqsirini sübut edən hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir, ikincisi, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni Cavabdeh İB daşıyır, üçüncüsü, qanunvericiliyə uyğun olaraq, istehlakçının qazın talanmasında təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyətinə malik olan orqan (qurum), cinayət təqibi orqanı və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb edə bilər. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçının abonent koduna hesablanmış 2581,5 manat borc silinməli, borca görə tutulmuş 10,5 manat geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 13-cü maddəsinin 8-1-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Həmin Qanunun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından və iddiaçının sayğaca müdaxilə etməsi halı müəyyən edilmədiyindən iddia tələbi təmin edilməli, cavabdeh tərəfindən itirilmiş qazın bərpası məqsədilə iddiaçının **********00089 saylı abonent koduna hesablanmış 2581,5 manat məbləğində borc pul silinməli, 10,5 manat geri qaytarılmalıdır. Məhkəmə, dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan, hazırki iddia təmin edildiyindən, dövlət rüsumu cavabdehə aid edilməli, iddianın qiyməti (2592 manat) nəzərə alınmaqla cavabdehdən dövlət mədaxilinə 45,92 manat məbləğində dövlət rüsumu alınmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı **********00089 saylı abonent koduna hesablanmış 2581 (iki min beş yüz səksən bir) manat 50 (əlli) qəpik məbləğində borc silinsin. İddiaçı **********00089 saylı abonent kodu üzrə ödənilmiş 10 (on) manat 50 (əlli) qəpik məbləğində pul vəsaiti geri qaytarılsın. Cavabdehndən 45 (qırx beş) manat 92 (doxsan iki) qəpik dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar