Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3654/2025 29.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı və nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən əsassız hesablanmış 220 manat məbləğin iddiaçının hesab kodundan silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ailə üzvüləri ilə birlikdə ünvan 1 ünvana dair onun adına olan abonent kodu **********21350 olan sayğacla bağlı Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixli bildirişə əsasən ona 219.73 manat borc göstərilmişdir, lakin cavabdeh qurumun əməkdaşlarının bildirdiyinə görə onun 300 manat məbləğində borcu yaranmışdır. Hesablanmış borcun əsassız və qanunsuz olduğunu hesab edir, beləki, abonentin saldosundan görünür ki, yanvar ayı üçün sayğac göstəricisi 11,121 kubmetr, sərfiyyat 133 kubmetr olmuş, lakin quraşdırılmış qaz sayğacına əsasən isə yanvar ayı üçün sayğac göstəricisi 12,020 kubmetr olmuşdur. Belə ki, sayğacın 21 yanvar 2025-ci il tarixində olan göstəricisi 12,020 kubmetr olduğu halda 05 mart 2025-ci il tarixdə təqdim olunmuş qəbzdə son göstərici 12,543 kubmetr kimi qeyd edilmişdir. Onda olan qəbzlər, bildirişlər, sayğacda göstərilmiş sərfiyyat tamamilə fərqli göstərilmişdir. Bu uyğunsuzluq faktiki göstəricilərlə rəsmi hesabat arasında fərq olduğunu və ona real istifadədən artıq qaz sərfiyyatı və borc yazıldığını göstərir, həmçinin qaz istismar idarəsindən ödənişin məbləğinə dair hər ay ona təqdim olunmalı olan bildiriş ona verilməsə də, o, yenə ödənişləri hər ay vaxtlı-vaxtında etmişdir, əsassız borcun silinməsi üçün Cavabdeh İstehsalat Birrliyinə müraciət etsə də heç bir müsbət nəticə əldə edilməmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı və nümayəndəsi X2 iddia ərizəsini müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan: Kommunal xidmət haqqının ödənilməsinə dair qəbzlərin surətindən görünür ki, İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə 5 manat, xx.xx.2024-cü il tarixdə 20 manat, xx.xx.2025-ci il tarixdə 24 manat, xx.xx.2025-ci il tarixdə 20 manat ödəniş edilmişdir. Sayğacın fotoşəklindən görünür ki, 12528161 nömrəli sayğacın göstərici 12020 kubmetrdir. Cavabdeh İB-nin bildirişindən görünür ki, **********21350 saylı abonent kodu üzrə son göstərici 10988 m3, ödəniləcək məbləğ 35,65 manat qeyd edilmişdir. Cavabdeh İB-nin xx.xx.2025-ci il tarixli bildirişindən görünür ki **********21350 saylı abonent kodu üzrə son göstərici 12543 m3, əvvəlki göstərici 11121 m3, sərfiyyat 1422 m3, ödəniləcək məbləğ 219,73 manat qeyd edilmişdir. Cavabdeh İB-nin xx.xx.2025-ci il tarixli bildirişindən görünür ki **********21350 saylı abonent kodu üzrə son göstərici 13001 m3, əvvəlki göstərici 12543 m3, sərfiyyat 458 m3, ödəniləcək məbləğ 320,49 manat qeyd edilmişdir. Abonentin saldosundan görünür ki, 2024-cü il dekabr ayının göstəricisi 10988 m3, 2025-ci il yanvar ayının göstəricisi 11121 m3, fevral ayının göstəricisi 12543 m3 olmuş, 2025-ci ilin yanvar ayında sərfiyyat 133 m3, fevral ayında 1422 m3 olmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: 5.1. Qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. 5.3. İstifadə olunan qazın dəyəri yalnız bank və ya poçt şöbələri vasitəsilə ödənilir. 5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mövqeyi: İddiaçı təqdim edilmiş sayğacın fotoşəklinə, bildirişlərə və abonent saldosuna əsaslanmaqla, Cavabdeh İB tərəfindən təbii qazdan istifadəyə görə hesablanmış borcun əsassız olduğunu iddia edir. İş materiallarında olan ödəniş qəbzləri, Cavabdeh İB-nin bildirişləri və abonent saldosundan görünür ki, qazın sərfi, sərfin məbləği, ödənişlər və hər ay üzrə sayğacın göstəriciləri arasında ziddiyyət mövcud deyil. Təbii qazdan istifadəyə görə borcun hesablanması zamanı hansı tarixdə və şəraitdə çəkilməsi qeyri-müəyyən olan sayğacın fotoşəkli deyil, məhz qeyd edilən göstəricilər əsas götürülməlidir. Ödəniş qəbzlərinə uyğun ödənişlər və bildirişlərə uyğun ayın sonuna borc məbləğləri abonent saldosunda əks olunmuş və həmin göstəricilərə uyğun sərfiyyat borcu hesablanmışdır. İddiaçıdan yalnız istehlak etdiyi qaza əsasən hesablanmış borc tələb edilmişdir. Bu səbəbdən də hesablanmış borcun silinməsi üçün əsas yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Leyla Şövkətli-Mənsimli.
Məhkəmə qərarları › İş №2(011)-3654/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3654/2025
29.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver