Məhkəmə qərarları › İş №2(011)-3667/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3667/2021

07.05.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3667/2021 07.05.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona qanunsuz olaraq itirilmiş qaz sərfiyyatına görə əsassız olaraq hesablanmış 5983,70 manatın silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 07.05.2021-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili S.Abdullazadə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh tərəfindən İddiaçı məxsus **********00220 saylı abonent koduna əsassız hesablanmış 5840 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili S.S.Abdullazadə iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, İddiaçı hal hazırda ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır, 30.12.2020-ci il tarixdə AZƏRİQAZ İB nümayəndələri tərəfindən ******* saylı akt tərtib edilmiş və akta əsasən abonent təbii qazdan qeyri- qanuni istifadə etməsi ilə əlaqədar qeyd aparılmışdır, həmin hesablaşma əsasında iddiaçının abonent koduna 6163,3 manat borc hesablanmışdır, cavabdeh tərəfindən iddiaçının ödənişlərindən qismən tutulmuşdur, hazırda onun hesabında 5840 manat qalır ki, həmin məbləğ də qanunsuz hesablandığından silinməlidir, iddiaçı tərəfindən sayğaca hər-hansı kənar müdaxilə edilməmişdir. Sonda S.S.Abdullazadə iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi N.V.Vəliyev iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçının yaşadığı ünvanda Cavabdeh İB-nin əməkdaşları tərəfindən sayğac yenisi ilə əvəz edilmiş, sayğaca baxış keçirilərkən təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməsi qüsuru aşkarlanmış və akt tərtib olunmuş, bununla bağlı itirilmiş qaz sərfiyyatı ilə bağlı müxtəlif tarixlərdə yaranmış borclar hesablanaraq ümumilikdə 6163,30 manat məbləğində borcu İddiaçı abonent koduna hesablanmış və həmin məbləğ də ondan tələb edilir. Sonda N.V.Vəliyev iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30.12.2020-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, abonentin sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etməsi nöqsanı və dəymiş ziyanın hesablanması və ödənilməsi tələbi barədə qeyd aparılmışdır. İş materiallarında olan Cavabdeh İB-nin 30.12.2020-ci il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, qanunsuz istifadə olunmuş qazın dəyərinin hesablanması qaydalarının tələblərinə uyğun aparılmış hesabata əsasən **********00220 saylı abonent kodu üzrə sayğacdan itirilmiş qaz sərfiyyatının bərpası üzrə 26568 metr3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır. İş materiallarında olan 08.01.2021-ci il tarixli Abonent saldosundan görünür ki, saldonun “qalıq və aktlar” bölməsinə 07/2010-cu il tarixindən 02/2021-ci il tarixinə qədər ümumilikdə 6163,30 manat borc daxil edilmişdir. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğaca baxış keçirilən zaman abonentin təbii qazdan qeyri-qanuni istifadə etməsi barədə akt tərtib edilmişdir, həmin akt əsasında aparılmış hesabat üzrə itirilmiş qazın bərpası məqsədilə 6163,30 manat borc hesablanaraq iddiaçının abonent hesabına yazılmış və həmin məbləğ də ondan tələb edilir. Bununla bərabər, iddiaçının sayğaca müdaxilə etməsi və onun ünvanı üzrə təbii qazdan qeyri-qanuni istifadə etməsi halları məhkəmə tərəfindən müəyyən edilmədi. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə iddia tələbinə münasibətdə qeyd edir ki, aktar əsasında hesablanmış borc məbləği 6163,30 manat olsa da, iddiaçı ondan daha az olan 5840 manat miqdarda pulun silinməsi barədə iddia tələbi irəli sürdüyündən, məhkəmə irəli sürülmüş iddia tələbi həddində məsələyə qiymət verməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, həmçinin sayğaca müdaxilədə iddiaçının təqsiri və iddiaçının təbii qazdan qeyri-qanuni istifadəsi halları məhkəmə tərəfindən müəyyən edilmədiyindən, iddia tələbi təmin edilməli, borc kimi hesablanmış 6163, 30 manat məbləğdən 5840 manat borc silinməlidir. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qiyməti 500 manatdan artıq olduğundan, cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı **********00220 saylı abonent koduna Cavabdeh tərəfindən itirilmiş qazın bərpası üzrə hesablanmış 5840 (beş min səkkiz yüz qırx) manat məbləğində borc silinsin. . Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar