Məhkəmə qərarları › İş №2(011)-3670/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-3670/2023

04.07.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-3670/2023 04.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynli Mehriban Qalib qızının katibliyi, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh1 və Bakı şəhəri 40 saylı Dövlət Notariat Kontoruna qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Bakı şəhəri 40 saylı Dövlət Notariat Kontoruna qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. xx.xx.2023-cü il tarixdə İddiaçı Bakı şəhəri 16 saylı Notariat ofisində ərizə yazaraq qeyd etmişdir ki, onu Cavabdeh1 arasında heç bir mübahisə yoxdur və ona görə də iddiadan imtina edir. Məhkəmədən iddiadan imtinanın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil öz izahatında qeyd etmişdir ki, iddia tələbini qəbul etmir, iddia tələbləri heç bir həqiqəti əks etdirmir. Cavabdeh1 ilə atasının münasibətləri yaxşıdır, cavabdehin atası anasını bu cür iddia tələbi irəli sürməyə vadar edir. İddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikası Konstitusiya Qanunu: 1.0.10. qanunun analogiyası – konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarının tətbiq edilməsi; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): 114.1. ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa. 114.2. bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. 170.1 bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.3. bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən, “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarında dəyişikliklər edilmiş və aşağıdakı redaksiyada verilmişdir: “Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.” İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə ərizəni, mülki işin sənədlərini araşdırıb hesab edir ki, iddiaçının hazırki iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, mülki iş materiallarına əlavə edilmiş iddiaçı tərəfindən verilmiş ərizəyə əsasən müəyyən olunur ki, iddiaçı iddiadan imtina etmişdir. Lakin iddiaçının məhkəmə iclaslarında iştirak etməməsi onun iddiaya münasibətini aydınlaşdırmağa, iddiadan imtinanın könüllü iradəsinin ifadə forması oldğunu müəyyən etməyə, iddiadan imtinanın hüquqi nəticələrini izah etməyə mane olduğundan, məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, MPM-nin 191.2-ci maddəsinin tələbinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini təsdiq edənə qədər ona müvafiq prosessual hərəkətlərin nəticələrini izah etməlidir. Lakin iddiaçının hazırlıq iclasında özünün və ya nümayəndəsinin iştirak etməməsi səbəbindən məhkəmə mülki prosessual qanunvericiliyin tələblərini yerinə yetirə bilmir. Bu səbəbdən də məhəkəmə iddiaçının ərizəsinə hazırlıq iclasından geri qaytarma ərizəsi kimi hüquqi qiymət verir. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Qeyd edilənlərə əsasən, qanunun analogiyası tətbiq edilərək hazırlıq iclasından iddiaçının vəsatətinə əsasən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçının ərizəsi geri qaytarıldığından İddiaçı tərəfindən dövlət büdcəsinə Hökumət ödəniş portalı vasitəsilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hesabına xx.xx.2023-cü il tarixdə ödənilmiş ********** qəbz nömrəli 100 manat dövlət rüsumu geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 170.1, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh1 və Bakı şəhəri 40 saylı Dövlət Notariat Kontoruna qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən dövlət büdcəsinə Hökumət ödəniş portalı vasitəsilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hesabına xx.xx.2023-cü il tarixdə ödənilmiş ********** qəbz nömrəli 100 manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardadın rüsumun qaytarılması hissəsində icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyi Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər. Sədrlik edən Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar