Məhkəmə qərarları › İş №2(011)-3672/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3672/2023

03.08.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3672/2023 03.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Şirinova Aygül Mahir qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. ünvan 1 ünvanında yerləşən 51 saylı mənzil (Bundan sonra – Mənzil) xx.xx.1996-cı il tarixdən iddiaçının əri və cavabdehin atası Səyyad Həsənova məxsus olmuş, sonradan xx.xx.2007-ci il tarixdə vərəsəlik qaydasında cavabdehin mülkiyyətinə keçmişdir.

2. 06.09.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Mənzil cavabdeh tərəfindən iddiaçıya bağışlanmış və Mənzilə dair mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə dövlət qeydiyyatına alınmaqla (qeydiyyat nöməsi: **********) bu barədə ona Çıxarış verilmişdir.

3. Cavabdeh iddiaçının oğludur, hal-hazırda cavabdeh və yetkinlik yaşına çatmayan övladları – X3 və X4 mübahisəli mənzildə qeydiyyatdadırlar.

İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri

4. İddiaçı cavabdehin Mənzildən istifadə hüquqlarına 8000 manat kompensasiya ödənilməklə xitam verilməsi və evdən çıxarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddiaçı sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehə yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdülü X3 və xx.xx.2009-cu il təvəllüdlü X4 ilə birlikdə 10.000 manat kompensasiya verilməklə Mənzildən istifadə hüququna xitam verilməsi və onların Mənzildən əşyaları ilə birlikdə çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı son olaraq məhkəməyə təqdim etdiyi iddia tələbinin həcminin artırılması barədə ərizəsində cavabdehin yetkinlik yaşına çatmayan övladları ilə birlikdə 12 000 manat kompensasiya ödənilməklə Mənzildən istifadə hüquqlarına xitam verilməsi və mənzildən əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı iddia ərizəsində və iddia tələbinin həcminin artırılması barədə ərizədə qeyd etmişdir ki, Mənzil xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Lakin bu hüquqlarını tam mənada realizə edə bilmir. Faktiki olaraq özünə məxsus evə daxil ola bilmir və bu onun mülkiyyət hüquqlarını kobud şəkildə pozur. Cavabdeh onun mülkiyyətində qeydiyyatda olmaqla və uzun müddət yaşamaqla, evin yaşayış sahəsindən istifadə hüquqları vardır. Cavabdehlə yanaşı Mənzildə onun yetkinlik yaşına çatmayan övladları da yaşamaqdadırlar.

b. Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

8. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, onun boşandığını, iki azyaşlı uşaqlarının olmasını və başqa yaşayış yerinin olmamasının nəzərə alınmasını məhkəmədən xahiş etmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

9. İddiaçı məhkəmə baxışı zamanı iddiasını müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi.

10. Cavabdeh məhkəmə baxışı zamanı iddia ərizəsinə etiraz edərək bildirdi ki, Mənzil əvvəl atasının olub, 14 il isə onun mülkiyyətində olub. Onun gəncliyi o Mənzildə keçib, övladları da həmin Mənzildə yaşayıblar. İddiaçının təklif etdiyi kompensasiya məbləği ilə razı deyil, 40 000 manat məbləğində kompensasiyanın verilməsi onu qane edir.

Mülki işə tətbiq edilən hüquq:

2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:

11. Maddə 53 1-ci hissə. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər.

12. Maddə 53 3-cü hissə. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri) onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.

13. Maddə 60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır.

14. Maddə 87, 2-ci hissə. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

15. Maddə 123, 1-ci hissə. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

16. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

17. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

19. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşə baxan məhkəmənin mövqeyi:

20. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır.

21. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.

22. İddianın əsasını kompensasiya ödənilməklə cavabdehin Mənzilə dair istifadə hüququna xitam verilməsi təşkil edir. Məhkəmə qeyd edir ki, birinci növbədə məhkəmə tərəfindən cavabdehin Mənzildən istifadə hüququnun yaranması müəyyənləşdirilməlidir.

23. Məhkəmə hesab edir ki, bu mərhələdə AR MPM-nin 217.2-ci maddəsinin tələbinə uyğun olaraq, tərəflər arasındakı yaranmış mübahisəyə tətbiq edilməli olan hüquq norması tapılmalıdır. Belə ki, işin yuxarıda qeyd edilən hallarından da göründüyü kimi, mübahisəli Mənzil xx.xx.1996-cı il tarixdə order əsasında cavabdehin atası Səyyad Həsənovun sahibliyində olmuş və övladı olan cavabdeh də daimi qeydiyyata alınmaqla, orada yaşamışdır. Buna görə də məhkəmə hesab edir ki, mübahisəyə 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Həmin Məcəllənin 53-cü maddəsində icarədarın ailə üzvü hesab olunan şəxslərin əhatə dairəsi göstərilmişdir, qeyd edilən müddəadan da gpründüyü kimi cavabdeh Səyyad Hüseynovun ailə üzvü olmaqla onun Mənzildən istifadə hüququ yaranmışdır.

24. Məhkəmə iddiaçı tərəfindən təklif olunan kompensasiyanın məbləği ilə bağlı hesab edir ki, iddia tələbi təmin edilə bilməz.

25. Belə ki, yuxarıda da qeyd edildiyi kimi, Mənzil ilk öncə cavabdehin atasının sahibliyində olmuşdur, cavabdeh 15 yaşında valideynləri ilə birlikdə Mənzilə köçmüş və hazırki vaxta qədər də orada yaşamışdır. Cavabdehin atasının vəfatından sonra vərəsəlik işi açılmış və vərəsələrin hər biri öz payına düşən miras əmlakdan cavabdehin xeyrinə imtina etmişlər, nəticədə Mənzil xx.xx.2007-ci il tarixdə cavabdehin mülkiyyətinə keçmiş və 14 il onun mülkiyyətində qalmışdır. Sonradan xx.xx.2021-ci il tarixdə cavabdeh Mənzili iddiaçıya bağışlamışdır. Cavabdehin keçmiş arvadı və uşaqları onunla birlikdə Mənzildə qeydiyyatda olmaqla yaşamışlar.

26. Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(011)-142/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən cavabdehlə X1 arasında xx.xx.2007-ci il tarixdə Bakı şəhəri Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsində 1781 nömrəli akt qeyd ilə bağlanmış nikahın pozulması, xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X2 cavabdehin yanında saxlanılması qət edilmişdir.

27. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 09-243/23 saylı rəyindən görünür ki, qiymətləndirmə obyekti olan Mənzilin xx.xx.2023-cü il tarixə aylıq kirayə haqqı 350 manat təşkil edir.

28. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin.

29. Məhkəmə hesab edir ki, mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən yaşayış sahəsindən istifadə hüququna o, vaxt xitam verilə bilər ki, ilk növbədə təklif edilən kompensasiya məbləği real bazar qiymətlərinə uyğun olsun. Hazırki halda iddiaçı, Mənzildən istifadə hüquqlarına görə cavabdehə ümumilikdə 12 000 manat kompensasiya təklif edir. Cavabdeh isə təklif olunan kompensasiyanın məbləği ilə razılaşmır.

30. Lakin iddiaçının təklif etdiyi 12 000 manat kompensasiya məbləği kifayət qədər yetərli deyil və həmin məbləğ Mənzildən cavabdehlərin istifadə hüquqlarına xitam verilməsi üçün ağlabatan olmamaqla, işin həqiqi hallarına uyğun deyildir. Belə ki, cavabdehin himayəsində iki yekinlik yaşına çatmayan övladı var, onların biri 14 yaşında oğlan, digəri isə 13 yaşlı qızdır. Həmçinin, cavabdehin mübahisəli Mənzildən başqa yaşayış yeri yoxdur.

31. Digər bir tərəfdən, məhkəmə mütəxəssis rəyində qeyd olunmuş kirayə haqqına təxmini uyğun olaraq 15 000 manat məbləğində kompensasiya ödənilməsini iddiaçıya təklif etsə də, iddiaçı qeyd edilən məbləğdə kompensasiyanın ödənilməsinə razı olmamışdır.

32. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təklif olunan kompensasiyanın məbləği cavabdeh üçün əlverişli və ağlabatan olmadığından iddia tələbi təmin edilməməlidir.

33. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. 200 manat məbləğində Mənzilin qiymətləndirmə xərci İddiaçı tutularaq "xxxx" MMCyə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar