Məhkəmə qərarları › İş №2(011)-3677/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-3677/2024

15.03.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-3677/2024 15.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Museyib qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Museyib qızından onun xeyrinə kompensasiya tutulmaqla istifadə hüququna xitam verilməsi, əks təqdirdə həmin mübahisəli mənzildən payının müəyyən olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İş materiallarından görünür ki, iddia tələbi “kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi və mənzilə payının müəyyən edilməsi” barədədir, iddia tələbi qiymətləndirilməyən iddia olmaqla 100 manat məbləğində dövlət rüsumunun ödənilməsi nəzərdə tutulur ki, iş materiallarından İddiaçı tərəfindən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Həmçinin iş materiallarından iddiaçının dövlət rüsumunun ödənilməsindən azad olunmasını təsdiq edən hər hansı bir sənədin olması görünmür. Belə olan halda, məhkəmə hesab edir ki, dövlət rüsumunun müəyyən edilmiş qaydada və məbləğdə ödənilməsi barədə qanunvericiliyin tələblərinə riayət edilmədiyindən iddia ərizəsinin icraata qəbul edilməsi də mümkün deyil. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 150.1.2-ci maddəsinə əsasən, dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2.-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun məbləği 100 manat təşkil edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi, qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədiyindən və iddiaçının dövlət rüsumundan azad edilməsi halları məhkəmə tərəfindən müəyyən olunmadığından, ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Bununla belə məhkəmə qeyd edir ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150, 152, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Museyib qızına qarşı “onun xeyrinə qarşı kompensasiya tutulmaqla istifadə hüququna xitam verilməsi, əks təqdirdə həmin mübahisəli mənzildən payının müəyyən olunması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar