Məhkəmə qərarları › İş №2(011)-3712/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3712/2021

07.05.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3712/2021 07.05.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbi barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Neft şirkəti Cavabdeh İB tərəfindən 9720 m3 və 8856 m3 həcmində itirilmiş qaz sərfiyyatına görə ona qanunsuz olaraq hesablanmış cari 1666,10 manat məbləğində borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi S.Vurğun küçəsi 09.10.2010-cu il tarixdə Cavabdeh İB–nin nümayəndələri tərəfindən sayğac yenisi ilə əvəzlənmişdir, əvəz olunan sayğaca baxış keçirilən zaman pozuntu aşkarlanmış və akt tərbit olunmuşdur, bütün bunlardan xəbəri olmayan İddiaçı qaza pul yükləyən zaman görmüşdür ki, onun qaz kartından pul tutulur, bu barədə maraqlandıqda isə ona 886,60 manat borcunun olduğunu bildirmişlər, daha sonra 19.02.2020-ci il tarixdə qaz sayğacına baxış keçirilərkən qüsur aşkarlanmış və akt tərtib edilmiş, bu akta əsasən 8856 m3 itirilmiş qaz sərfiyyatına görə 885,60 manat, ümumilikdə isə 1857,60 manat məbləğində borc hesablanmışdır və bu məbləğdən bir hissə iddiaçıdan tutulmuşdur, hazırda onun cari hesabında 1666,10 manat qalmışdır, göründüyü kimi iddiaçının hesabına daha çox məbləğdə borc daxil edilsə də, iddiaçı ödənilmiş məbləğin deyil, ancaq hazırda qalıq borc məbləğinin silinməsini tələb edir. Sonda Vəkil iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi N.V.Vəliyev iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçının yaşadığı ünvanda Cavabdeh İB-in əməkdaşları tərəfindən sayğac yenisi ilə əvəz edilmiş, sayğaca baxış keçirilərkən qüsur aşkarlanmış və akt tərtib olunmuş, tərtib olunmuş aktda sayğacın çıxış borusundan yuxarı deşik olduğu müəyyənləşdirilmiş, ümumilikdə iki dəfə akt tərtib edilmklə bir dəfə 2018-ci ilin dekabr ayı üzrə 972 manat, 2020-ci ilin noyabr ayı üzrə isə 885,6 manat iddiaçının abonent hesabına daxil olunmuşdur, həmin mnəbləğdən qismən tutulmuş, hazırda isə iddiaçının borcu kimi 1666,10 manat qalmışdır, həmin məbləğ də iddiaçıdan haqlı olaraq tələb edilir, çünki həmin mənzil üzrə göstərilən məbləğdə təbii qazdan istifadə edilmişdir ki, bu da aktlarla tam təsdiq olunur. Sonda N.V.Vəliyev iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 10.10.2018-ci il tarixli iddiaçının “Gasrep” sənədindən görünür ki, iddiaçının hesabında (kod: **********30000) 2020-ci ilin noyabr ayı üzrə 885,6 manat, dekabr 2018-ci il üzrə isə 972 manat borc daxil edilmiş, hazırda cari borc məbləği 1666.1 manat təşkil edir. İş materiallarında olan 09.10.2018-ci il tarixli iddiaçının “Abonent saldosu”ndan (abonent kodu: **********30000) görünür ki, iddiaçının abonent hesabında qalıq və aktlar bölməsinə 2018-ci il dekabr ayıüzrə 972 manat, 2020-ci il noyabr ayıüzrə isə 885,6 manat cari borc olması göstərilmişdir. İş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 09.10.2010-cu il il tarixli ******* saylı aktdan görünür ki, iddiaçıya məxsus ünvanda “İTRON G-4” markalı 1002AQ**********8 nömrəli qaz sayğacı çıxarılaraq, yeni “İTRON G-4” markalı 1802AZ**********09 nömrəli qaz sayğacı quraşdırılmışdır. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 21.02.2020-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, aktda sayğacı deşərək rezin boru vasitəsilə sayğacdan kənar xətt çəkilməsi barədə nöqsan qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh İB-nin 28.02.2020-ci il tarixli Dəymiş ziyanın bərpasına dair Tələbnamənin surətindən görünür ki, itirilmiş qazın bərpası üzrə aparılmış hesabat üzrə 8856 m3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən edilmişdir ki, iddiaçı təbii qazdan qaz sayğacı vasitəsilə istifadə edir, onun yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac yenisi ilə əvəzləşdirilmişdir, sayğaca baxış keçirilərkən qüsur aşkarlanmış və tərtib olunmuş akta əsasən hesabat aparılmış və həmin hesabat üzrə cavabdeh tərəfindən iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə ümumilikdə 1857, 6 manat borc iddiaçının abonent hesabına daxil edilmişdir, hazırda iddiaçının cari borcu 1666,10 manat təşkil edir və həmin məbləğ ondan tələb edilir. Bununla bərabər, iddiaçının sayğaca müdaxilə etməsi halı, həmçinin sayğacdan kənar təbii qazdan istifadə etməsinə dair hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, sayğaca iddiaçı tərəfindən müdaxilə halı müəyyən edilmədiyindən, iddia tələbi təmin edilməli, cavabdeh tərəfindən iddiaçının hesabına (abonent kodu **********30000) itirilmiş qazın bərpası məqsədilə yazılmış 1666,10 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, dövlət rüsumunun kimdən alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qiyməti 500 manatdan çox olduğundan, iddia tələbi təmin edildiyindən və iddiaçı bu qəbildən olan iddia tələbləri üzrə dövlət rüsumunu ödəməkdən azad olunduğundan cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. Belə ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı ünvan 1 ünvanı üzrə **********30000 saylı abonent koduna Cavabdeh tərəfindən itirilmiş qazın bərpası üzrə hesablanmış 1666 (min altı yüz altmış altı) manat 10 (on) qəpik məbləğində borc silinsin. Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar