Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-376/2022 22.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əsassız cərimənin silinməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh tərəfindən General Şıxliniski 39B, mənzil 79 ünvanına yazılmış 472 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları ondan ibarətdir ki, iddiaçı ünvan 1 ünvanı üzrə **********B0079 saylı abonent kodu ilə qeydiyyata alınmışdır. Həmin ünvana quraşdırılmış sayğac sonuncu dəfə 07.11.2012-ci il tarixdə yenisi ilə əvəz edilmişdir. 11.05.2020-ci il tarixdə elektrik enerjisindən istifadə qaydalarının pozulması barədə 018531 saylı akt tərtib edilmiş, aktda sayğacın alt qapaq möhürünün siminin qırıldığı və mənzilə sayğac sxemindən kənar xəttin daxil olması qeyd edilmişdir. Həmçinin, “Abunə haqqında” sənəddə iddiaçının ümumilikdə 768,62 manat borcun olması əks olunmuşdur. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində qeyd etmişdir ki, cavabdeh tərəfindən yazılmış borc əsassızdır. İşsizdir, övladı var. Cavabdeh onlar evdə olmayanda cərimə yazaraq, elektrik enerjisini kəsmişdir. Pandemiya dövründə bu hal iki dəfə baş vermişdir. Aidiyyəti yerlərə məlumat versə də, güzəşt (oğlu Vətən Müharibəsində iştirak etmişdir) etməmişlər. Ona bildirmişlər ki, borcunu ödədiyi halda elektrik enerjisi bərpa edilə bilər. Hesablanmış borcun 296 manatını ödəmiş, 472 manat borcu isə hazırda qalır. İddiaçı məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianın əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Məhkəmə hesab edir ki, mübahisənin düzgün həll edilməsi üçün sayğacın işlək vəziyyətdə saxlanılmasına və sayğacın üzərində olan plombların qorunmasına görə istehlakçının, yaxud cavabdehin cavabdehlik daşımasının müəyyən edilməsi vacibdir. Belə ki, “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.1 və 7.3-cü bəndlərində qeyd edilir ki, dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. Hesablaşma uçot cihazları, o cümlədən aktiv və reaktiv enerji, aktiv və reaktiv güc elektrik sayğacları, həmçinin cəmləşdirici qurğular və avtomatlaşdırılmış uçot sistemləri “Elektrik qurğularının quraşdırılması qaydaları”na uyğun quraşdırılmalı və standartların tələblərinə cavab verməlidir. Qeyd edilən Qaydaların 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçınmın, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Yenə də, qeyd edilən Qaydaların 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvana quraşdırılan elektrik sayğacı mənzildən kənarda, yəni pilləkən meydançasında quraşdırılmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, aktda qeyd edilən pozuntunun törədilməsində iddiaçının təqsiri sübut olunmadığından, iddiaçının mənzilini elektrik enerjisi ilə təmin edilməsi üçün quraşdırılan elektrik sayğacı onun məsuliyyəti həddindən kənarda, yəni pilləkən meydançasında yerləşdiyindən, bununla da sayğacda aşkar edilmiş qüsura görə iddiaçı məsuliyyət daşımadığından cavabdehin hesabladığı borc məbləğini iddiaçıdan tələb etməsi əsassızdır. Həmçinin, təbii qazdan istifadə qaydalarının pozulması barədə aktda qeyd edilən pozuntunun da iddiaçının təqsirindən baş verməsini təsdiq edən sübutları cavabdeh məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə, həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatadək olduqda 30 manat dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti 1000 manatadək olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" ASC tətəfindən İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi, 39B saylı evin 79 saylı mənzil üzrə (abonent kodu: **********B0079) hesablanmış 472 manat məbləğində borc silinsin. 30 manat məbləğində dövlət rüsumu "xxxx" ASC-dən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №2(011)-376/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-376/2022
22.02.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver